Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1353/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 73200 manat gecikdirilmiş borcun və hesablanmış 69873,30 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, cəmi 143573,30 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 24-LA/12 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texnoloji avadanlığı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə 73200 manat gecikdirilmiş borcu və hesablanmış 69873,30 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 38400 ədəd yumurta tutan 2 dəst inqubator kompleksinin və istehsal gücü saatda 1500 baş olan broyler kəsim xətti avadanlıqarının lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 24-LA/12 nömrəli müqaviləyə əsasən lizinq verən bu müqaviləyə 1-2 nömrəli əlavələrdə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 630000 manat, o cümlədən 237600 manat məblğində 38400 ədəd yumurta tutan 2 dəst inqubator kompleksinin və 392400 manat məbləğində istehsal gücü saatda 1500 baş olan broyler kəsim xətti avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə vermək şərti ilə 10 il müddətinədək lizinqə verir.
8. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 63000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən texnoloji avadanlıq üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 3-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
11. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
12. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2012-ci il tarixli protokoluna əsasən xx.xx.2012-ci il tarixli 24-LA/12 nömrəli lizinq müqaviləsinin 4.1ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2012-2022-ci illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.
13. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2012-ci il tarixli 24-LA/12 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 73200 manat, cərimə borcu 69873,30 manat, cəmi 143073,30 manat təşkil edir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli 24-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
18. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
21. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
22. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli “24-LA/12” nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
23. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 69873,30 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
26. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
28. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 3000 manat məbləğində müəyyən edilməlidir.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 73200 manat gecikdirilmiş əsas borc və 3000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
35. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 318,60 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 73200 manat əsas borc, 3000 manat dəbbə pulu, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 76700 (yetmiş altı min yeddi yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" MMC-dən 318,60 (üç yüz on səkkiz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova