Məhkəmə qərarları › İş №e-2-2(113)-1358/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1358/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1358/2021 16.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “dividendin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx xxxxxx 2019-cu il tarixdən bu günə kimi əldə etdiyi xalis gəlirdən 25% dividendin, cavabdehin hesabına ödənilən cəmi 28,151 ABŞ dolları (47,856 manat) məbləğində pulun, eyni zamanda həmin vəsaiti istifadə edərək qaytarılmasını gecikdirdiyi üçün 2393 manat məbləğində faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh hüquqi şəxsin nizamnamə kapitalındakı payın 25% alqı-satqı yolu ilə əldə etməklə MMC-yə təsisçi olmuşdur, qalan 75% digər təsisçi Asəf Qurbanova məxsus olmaqla təsisçilərin ümumi yığıncağının qərarı ilə təsdiq edilmişdir. Cəmiyyətin nizamnaməsi Vergilər Nazirliyi Bakı Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Cəmiyyətin əsas fəaliyyəti Çin Xalq Respublikasından konserva, nərə balığı və kürü məhsullarının idxal edilməsindən ibarətdir. Cavabdeh MMC göstərilən məhsulları gömrükdən keçirdikdən sonra gətirilən məhsulların üzərinə 10 % qoymaqla ölkə daxili satışları təşkil edib iddiaçıya çatacaq dividendi və müəssisəyə qoyduğu bütün vəsaiti ödəməli idi. Bu məqsədlə 100 kq nərə balığı kürüsü idxal etmək üçün Çin Xalq Respublikasına qabaqcadan ödəməyə görə MMC-nin “xxxx” ASC-nin Gənclik filialındakı hesabına xx.xx.2019-cu il tarixdə 2800 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə isə 25,200 ABŞ dolları ödətdirmişdir. Cavabdeh MMC həmin vəsaitdən istifadə edərək məhsulları gətirib Respublikada realizə edərək mənfəət əldə etsə də, əldə etdiyi mənfəət barədə heç bir məlumat vermədən əldə edilmiş xalis gəlirdən iddiaçıya çatacaq 25% dividendi bu günə kimi ödəməmişdir. İddiaçı AR Dövlət Gömrük Komitəsinə xx.xx.2020-ci il tarixdə müraciət edərək cavabdeh MMC və törəmə müəssisələri tərəfindən Respublikaya idxal edilən məhsullara dair ona məlumat verilməsini xahiş etsə də, bu günə kimi məlumat əldə etməmişdir. Cavabdeh 2019-cu ilin əvvəlindən gəlirlə işləyib 10 ay ərzində 5,443,812.44 manat dövriyyəsi barədə məlumatı olsa da, həmin ilin noyabr ayından bu günə kimi iddiaçının onun gəliri barədə məlumatı olmamışdır. Cavabdeh 2019-cu ilin əvvəlindən bu günə kimi iddiaçının 25% dividendini (payı) könüllü şəkildə vermək istəmir. Qeyd edilənlərə əsasən hesab edir ki, 2019-cu ilin yanvar ayından bu günədək əldə edilmiş xalis gəlirdən 25% dividend, cavabdehin hesabına ödədiyi cəmi 28,151 ABŞ dollarının (47856 manat) məbləğində borcun və borcun qaytarılmasını gecikdirdiyi üçün illik beş faizin 2393 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyi üzərinə qoyulmalı, eyni zamanda cavabdeh tərəfindən onun hüquq və mənafelərini pozan qanunsuz hərəkətlərə son qoyulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əldə etdiyi xalis gəlirdən 25% dividendin, iddiaçı tərəfindən MMC-nin hesabına ödənilmiş 28,151 ABŞ dolları məbləğində pulun və həmin vəsaitin istifadə edilərək qaytarılmasının gecikdirilməsinə görə 2393 manat məbləğində faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 verdiyi izahatda bildirdi ki, iddiaçının iddia tələbində göstərdiyi müddəti üzrə, yəni 2019-2020-ci illərdə MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilməmişdir. Bu səbəbdən həmin illər üzrə əldə edilmiş xalis mənfəətin bölünməsi ilə bağlı qərar qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********7477900 nömrəli kommersiya qurumunun dövlət reyestrdən çıxarışdan görünür ki, Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə VÖEN ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Təsisçilər 75% payla X7 və 25% payla İddiaçıdur. - Cavabdeh MMC-nin nizamnaməsinin beşinci redaksiyasından görünür ki, təsisçi X7 75%, 75 pay və 75 manat pul şəklində, təsisçi İddiaçı isə 25 %, 25 pay və 25 manat pul şəklində paya sahibdirlər. Nizamnamənin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. - xx.xx.2019-cu il tarixli orderdən görünür ki, X5 tərəfindən xx.xx.2019-cu il tarixli, 16 saylı borc müqaviləsinə əsasən Cavabdeh MMC-nin hesabına 2850 ABŞ dolları məbləğində pul köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli orderə əsasən X5 tərəfindən Cavabdeh MMC-nin hesabına 25301 ABŞ dolları məbləğində pul köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli, 19 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC-nin “xxxx” ASC-nin Gənclik Filialındakı hesabından Çin Xalq Respublikasında olan banklardan birində olan hesaba 2800 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 20 nömrəli ödəniş tapşırığına əsasən isə 25200 ABŞ dolları məbləğində pul köçürülmüşdür. - İş materiallarında görünür ki, Cavabdeh MMC-nin 2018-ci ilin yekununa dair xx xxxxxx 2019-cu il tarixdə təsisçilərin ümumi yığıncağı keçirilmiş və müvafiq qərar qəbul edilmişdir. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 001297 nömrəli aktdan məlum olur ki, Cavabdeh MMC-də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı anbarda mal qalığı və hər hansı bir nöqsan, kənarlaşma aşkar edilməmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya qaydasında məktub ünvanlayaraq MMC-nin xx xxxxxx 2019-cu il tarixdən bu günə kimi əldə etdiyi xalis gəlirdən 25% dividendtin, cavabdehin hesabına ödənilən cəmi 220756 ABŞ dolları (375285 manat) eyni zamanda həmin vəsaiti istifadə edərək qaytarılmasını gecikdirdiyi üçün 18765 manat məbləğində faizin ödənilməsini tələb edilmişdir. - İşdən görünür ki, X10 Qrupu” MMC tərəfindən xx xxxxxx 2021-ci il tarixdə MMC-nin təsisçilərindən biri olan İddiaçı MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildiriş göndərilmişdir. - Sürətli poçt daşıma xidməti tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə İddiaçı 422771 yol qaimə nömrəli məktub göndərilmişdir, lakin alan şəxs yerində olmadığına görə kuryer məktubu çatdıra bilməmişdir. - Məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq AR İqtisadiyyat ,Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********943200 nömrəli məktubla Cavabdeh MMC-yə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixinə qədər idxal olunan malların alışına dair elektron qaimə fakturalar təqdim olunmuşdur. - Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmaqla və hüquqi şəxsin möhürü vurulmaqla tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli 07/04 nömrəli məktubdan məlum olur ki, Cavabdeh MMC iştirakçılarının 2019-cu ilin ümumi yığıncağı 2020-ci ildə pandemiya səbəbindən keçirilməmişdir və 2020-ci ilin iştirakçıların ümumi yığıncağı isə MMC-nin 25% səhm sahibi olan İddiaçı iclasın yeri və tarixi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iştirak etməməsi səbəbindən baş tutmamışdır. Göründüyü kimi, hazırkı mübahisə Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əldə etdiyi xalis gəlirdən 25% dividendin, iddiaçı tərəfindən MMC-nin hesabına ödənilmiş 28,151 ABŞ dolları məbləğində pulun və həmin vəsaitin istifadə edilərək qaytarılmasının gecikdirilməsinə görə 2393 manat məbləğində faizin ödənilməsini özündə ehtiva edir. Məhkəmə ilkin olaraq iddiaçının tələbinin birinci hissəsi, yəni 2019-2020 illər üzrə əldə edilmiş xalis gəlirindən 25% dividendin ödənilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Hazırki işin hallarından məlum olur ki, İddiaçı “İsgəndər X10 Qrupu” MMC-də 25 % paya sahibdir və MMC-nin Nizamnaməsinin 2.5-ci bəndinə istinad edərək hüquqi şəxsin 2019-2020-ci illərdə əldə etdiyi xalis gəlirdən 25 % dividendin ödənilməsini tələb edir. Belə ki, Nizamnamənin 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Eyni zamanda AR Mülki Məcəllənin 90-1.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Qeyd edilən Məcəllənin 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır və məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar əsasında iştirakçılar arasında bölüşdürülür. Beləliklə, sadalanan normaların məzmunundan görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin mənfəətini bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Bundan əlavə Cavabdeh MMC-nin nizamnaməsindən də görünür ki, xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülməlidir. Təsisçi dividend almaq hüququna malik olsa da, bu hüququn həyata keçirilməsi MM-in müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Lakin məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia tələbində göstərdiyi illər üzrə, yəni 2019-2020 ci illər üzrə Cavabdeh MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilməmiş və xalis gəlirin bölüşdürülməsi, o cümlədən 25% paya malik olan İddiaçı 25% dividendin ödənilməsi barədə qərar qəbul edilməmişdir. Belə ki, cavabdeh 2019-cu il üzrə ümumi yığıncağının keçirilməməsinin səbəbi kimi pandemiyanın mövcudluğunu, 2020-ci il üzrə iştirakçıların ümumi yığıncağının keçirilməməsinin səbəbi olaraq isə MMC- də 25% paya sahib olan İddiaçı iclasın yeri və tarixi barədə xəbərdarlıq edilməsinə baxmayaraq iştirak etməməsi olaraq göstərmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, 2019-2020-ci illər üzrə MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilmədiyindən və xalis mənfəətin bölüşdürülməsi, o cümlədən İddiaçı 25 % dividendin ödənilməsi ilə bağlı müvafiq qərar qəbul edilmədiyindən bu hissədə iddia tələbi təmin edilə bilməz. İddia tələbinin digər hissəsi, iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına ödənilmiş 21,181 ABŞ dolları ( 47,856 manat) vəsaitin geri qaytarılması ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı MMC-yə qeyd etdiyi məbləğin ödənilməsini təsdiq edən sənədlər qismində xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli orderləri təqdim etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli orderə əsasən Cavabdeh MMC-nin hesabına 2850 ABŞ dolları, xx.xx.2019-cu il tarixli orderə əsasən isə 25301 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Lakin həmin orderlərdən görünür ki, MMC-nin hesabına pulu köçürən şəxs qismində İddiaçı deyil, X4 adı qeyd edilmiş, ödənişin təyinatı olaraq isə xx.xx.2019-cu il tarixli, 16 saylı borc müqaviləsi göstərilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, qeyd edilən sənədlər iddiaçının tərəfindən MMC-yə malların alınması məqsədilə pul köçürülməsinin sübutu qismində çıxış edə bilməz.Odur ki, iddia tələbi bu hissə də əsassızdır. Yuxarıda qeyd edilən vəsaitin qaytarılmasının gecikdirildiyi üçün 2393 manat məbləğində cavabdehdən faiz tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 25301 ABŞ dolları məbləğində pul köçürülməsi faktı öz təsdiqini tapmadığından və həmin hissədə iddia təmin olunmadığından bu hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar