Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-134/2021 18.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi tələbi barədə ilkin, Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddialarına dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilə “xxxx” MMC ilə bağlanmış 03 sentyabr 2019-cu il və 17 yanvar 2020-ci il tarixli proqram təminatının tədarükü üzrə xidmət müqavilələrin ləğv edilməsi, vurulmuş 4854 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında 03 sentyabr 2019-cu il və 17 yanvar 2020-ci il tarixli proqram təminatının tədarükü üzrə xidmət müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən cavabdehin mütəxəssis(lər)i tərəfindən iddiaçıya "1C" proqramı üzrə proqram təminatına dair xidmətin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq, 03 sentyabr 2019-cu il tarixdə aralarında ilk xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, xidmətin tam dəyəri, qüsurların aradan qaldırılacağı niyyəti ilə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında 17 yanvar 2020-ci il tarixli yeni xidmət müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilələrə əsasən göstərilən və göstərilməli olan xidmətlər optimallaşma ilə nəticələnməli idi. Lakin, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər lazımınca, keyfiyyətli və tam şəkildə yerinə yetirilməmişdir. Bu səbəbdən də, gözlənilən nəticə əldə olunmamış və xidmət tam yekunlaşdırılmamışdır. Nəticə etibarilə, müqavilə bağlanıldığı andan bu günədək iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməyinə və ödənişləri həyata keçirməyinə baxmayaraq, xidmətin nəticələrini cavabdehdən ala bilməmişdir. Belə ki, razılaşmaya əsasən xidmətlər mərhələli şəkildə həyata keçirilmişdir. Hər mərhələ bitdikdən sonra ortaya çıxan qüsurlar barədə "İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə çoxsaylı müraciətlər ünvanlansa da, heç bir müraciət nəzərə alınmamış, qüsurların aradan qaldırılması üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, o cümlədən xidmətin qalan hissəsi tam şəkildə yekunlaşdırılmamışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, "İddiaçı" MMC tərəfindən müqavilənin şərtlərinə riayət edilmiş və qarşı tərəfin xidmətdəki qüsurların aradan qaldırılması ilə bağlı lazımi tədbirlər görməməsinə baxmayaraq hər iki müqavilə üzrə ödəniş həyata keçirilmişdir. Aralarında bağlanmış, yuxarıda qeyd edilən Xidmət müqavilələrinin "xidmətlərin dəyəri və hesablaşma qaydası" adlı 2-ci maddəsinin şərtlərinə əsasən xidmətlərin tam dəyərinin 50%-i ilkin ödəniş formasında sifarişçi tərəfindən icraçıya ödənilməlidir. Buna əsasən də, ilkin müqavilə üzrə tam şəkildə, ikinci müqavilə üzrə isə xidmət haqqının 50%- i bank köçürməsi yolu ilə cavabdehə ödənilmişdir. Ödənişləri təsdiq edən sənədlərdən də göründüyü kimi, iddiaçı tərəfindən "Cavabdeh" MMC-yə ilkin müqavilə üzrə 1170 manat, digər müqavilə üzrə isə 1684 manat olmaqla, ümumilikdə 2854 manat məbləğində xidmət haqqı ödənilmişdir. Xidmət üzrə "İddiaçı" MMC-də olan problemlər hələ də qüvvədədir və əldə etmək niyyətində olduqları nəticələrin heç birinə hal-hazıradək nail olunmamışdır. Bundan əlavə, Cavabdeh MMC tərəfindən əsassız olaraq müqavilə üzrə öhdəliklərini pozaraq İddiaçı MMC-yə məxsus serverə daxil olmanı dayandırmış, buna görə də hazırda ondan istifadə etmək ümumiyyətlə mümkünsüz olmuşdur və nəticədə Cavabdeh MMC tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımınca və tam formada icra etməməsi və xidmətdə yaranmış qüsurları aradan qaldırmaması nəticəsində "İddiaçı" MMC-yə 2854 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, sistemin təhlükəsizliyinin təmin edilməməsi nəticəsində, sistemə kənar müdaxilə baş vermiş və İddiaçı MMC-yə məxsus server oğurlanmışdır. Bunun nəticəsində iddiaçıya 2000 manat məbləğində maddi ziyan dəymişdir. Müqavilələrin 3.1-ci maddələrinə əsasən satıcı ("Cavabdeh" MMC) malların (işlərin, xidmətlərin) keyfiyyətinə görə məsuliyyət daşıyır. Həmçinin 4.1-ci bəndə əsasən satıcı sistemlərin (proqram) və avadanlıqın yüksək keyfiyyətliyinə zəmanət verir. Bunlarla yanaşı iddiaçı tərəfindən "Cavabdeh" MMC-nin baş direktoru X1 pretenziya məktubu ünvanlanaraq həmin xidmət müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə müqavilənin ləğvi və iddiaçıya vurulmuş maddi ziyanın 5 gün ərzində "İddiaçı" MMC-yə geri ödənilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən edilmiş bir çox rəsmi və qeyri-rəsmi xəbərdarlıqlara baxmayaraq, hal - hazıradək cavabdeh öhdəliklərini tam yerinə yetirmək üçün heç bir cəhd göstərməmiş və iddiaçıya dəymiş maddi ziyanı ödəməmişdir. “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1403 manat məbləğində zərərin, 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 112 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 0075/19 saylı, 03.09.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nə müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulan beş bənd üzrə xidmətlər göstərmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyəri 1170 manat müəyyən edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən ümumi məbləğin 50% müqavilə bağlandığı gündən 5 gün ərzində avans şəklində ödənilir. Müqavilənin 2.5-ci bəndinə əasən qalan 50 % məbləğ isə işlər icraçı tərəfindən tam yerinə yetirildikdən sonra təhvil-təslim aktı əsasında 5 gün ərzində sifarişçi tərəfindən icraçıya ödənilməli idi. Müqavilə bağlandıqdan sonra 5 gün ərzində, 06.09.2019-cu il tarixdə ümumi məbləğin 50 % təşkil edən 585 manat məbləğində vəsait sifarişçi tərəfindən ödənilmişdir. Bundan sonra cavabdeh müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə tam icra edib qurtardıqdan sonra sifarişçiyə işlərin təhvil alınmasına dair 04 dekabr 2019-cu il tarixli təhvil-təslim aktı təqdim etmişdir. Təhvil-təslim aktı təşkilat tərəfindən müəssisənin rəhbərinin imzası və müəssisənin möhürü ilə təsdiq edilmiş, lakin sifarişçi, rəhbərliyin yerində olmamasını bildirməklə aktı təsdiq etməmiş və bir neçə gün sonra təsdiq edəcəyini söz vermişdir. Ancaq buna baxmayaraq, sifarişçi müqavilə üzrə qalan 50 % təşkil edən 585 manat məbləğində vəsaiti 06 dekabr 2019-cu il tarixdə, yəni təhvil-təslim aktı təqdim ediləndən iki gün sonra icraçıya ödəmişdir Birinci müqavilə üzrə tərəflərindən üzərlərinə düşən öhdəliklərin tam şəkildə icra edilməsi yuxarıda göstərilənlərlə yanaşı, tərəflərin əməkdaşlarının imzaları ilə təsdiq edilmiş İddiaçı MMC-də treninqlərin keçirilməsinin protokolunda da öz təsdiqini tapmışdır. Qeyd olunanlar həm təşkilatın müqavilənin predmetini təşkil edən proqram təminatı üzrə peşəkar əməkdaşların, həm də müstəqil mütəxəssis rəyi ilə də təsdiq edilə bilər. Göründüyü kimi, birinci müqavilə üzrə tərəflərin üzərinə düşən öhdəliklər müqavilə şərtlərinə uyğun olaraq tam şəkildə icra olunduğundan müqavilə başa çatmışdır və onun ləğv edilməsi üçün artıq heç bir hüquqi əsas qalmamışdır. Bundan sonra, İddiaçı MMC-nin müraciəti əsasında, İddiaçı MMC ilə Cavabdeh MMC arasında proqramm təminatı ilə bağlı 17.01.2020-ci il tarixli, 0079/20 saylı ikinci müqavilə bağlanmışdır. İkinci müqavilənin İddiaçı MMC-nin təşəbbüsü ilə bağlanması da, İddiaçı MMC-nin birinci müqavilə üzrə görülən işlərdən razı qaldığını bir daha təsdiq edir. İkinci Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçi, proqram təminatının tədarükü üzrə Müqavilənin Əlavəsində qeyd edilən lisenziyalar üzrə ödənişi 100%, göstərilən xidmətlər üzrə isə 50% məbləği 5 gün ərzində avans kimi, qalan məbləğin ödənişi və Əlavə 2-də qeyd edilən xidmətlər üzrə ödəniş isə iş tam təhvil verildikdən sonra 5 gün ərzində yerinə yetirilməli idi. Bu müqavilə, tərəflərin müəssisə rəhbərlərinin imzası və müəssisələrin möhürü ilə təsdiqlənməsə də, sifarişçi tərəfindən müqavilənin 2.4-cü bəndinə əsasən ilkin ödəniş edildiyindən, cavabdeh müəssisə müqavilə üzrə öz öhdəliklərinin icrasına başlamışdır. Belə ki, 2-ci müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş işlərin dəyəri 2268 manat müəyyən edilmişdir. Müqavilə ilə müəyyən edilmiş ödəniş qaydasına əsasən iddiaçı, 2-ci müqavilə üzrə 23.01.2020-ci il tarixdə müəssisənin hesabına 1684 manat məbləğində vəsait ödəmişdir. 2 saylı Əlavəyə əsasən müəssisə iddiaçı təşkilat üçün aşağıdakı xidmətləri göstərməli idi. Dəyəri 420 manat təşkil edən - 1 C:Müəssisə 8.3 5 istifadəçi üçün MİNİ server. Elektron çatdırma, dəyəri 680 manat təşkil edən - lC:Müəssisə 8.5 istifadəçi üçün müştəri lisenziyası. Elektron çatdırma, dəyəri 700 manat təşkil edən - proqram təminatı serverdə quraşdırılması, dəyəri 300 manat təşkil edən - məlumat bazasını serverə keçirilməsi və sazlanması, dəyəri 168 manat təşkil edən - proqram təminatı plamşetlərdə quraşdırılması (2 əd) Müqavilənin 1 saylı Əlavəsinin 1-ci və 2-ci bəndləri üzrə tərəflərindən Rusiya Federasiyasından, Moskva şəhərindən OOO SOFTEHNO şirkətindən birbaşa İddiaçı MMC-nin adına ********* və ********** saylı qeydiyyat nömrələri ilə MİNİ server və müştəri lisenziyası alınmışdır. Bunun üçün tərəflərindən OOO SOFTEHNO şirkətinin hesabına 27.01.2020-ci il tarixdə 596,02 manat məbləğində vəsait ödənilmişdir. Eyni zamanda serverin aktivləşməsi üçün 06.02.2020-ci il tarixdə 44 manat təşkil edən 20 Avro pul ödənilmişdir. Bundan sonra serverin parolu və istifadəçi adı tərəflərindən İddiaçı MMC-yə təqdim edilmişdir. Müqaviləyə 1 saylı Əlavənin 3, 4 və 5-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklər də, yəni proqram təminatının serverdə quraşdırılması, məlumat bazanı serverə keçirilməsi və sazlaması və proqram təminatı 2 ədəd planşetlərdə quraşdırılması öhdəlikləri də tərəflərindən həyata keçirilmişdir. Bunun üçün müqavilə üzrə bu xidmətlər üçün nəzərdə tutulan ödənişlər də İddiaçı MMC tərəfindən şirkətə ödənilməli idi. Eyni zamanda şirkətin Lyudmila adlı əməkdaşı müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulan işçi heyətinin öyrədilməsi məqsədi ilə İddiaçı MMC-də 12 saat 30 dəqiqə ərzində təlim keçmişdir. Müqaviləyə əsasən təlimin hər saatı 30 manat təşkil etdiyindən 12,5 saat təlimin dəyəri də 375 manat təşkil edir. Bu məbləğ də iddiaçı tərəfindən onlara ödənilməmişdir. Lakin, İddiaçı MMC, serverə girişdə problemlərin olmasını səbəb gətirməklə və bu problemin yaranmasının guya cavabdeh tərəfindən mühafizə sistemlərinin lazımi şəkildə qurulmamasını əsaslandıraraq, onlara qarşı iradlarını bildirməyə başlamışlar. Cavabdeh tərəfindən praktikada belə hallara bəzən rast gəlindiyi və bu halların baş verməsinə səbəb müdafiə sisteminin aşağı səviyyədə olması ilə bağlı olmadığını iddiaçıya bildirilmişdir. Belə ki, serverlərin müdafiə sistemi standart olur. Bu hal “xaker” hücumu nəticəsində baş verə bilər. Çünki həm istifadəçi adı, həm də parollar artıq İddiaçı MMC-yə verilib və onların istifadəsindədir. Belə hallar bütün dünyada mövcuddur və heç bir server belə halların baş verməsindən sığortalanmamışdır. Buna səbəb isə İddiaçı MMC-nin kompüterlərində ola biləcək viruslar səbəb ola bilər. Bununla əlaqədar saytların internet hücumlardan qorunmasına dair təlimatlar da mövcuddur. İddiaçı MMC-yə onların serverə daxil ola bilməməsində şirkətin təqsiri olmadığı, hətta onlara bu problemin aradan qaldırılması yollarını da izah etməklə onlara bu hissədə təmənnasız yardımı da təklif edilmişdir. Lakin İddiaçı MMC, cavabdehlə artıq işləmək istəmədiklərini bildirdilər və bununla əlaqədar olaraq onlardan görülmüş işlərin hesabatını və onların müəssisəyə olan borcları barədə məlumat istədilər. Aparılan bütün danışıqlar email ünvanında yazışma vasitəsilə həyata keçirilmişdir. Cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş vəsait, eyni zamanda tərəflərindən görülmüş işlərin dəyərini və nəticədə iddiaçının yaranmış borcunu əks etdirən cədvəl tərtib edib onlara göndərmişdir. Lakin, İddiaçı MMC, email yazışması ilə borclarını qəbul etdiyini bildirsə də, heç bir əsas olmadan, cavadbeh şirkətə müqaviləyə əsasən borclu olmalarına baxmayaraq pul tələbinə dair əsassız iddia qaldırmışlar. Bütün sadalananlardan və irəli sürülən dəlillərdən görünür ki, şirkət, 2-ci müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, lakin “İddiaçı'’ MMC, həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir, yəni işlərin görülməsi üçün nəzərdə tutulmuş ödənişin qalan hissəsini və əlavə ödənişləri etməmişlər. Bütün bunların nəticəsində cavabdehə maddi ziyan dəymişdir. Müqavilənin 1 saylı Əlavəsinə əsasən Əlavədə göstərilən xidmətlərin qiyməti 2268 manat təşkil etmişdir. Müqavilənin 2 saylı Əlavəsində isə İddiaçı MMC-nin əməkdaşlarına təlim keçirilməsi üzrə qaydalar və xidmət haqqı müəyyən edilmişdir. Bir saat müddəti üçün təlim xidmətinin haqqı 30 manat. Bu isə 12,5 saat təlim üçün 375 manat təşkil etmişdir. Bundan başqa aralarında olan şifahi razılaşmaya əsasən, Müqavilədən kənar tərəflərindən İddiaçı MMC-nin kompüterlərinə 400 manat dəyərində proqram yükləməsi də həyata keçirilmişdir. Nəticədə İddiaçı MMC üçün Müqavilənin şərtlərinə uyğun olaraq Müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan işlər üçün 2268 manat, Müqavilənin 2 saylı Əlavəsində nəzərdə tutulan təlim üçün 375 manat, Müqavilədən kənar razılaşmaya əsasən kompüterlərdə proqram yükləməsi üçün 400 manat və serverin aktivləşməsi üçün 44 manat dəyərində iş görülmüşdür. Görülən işlərin ümumi dəyəri 3087 manat təşkil edir. Bu puldan İddiaçı MMC tərəfindən 1684 manat ödənilmiş, qalan 3087-1684=1403 manat pulu ödəməkdən imtina etmələri nəticəsində, 1403 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi Vəkil2 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, ekspert rəyinin verilməməsinin səbəbi də cavabdeh tərəfindən r təqdim olunan server və lisenziyanın istifadəsinin mümkün olmaması ilə əlaqəlidir. Hətta cavabdeh istifadəsi mümkün olmayan lisenziya üçün ödənişlər tələb edir. İşlərin görülübgörülməməsi, gözlənilən keyfiyyətdə görülməsi ilə bağlı tərəflər arasında yazışmalar var. Xidmətlərin hazırlanmasında, təqdim olunmasında problemlər olduğunu cavabdehlə yazışmalarda qeyd etmişik. Cavabdehin əməkdaşları nöqsanların qaldıracağını söz versə də, problemlər aradan qaldırılmamışdır. İddiaçı xidmətləri qüsursuz və tam əldə edə bilməsə də, münasibətlərin pozulmaması üçün ödənişlər aparılmışdır. Həmçinin, ödənişlərin aparılmasının səbəbi bu olmuşdur ki, birinci müqavilə üzrə yaranmış çatışmamazlıqlar aradan qaldırılacaqdır və yeni xidmətlər göstəriləcəkdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1 qarşılıqlı iddianı müdafiə etdiyini, ilkin iddianın rədd edilməsini xahiş etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, serverə girişin məhdudlaşdırılması dünya praktikasında olan problemdir. Xaker hücumlarının olmaması üçün iddiaçıya tez – tez şifrələrin dəyişdiriləsi tövsiyə olunsa da, buna əməl edilməmişdir. İş materiallarında olan: - 03 sentyabr 2019-cu il tarixli, 0075/19 saylı müqaviləyə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən “xxxx” MMC aşağıdakı öhdəlikləri üzərinə götürmüşdür: Çap formatların əlavə edilməsi (qaimə, kassa mədaxil orderi, kassa məxaric orderi), hesabat formaların əlavə edilməsi (debitor borcları, anbar qalığı), MB-ın test olunması və düzəldilməsi, məhsuldarlığın ölçülməsi, MB-ın sazlanması (malların seriya uçotu və s.), işçi heyətinin öyrədilməsi (10 saatdan və 3 nəfərdən artıq olmaması). - 23.01.2020-ci il tarixli fakturaya əsasən 17.01.2020-ci il tarixli 0079/20 saylı müqavilə üzrə İddiaçı MMC tərəfindən 1684 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Tərəflər arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 0075/19 saylı müqavilənin 2.4 və 2.5-ci bəndlərində nəzərdə tutulmuşdur ki, sifarişçi bu müqavilə çərçivəsində proqram təminatının tədarükü üzrə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də müəyyən edilmiş işlərin dəyərinin 50% məbləğini ilkin ödəmə kimi təqdim edilən hesaba əsasən 5 təqvim günü ərzində avans şəklində yerinə yetirir. Sifarişçi müqavilə üzrə işlərin dəyərinin qalan hissəsini ilkin ödəniş nəzərə alınmaqla, qalan 50%-ni isə işlərin tam bitməsindən və təhvil – təslim aktı əsasında sifarişçi tərəfindən qəbul ediləndən sonra icraçı tərəfindən təqdim edilən hesaba əsasən 5 təqvim günü ərzində icraçıya ödəyir. Qeyd olunan müqavilə üzrə 1170 manat məbləğində pul vəsaitinin sifarişçi tərəfindən icraçıya ödənilməsi işin mübahisələndirilməyən halıdır. Müqavilədə işlərin dəyərinin tam formada ödənilməsi üçün 2 şərt nəzərdə tutulmuşdur: işlərin tam bitməsi və təhvil – təslim aktı əsasında sifarişçi tərəfindən qəbul edilməsi. Məhkəməyə sübut kimi 04 dekabr 2019-cu il tarixli təhvil – təslim aktı təqdim olunsa da, həmin akt yalnız “xxxx” MMC tərəfindən imzalanaraq möhürlə təsdiq olunduğuna və İddiaçı MMC tərəfindən imzalanmadığına görə bu akt sübut kimi qəbul oluna bilməz. Lakin müqavilə üzrə ödənilməli olan 1170 manat məbləğində pul vəsaitinin aktın tərtib olunduğu dövrlərdə ödənilməsi və müqavilənin şərtində də pulun işlərin tam bitməsindən sonra ödənilməsi nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, pul vəsaitinin ödənilməsi işlərin başa çatmasını təsdiq edir. Bundan sonra tərəflər arasında 2-ci müqavilənin layihəsinin hazırlanması və müqavilə bağlanmadan iddiaçı tərəfindən ödəniş olunması ilə təsdiq olunur ki, 03 sentyabr 2019-cu il tarixli, 0075/19 saylı müqavilə üzrə işlər başa çatdırılmışdır. Çünki 2-ci müqavilədə göstərilməsi nəzərdə tutulan xidmətlər məhz 1-ci müqavilə üzrə işlərin görülməsindən sonra göstərilə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bakı Kommersiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, e-2-2(113)- 1612/2020 saylı qərardadına əsasən ilkin iddianın əsasını təşkil edən halların o cümlədən xidmətlərin göstərilməsində qüsurların mövcud olub – olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə kompüter – texniki ekspertizasının 04 mart 2021-ci l tarixli 5/824 saylı rəyində qeyd olunmuşdur ki, “Hetzer” adlı cloud xidmətləri göstərən internet resursundan “X2” MMC-yə məxsus idarəetmə panelinə və “X2” MMC-yə məxsus serverə daxil olmaq mümkün olmadığı qeyd olunmuşdur. 1-ci müqavilə üzrə xidmətlərin göstərilməsində qüsurların mövcud olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə digər mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İlkin iddianın 2000 manat məbləğində zərərin əvəzinin ödənilməsi barədə hissəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, sistemin təhlükəsizliyinin təmin edilməməsi nəticəsində sistemə kənar müdaxilə baş vermiş və İddiaçı MMC-yə məxsus server oğurlanmışdır. İddiaçı 2000 manat məbləğində pul vəsaitini real zərər kimi qiymətləndirsə də, hansı xərclərin çəkildiyi və ya çəkilməli olduğu, İddiaçı MMC-yə məxsus server oğurlanmasının cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, sistemin təhlükəsizliyinin təmin edilməməsi nəticəsində baş verməsi və digər xüsusatlarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia 1170 manat məbləğində pul vəsaitinin qaytarılması, 2000 manat məbləğində zərərin əvəzinin ödənilməsi, 03 sentyabr 2019-cu il tarixli, 0075/19 saylı müqavilənin ləğv olunması hissələrində rədd edilməlidir. İlkin iddianın 1684 manat məbləğində pul vəsaitinin qaytarılması və qarşılıqlı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Podrat müqaviləsinin yazılı formada bağlanması ilə bağlı qanunvercilikdə imperativ norma nəzərdə tutulmasa da, tərəflərin əvvəllər bu barədə müqaviləni yazılı formada bağlaması, müqavilənin layihəsi hazırlansa da, imzalanmaması onu təsdiq edir ki, tərəflər arasında 17 yanvar 2020-ci il tarixli müqavilə üzrə münasibətlər mövcud olmamışdır və qarşılıqlı iddia üzrə nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı nəticə mövcud deyildir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında 17 yanvar 2020-ci il tarixli müqavilə bağlanmadığına görə onların qarşılıqlı hüquq və vəzifələri də yaranmadığından ilkin iddianın 1684 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsi təmin olunmalı, ilkin iddianın həmin müqavilənin ləğv edilməsi barədə hissəsi və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunduğundan həmin iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə komputer–texniki ekspertizasının keçirilməsinə xərclənmiş 53,65 manat məbləğində pul vəsaitinin 35 manat məbləğində hissəsi ilkin iddia üzrə cavabdehdən, 18,65 manat məbləğində hissəsi ilkin iddia üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və maddi ziyanın ödənilməsi tələbi barədə ilkin iddiası qismən edilsin. 1684 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə kompüter – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 53,65 manat məbləğində pul vəsaitinin 35 manat məbləğində hissəsi İddiaçındən, 18,65 manat məbləğində hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-134/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-134/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver