Məhkəmə qərarları › İş №e-2-2(113)-1340/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1340/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1340/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun və cərimənin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi və iddia tələbi həcminin azaldılamsı barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azcargo Logıstıcs and Management Servıces” MMC-dən 15 avqust 2023-ci il tarixli, 389 nömrəli mal alqı-satqısı müqaviləsinə əsasən ödənilməmiş 8764,21 manat əsas borc, 478,61 manat cərimə borcu olmaqla cəmi 9242,82 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 112,45 manat məbləğində rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 avqust 2023-ci il tarixli, 389 nömrəli, Mal alqı-satqısı Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən Alıcı – yəni Cavabdeh MMC aldığı malların pulunu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bildiririk ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 avqust 2023-ci il tarixli, 389 nömrəli Mal alqı-satqısı Müqaviləsi bağlanılmışdır və bu Müqavilənin 3.2.2, 4.6 və 6.4-cü bəndlərinə əsasən öhdəlik və məsuliyyət daşıyır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 15 avqust 2023-ci il tarixli, 389 nömrəli, mal alqı-satqısı müqaviləsi üzrə cavabdehin bugünkü tarixə ödənilməmiş 8764,21 manat əsas borc məbləği, 478,61 manat cərimə borcu olmaqla cəmi 9242,82 manat məbləğində pul öhdəliyi qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 430.1, 442, 445.1, 445.2.1, 445.2.2, 448.1-ci maddələrinə istinad olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1340/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh MMC-dən 15 avqust 2023-ci il tarixli, 389 nömrəli Mal alqı-satqısı Müqaviləsinə əsasən ödənilməmiş 8764,21 manat əsas borc, 478,61 manat cərimə borcu olmaqla cəmi 9242,82 manat pul vəsaiti və 112,45 manat mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra cavabdehin ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1340/2024 saylı qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin qəsdən işi uzaqtdığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: 15 avqust 2023-cü il tarixli 389 nömrəli Mal alqı-satqı və xidmət müqaviləsindən görünür ki, bu müqavilənin predmetini, “Satıcı” tərəfindən hazırki müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları “Alıcı”nın mülkiyyətinə verilməsi, “Alıcı” tərəfindən isə “Satıcı”nın satdığı malları qəbul edərək hazırki müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini “Satıcı”ya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin predmetinə uyğun olaraq alınan malların qiyməti tahvil-təslim edildiyi gün “Satıcı”nın verdiyi qiymət siyahısına əsasən müəyyən olunur, həmçinin qiymətlər hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrlə müəyyənləşdirilir. Müqavilənin 6.4-cü bəndinə əsasən “Alıcı” malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə 15 (on beş) təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirilən məbləğin 0,1% (sıfır tam onda bir) miqdarında (aylıq 3%) dəbbə pulu edəməsi, o cümlədən satıcı sifariş verilən malları müqavilə ilə nəzərdə tutulmuş müddətdə çatdırılmasım təmin etmədiyi halda, hər bir gün gecikdirilən malların ümümi məbləğinin 0,1% miqdarında dəbbə pulu ödənilməsi şərtləşdirilmişdir. İş materiallarında olan EBDN seriyalı, 882566 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2806 manat, EBDN seriyalı, 910521 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 43,26 manat, EBDN seriyalı, 837039 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 40,78 manat, EBDO seriyalı, 955609 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1966,07 manat, EBDQ seriyalı, 125394 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1611,30 manat, EBDQ seriyalı, 979478 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 227,98 manat, EBDS seriyalı, 178923 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 99,71 manat, EBDS seriyalı, 997178 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1969,11 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, xx.xx.2023-cü il tarixli , xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktlarından görünür ki, 2806,05 manat, 43,26 manat, 40,78 manat, 1966,05 manat, 1666,16 manat, 1612,82 manat, 227,98 manat, 99,71 manat, 1969,13 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC Bakı 18 saylı Mediasiya Təşkilatının hesabına 110 manat ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif çeşidli malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 8764,21 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu, həmçinin tərəflər arasındakı müqavilədə cavabdehin öhdəliklərini icra etmədiyi halda cərimə ödəyəcəyini vəd etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 8764,21 manat borc və 478,61 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə, ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 112,45 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 15 avqust 2023-ci il tarixli, 389 nömrəli Mal alqı-satqısı Müqaviləsinə əsasən ödənilməmiş 8764,21 manat əsas borc, 478,61 manat cərimə borcu olmaqla cəmi 9242 (doqquz min iki yüz qırx iki) manat 82 (səksən iki) qəpik pul vəsaiti və 112 (yüz on iki) manat 45 (qırx beş) qəpik mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar