Məhkəmə qərarları › İş №e-2-2(113)-1347/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1347/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1347/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc 3540 (üç min beş yüz qırx), gecikdirilmiş məbləğə görə 73 (yetmiş üç) manat faiz borcu, hüquqi yardım ilə əlaqədar 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumu 59.13 (əlli doqquz manat, 13 qəpik) manat olmaqla, ümumilikdə, 3972.13 (üç min doqquz yüz yetmiş iki manat, 13 qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə Ak/1012 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdeh üçün müxtəlif növ qida məhsullarını tədarük etməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini vaxtında icra etmiş, cavabdeh də hissə-hissə təhvil verilən mallar üzrə ödənişləri etmişdir. Lakin bir müddətdən sonra ödənişləri dayandırmış və borc yığılmağa başlamışdır. Tərəflər arasında olan biznes münasibətlərini nəzərə alan satıcı malları tədarük etməyə davam etmiş, amma dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq ödəniş olunmadığını əsas gətirirərək məhsul tədarükünü dayandırmışdır. Tərəflər 27 may 2024-cü il tarixdə üzləşmə aktı bağlamış və alıcı üzləşmə aktının bağlandığı tarixə qədər 3162,40 manat borcunun olduğunu qəbul etmişdir. Üzləşmə aktından sonra bir dəfə 377,60 manat həcmində növbəti tədarük olmuş və alıcı həmin tədarükə görə də heç bir ödəniş etməmişdir. Beləliklə,cari tarixə alıcının ümumi əsas borcu 3540 (üç min beş yüz qırx) manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli Ak/2022 saylı müqavilə bağlanmışdır.

8. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilə ilə müəyyən edilmiş məhsulları satır, alıcı isə həmin malı qəbul edir və malın dəyərini satıcıya ödəyir.

9. Müqavilənin 4.3-cü bəndinə əsasən malın təhvil verilmə tarixi qaimə-fakturada nəzərdə tutulan və imza edilən tarix hesab edilir.

10. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı üzərinə düşür.

12. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin 3.162,40 manat borcu olmuşdur.

13. Bundan başqa iddiaçı cavabdehə MT2407 seriyalı 10701459 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 377,60 manat olan elektron qaimə göndərmişdir.

14. Hazırda iddiaçı tərəf cavabdehin ümumilikdə 3.540 manat (3.162,40+377,60) manat borcunun qaldığını bildirir.

15. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

16. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 3.540 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.

17. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 73 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya xx.xx.2024-cü il tarixdə, iddia ərizəsi məhkəməyə isə təxmini 1 ay sonra yəni, xx.xx.2024-cü il tarixdə verilmişdir.

19. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 14,75 (3.540x5/100=177 (1 il üçün) 177/12=14,75 (1 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə hesab edir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.

21. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Rifaq Həsənov və partnyorları” vəkil bürosunun vəkili Vəkil xx.xx.2024-cü il tarixli order verilmişdir.

22. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Rifaq Həsənov və partnyorları” vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.

23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

24. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********49 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 59,13 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

25. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 55,54 manat təşkil edir.

26. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3.540 (üç min beş yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 14 (on dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat 54 (əlli dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar