Məhkəmə qərarları › İş №e-2-2(113)-1356/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1356/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1356/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 31.081,8 (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pulun, müqavilədə nəzərdə tutulan gecikdirilmiş günlər üçün, cəmi 1500 manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 189 manat və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ümumilikdə 33.091 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin hüquqları tərəfimdən müdafiə olunur. İddiaçı MMC -nin (bundan sonra Satıcı) direktoru X3 u ilə "xxxx" MMC -nin (bundan sonra Alıcı) direktoru X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 202T/23 müqaviləsinə əsasən, göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan sement növlərini müəyyən edilmişşərtlər əsasında satmağı, Alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.1-ci maddəsinə əsasən, ödəniş Alıcı tərə*indən alınacaq hət malın dəyərini vergilər daxil olmaqla 20 gün ərzində Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirməlidir. Müqaviləyə əsasən, satıcı bu müqavilədə nəzərdə tutulmuş vaxt çərçivəsində malı alıcıya təhvil verməyibsə, o bu halda alıcıya dəbbə pulu ödəməlidir. Müqavilə üzrə mallar Alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla, cəmi 31.081,8 manat təşkil edir. Bunu tərəflər arasında xx.xx.2024-cü il tarixində tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda təsdiq edir. Akta əsasən qalıq borc 31.081,8 manat kimi qeyd olunmuşdur. Müqavilə tərəflərinin xx.xx.2024-cü il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da Alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir (Üzləşmə aktı qoşmaya əlavə edilir). Həmçinin gecikdirilmiş günlər üçün 1500 manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 189 manat Alıcı tərəfindən Satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə, həmçinin, online kargüzarlıq qaydasında və elektron məhkəmə sistemindən pretenziya məktubu göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə mürciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəfərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

8. İddia ərizəsinə əlavə olunmuş iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 202T/23 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 3.2.1-ci maddəsinə əsasən ödəniş alıcı tərəfindən alınacaq malın dəyərini vergilər daxil olmaqla 20 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir.

10. Müqavilənin 7.2-ci bəndinə əsasən alıcı öz öhdəsinə götürür

11. – bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərini ödəmək.

12. – satıcıdan aldığı mala heç bir spekulyativ hərəkətlərə yol verməmək.

13. – ödəniş bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0.1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək.

14. İddiaçı MMC müqavilə üzrə satılmış mallara dair cavabdeh şirkətə xx.xx.2023xx.xx.2024-cü illəri əhatə edən e-qaimələr göndərmişdir.

15. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə olan borc məbləği 31081,8 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan müxtəlif növ malları cavabdehə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin mahsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəllər yerinə yetirilsə də, cavabdeh tərəfindən alınmış mallara dair ödənilməmiş borc məbləği qalmışdır.

25. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə və üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 31081,8 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

26. Beləliklə, 31081,8 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən hesablanmış 1500 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (31081,8 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, cavabdehdən tutulacaq dəbbə pulu 1500 manat məbləğində müəyyən edilməlidir.

32. Bundan əlavə iddiaçı 189 manat məbləğində dövlət rüsumunu və 320 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

33. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

34. İşdən də göründüyü kimi iddiaçı 320 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmiş, lakin qeyd edilən ödənişə dair hər hansı sənədsübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 189 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 31.081,8 manat əsas borc məbləği, 1500 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 189 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar