Məhkəmə qərarları › İş №e-2-2(113)-1344/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1344/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1344/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 18940,64 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 1515,25 manat olmaqla, cəmi 20455,89 manat məbləğində pul vəsaiti və 200 manat məcburi ilkin mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 251 saylı müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh MMC-yə verilmiş malların dəyəri ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 18940,64 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Bununla bağlı olaraq cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2023-cü il tarixdə pretenziya göndərilmiş və 18940,64 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, müqavilənin 10.3-cü bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 18940,64 manat pul vəsaitini qanunsuz özündə saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyinin icra edilməməsinə görə 8% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Bu halda həmin məbləğ 1515,25 manat təşkil edəcəkdir (18940,64 *8%=1515,25).

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 251 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malların təchizatını və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alıcı isə həmin malları qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq malın dəyərini ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların sifarişi satıcının ekspeditoru tərəfindən alıcının satış nöqtəsində, yaxud telefon və elektron poçt vasitəsilə qəbul edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malların sifarişi qəbul edildikdən sonra, malların təchizi 3 (üç) iş günü ərzində həyata keçirilir. Satıcı hər hansı bir səbəbdən müvafiq sifariş üzrə malların və ya onun bir hissəsinin təchiz edilməsinin mümkün olmaması haqda sifariş qəbul olunduqdan sonra 24 saat ərzində alıcıya məlumat verir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən malların təhvil verilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir. Hazırkı elektron qaımə-faktura qəbul edildiyi andan 5 gün ərzində ləğv edilmədiyi, düzəliş tələb edilmədiyi halda, malların müvafiq qaydada təhvil verildiyini/alındığını və o cümlədən də malların lazımi qaydada, həcmdə, çəkidə, qablaşdırılmada, ünvanda və ümumilikdə bütün göstəricilər üzrə razılaşdırılmış qaydada alındığını təsdiq edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı malları qəbul etməmişdən əvvəl baxış həyata keçirmək və qüsürlar aşkar etdiyi halda malların qəbul edilməsindən imtina etmək hüququna malikdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən mallar bir qayda olaraq alıcının satış nöqtəsinin ünvanına çatdırılıb təhvil verilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifariş üzrə malların dəyəri bir qayda olaraq qaimə-faktura təqdim edildikdən sonra 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlər müqavilədə göstərilən satıcının bank hesabına köçürmə ilə həyata keçirilir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli, 251 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında 13 elektron qaimə göndərilmiş, həmin qaimələr üzrə malların dəyəri üzrə əsas məbləğ 36969,72 manat, ƏDV məbləği 70,98 manat təşkil etmişdir.

9. Müqavilə üzrə iddiaçının hesabına edilən ödənişlərlə bağlı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023xx.xx.2023-cü il tarixləri aralığında cavabdeh tərəfindən iddiaçının bank hesabına elektron qaimələr üzrə ümumilikdə 18075,92 (4954,98+8120,94+3000+2000=18075,92) manat ödəniş edilmişdir.

10. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə dair (VÖEN: **********) xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən 24,14 manat məbləğində ödəniş edilmişdir.

11. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, iddiaçının borc öhdəliyini gecikdirməsinə görə Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsinə (8%) uyğun olaraq xx.xx.2023-cü il tarixli qaimə üzrə 2850,30 manat məbləğin 215 gün gecikməsinə görə 136,181 manat; xx.xx.2023-cü il tarixli qaimə üzrə 4211,12 manat məbləğin 212 gün gecikməsinə görə 198,39 manat; xx.xx.2023-cü il tarixli qaimə üzrə 7866,98 manat məbləğin 206 gün gecikməsinə görə 360,13 manat; xx.xx.2023-cü il tarixli qaimə üzrə 3965,40 manat məbləğin 203 gün gecikməsinə görə 178,88 manat olmaqla, ümumilikdə 873,59 manat ödənilməlidir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən əşyanı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini tam şəkildə iddiaçıya ödəməmiş, borcu yaranmışdır.

17. İddia tələbinin bir hissəsini cavabdehdən 18940,64 manat borcun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 18940,64 manat (on səkkiz min doqquz yüz qırx manat altmış dörd qəpik) məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.

19. Belə ki, cavabdehə elektron qaimələr üzrə təqdim edilən malların ümumi dəyəri 36969,72 manat olmuş, həmin məbləğdən 18075,92 (4954,98+8120,94+3000+2000=18075,92) manat ödəniş edilmiş, ƏDV məbləği 70,98 manat olmuş, ƏDV məbləğindən isə 24,14 manat ödənilmişdir. Beləliklə, ümumilikdə qalıq borcun məbləği 18940,64 manat ((36969,72-18075,92)+ (70,98-24,14)= 18940,64) olmuşdur.

20. İddia tələbinin digər hissəsini öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 1515,25 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

21. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh alqı-satqı müqaviləsinə əsasən verilmiş əşyanın dəyərini vaxtında ödəmədiyindən iddiaçı həmin vəsaitin məbləğindən faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixli qaimə üzrə 2850,30 manat məbləğin ödənişini 215 gün, xx.xx.2023-cü il tarixli qaimə üzrə 4211,12 manat məbləğin ödənişini 212 gün, xx.xx.2023-cü il tarixli qaimə üzrə 7866,98 manat məbləğin ödənişini 206 gün, xx.xx.2023-cü il tarixli qaimə üzrə 3965,40 manat məbləğin ödənişini 203 gün gecikdirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 449.1-ci maddəsindən də göründüyü kimi özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Qeyd edilən maddənin tələbindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə yekun məhkəmə aktı – qətnamə çıxarılan tarix xx.xx.2024 olduğundan, qeyd edilən günə isə Mərkəzi Bankın uçot faiz dərəcəsi 7,25% təşkil etdiyindən, cavabdehdən AR MM-nin 598.3-ci və 449-cu maddələrinə əsasən bank uçot dərəcəsinə (7,25%) uyğun olaraq 780,85 manat (yeddi yüz səksən manat səksən beş qəpik) (xx.xx.2023-cü il tarixli qaimə üzrə 2850,30 manat məbləğin ödənişini 215 gün gecikdirdiyinə görə 7,25% hesablanmaqla 121,72 manat, xx.xx.2023-cü il tarixli qaimə üzrə 4211,12 manat məbləğin ödənişini 212 gün gecikdirdiyinə görə 7,25% hesablanmaqla 177,33 manat, xx.xx.2023-cü il tarixli qaimə üzrə 7866,98 manat məbləğin ödənişini 206 gün gecikdirdiyinə görə 7,25% hesablanmaqla 321,90 manat, xx.xx.2023-cü il tarixli qaimə üzrə 3965,40 manat məbləğin ödənişini 203 gün gecikdirdiyinə görə 7,25% hesablanmaqla 159,90 manat olmaqla, ümumilikdə 780,85 manat) faiz məbləği tutulmalıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia göstərilən hissədə qimən təmin olunmalı və cavabdehdən bank uçot dərəcəsinə (7,25%) uyğun olaraq 780,85 manat (yeddi yüz səksən manat səksən beş qəpik) faiz məbləği iddiaçının xeyrinə tutulmalıdır.

23. Eləcə də, iddiaçı 200 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin məbləğin iddiaçı tərəfindən ödənilməsinə dair sübut məhkəməyə təqdim edilmişdir.

24. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 18940,64 manat (on səkkiz min doqquz yüz qırx manat altmış dörd qəpik) borc, bank uçot dərəcəsinə (7,25%) uyğun olaraq 780,85 manat (yeddi yüz səksən manat səksən beş qəpik) faiz məbləği, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 19921,49 manat (on doqquz min doqquz yüz iyirmi bir manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar