Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1358/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, əldən çıxmış fayda, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən İddiaçı xeyrinə 48501,40 manat məbləğində borcun, 5000 manat məbləğində cərimə, ümumilikdə 53501,40 manat və 400 manat mediyasiya prosesi zamanı mediatora ödənilən məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) ilə İddiaçı (VÖEN: **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GPSTKFD/09/02-21 saylı “Nisyə Alqı-Satqı müqaviləsi”nə əsasən İddiaçı MMC-dən nisyə götürdüyü yem məhsulları üzrə 63256,40 manat məbləğində borcu yaranmışdır və həmin borcdan müxtəlif tarixlərdə ümumilikdə 14755 manat ödəyərək hal hazırda qalıq borcu 48501,40 manat təşkil edir. Yem məhsullarının alınmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq borc cavabdeh tərəfindən indiyədək ödənilməmişdir. Borc sonuncu dəfə Cavabdeh MMC-nin direktoru X5 tərəfindən xx.xx.2022-ci il tarixli 185 nömrəli “X8” ilə təsdiq edildikdən sonra dəfələrlə müraciət edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh MMC İddiaçı MMC-yə olan 48501,40 manat məbləğində borcunu hələ də ödəməmişdir. İddiaçı MMC-nin satmış olduğu müxtəlif çeşidli yem məhsullarının müqabilində ödəniş edilməmiş, şirkətə vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Cavabdehin iddiaçıya 48501,40 manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq ondan 5000 manat məbləğində dəbbə pulunun tutulması məqsədəuyğundur. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət olunaraq cavabdehə son olaraq xx.xx.2022-ci il tarixli Pretenziya göndərilmişdir. Lakin Pretenziya məktubu xx.xx.2022-ci il tarixdə “Azeri Ekspress” poçt-daşıma kuryer xidməti tərəfindən yuxarıda ünvanı qeyd edilən ünvanda cavabdeh tərəfindən imzalanaraq qəbul edilsədə, cavabdeh tərəfindən indiyədək borc tam ödənilməmişdir. Eyni zamanda Mediasiya Şurası Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən kommersiya mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin iştirak etmədiyini xx.xx.2022-ci il tarixli, MŞB/6- 6891 nömrəli “X3 X6”la təsdiq edilmişdir.
3. İddia ərizəsinin məzmununda iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 443.1, 443.4, 449, 567, 600.4, və 600.5-ci maddələri göstərilmişdir.
4. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar verdi və əlavə olaraq bildirdi ki, məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən borc məbləğindən həqiqətən də 10.000 manat məbləğində ödəniş olunub. İddianın təmin edilməsini xahiş edir.
6. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul edərək bildirdi ki, məhkəmə gedişatı zamanı əsas borc məbləğindən iki dəfə 5000 manat olmaqla cəmi 10.000 manat ödəniş etdiyini, yerdə qalan 38501,40 manat məbləğdə borcun qalması faktını təsdiqləndiyini, həmçinin iddiaçının 400 manat mediasiya xərcinin onun borcu ödəmədiyinə görə yarandığını anlayaraq həmin 400 manatı da ödəyəcəyini, lakin yerdə qalan 5000 manat məbləğində cərimə kimi tələb olunan məbləği qəbul etmədiyini bildirdi.
7. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
11. İddia ərizəsinə əlavə olunmuş - İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə, GPSTKFS/09/02-21 saylı “Nisyə Alqı-satqı” müqaviləsinə əsasən:
12. Həmin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı satıcıdan cənub zonası üzrə distribütoru qarşısında yaranmış 89.250 manat borc öhdəliklərini yerinə yetirdiyi təqdirdə, satıcı alıcıya yem məhsulları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir;
13. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən alıcının distribütor qarşısında yaranmış borc və onu icra etmə öhdəliyi Müqavilənin 2.4.1 və 2.4.2-ci maddəsində qeyd edilir;
14. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən malın növü, çeşidi, tərkibi və dəyəri müqavilənin ayrılmaz hissəsi olan X4 ilə müəyyən olunur;
15. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən malı, müqavilənin 2.4-cü maddəsinin alt bəndlərində qeyd edilən şərtlər alıcı tərəfindən düzgün icra edildiyi təqdirdə, müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcıya təhvil verilməsi satıcının öhdəliyi kimi müəyyən edilmişdir;
16. Həmin Müqavilənin 2.4.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci maddəsində qeyd edilən və distribütora yaranmış borc məbləğində 9250 manatı xx.xx.2021-ci il tarixinə ödəyir;
17. Həmin Müqavilənin 2.4.2-ci bəndinə əsasən hər ayın 11-i mütəmadi olaraq distribütora qarşısında yaranmış borc məbləğindən 5000 manat azaldır, yəni ödəniş edir;
18. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı müqavilənin 2.4.1 və 2.4.2-ci maddəsinin tələbləri zamanında icra edildiyi təqdirdə, alıcı tərəfindən sifariş edildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya tərəflərin müəyyən etdiyi ünvanda təhvil verməyi öhdəsinə götürür.
19. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-faktura və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.
20. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən satılan mallar və göstərilən xidmətlər tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
21. Həmin Müqavilənin 4.1-cü bəndinə müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini satıcının təqdim etdiyi qaimə fakturanı aldıqdan sonra köçürmə yolu ilə həyata keçirir.
22. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı aldığı malın dəyərini ümumilikdə 40 gündən gec olmayaraq satıcıya ödəməyi öhdəsinə götürür.
23. xx.xx.2021-ci il tarixli X4na əsasən tərəflər 2880 manat dəyərində yemin, malların alıcıya satıcı tərəfindən ya tərəflərin müəyyən etdiyi ünvanda təhvil verməyi və ödənişlərin qeyd olunan qiymətlərə uyğun təhvil verilmiş malın miqdarına əsasən tərtib təqdim edilən hesab fakturalara əsasən həyata keçiriləcəyi öhdələrinə götürmüşlər.
24. 01.04.2021-ci il tarixli 1 saylı əlavəyə əsasən tərəflər arasında alıcının 2-ci sexinin yemlə təmin edilməsi üçün və eyni zamanda 1-ci və 2-ci sexdən əldə edilən cücənin keyfiyyətini müəyyən etmək məqsədi ilə 12 günlük sınaq müddəti müəyyən edilməsi və bu dövrdə alıcı yalnız broyler başlanğıc yemi ilə təmin edilməsi, sınaq müddətləri bitdikdən sonra nəticə tərəflər arasında aktlaşdırılması və yekun qərar ilə müəyyən edilməsi, alıcı 2-ci sexdəki cücələr satışa qədər, 1-ci sex üzrə satıcının qarşısındakı öhdəliklərini tam olaraq bağlaması və sınaq dövrü ərzində cücənin keyfiyyətinin aşağı olması ilə əlaqədar qüsur aşkarlanarsa yem verilisinin dayandırılması və qalıq borc dövrünün sonuna ödənilməsi barədə razılığa gəlmişlər.
25. 30.07.2021-ci il tarixli, 174 saylı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 31 may 2021-ci il tarixə 56067,40 manat, xx.xx.2021-ci il tarixli, 199 saylı akta əsasən 31 iyul 2021-ci il tarixə 48946,40 manat, xx.xx.2021-ci il tarixli, 344 saylı üzləşmə aktına əsasən 31 avqust 2021-ci il tarixdə 51616,40 manat, xx.xx.2021-ci il tarixli, 446 saylı akta əsasən 30 sentyabr 2021-ci il tarixə 47856,40 manat, xx.xx.2022-ci il tarixli, 78 saylı üzləşmə aktına əsasən 31 dekabr 2021-ci il tarixə 68256,40 manat, xx.xx.2022-ci il tarixli, 185 saylı üzləşmə aktına əsasən 31 yanvar 2022-ci il tarixə 63256,40 manat borclu olması müəyyən edilmişdir.
26. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən xx.xx.2021-ci il tarixli GPSTKFD/09/02-21 saylı “Nisyə alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı MMC-dən nisyə götürülən yem məhsulları üzrə cavabdehin 63256,40 məbləğində borcu yarandığı, yaranmış borcun və 5000 manat məbləğində cərimə borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur.
27. İşdə olan OD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən “GP Stock Feed“ MMC-nin hesabına xx.xx.2023-cü və xx.xx.2023-cü illərdə 10000 (5000+5000) manat məbləğində ödəniş edilmişdir.
28. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
30. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 48501,40 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini qismən ödəməmişdir.
31. İlk olaraq məhkəmə əsas məbləğə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdeh cəmiyyət tərəfindən müqavilə üzrə yaranmış əsas borcdan məhkəmə gedişatı zamanı 10.000 manat məbləğində ödəniş edilmiş və həmin faktın özü iddiaçı tərəfindən də qəbul edilmişdir. Buna görə də məhkəmə iddia tələbinin 38501,40 manat məbləğində əsas borcun ödənilməmiş hissəsinə münsibətdə hüquqi qiymət verilməsini qanuni və əsaslı hesab edir.
32. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
33. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
34. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənişlər faktura təqdim olunan gündən sonra ümumilikdə 40 gündən gec olmayan müddətə ödənilməsi şəklində müəyyən olunmuşdur.
35. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
36. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
37. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
38. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
39. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 38501,40 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 38501,40 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
40. Alqı-satqı müqaviləsi üzrə əldən çıxmış faydanın ödənilməsi tələbi ilə bağlı
41. İddiaçı həmçinin əldən çıxmış faydaya görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq qeyd etmişdir ki, İddiaçı MMC-nin satmış olduğu müxtəlif çeşidli yem məhsullarının müqabilində cavabdeh tərəfindən ödəniş edilməmiş, şirkətə vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur.
42. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
43. Həmin Məcəllənin 443.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
44. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
45. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
46. Həmin Məcəllənin 434.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
47. Məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır və mötəbər, zəruri sübutlarla qeyd edilən hallar təsdiqlənmir.
48. Həmçinin iddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.
49. Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
50. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-6891 nömrəli ilkin X3 X6dan görünür ki, 05 dekabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh bildiriş vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, iddiaçı ilkin X3 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, 177997 saylı mədaxil qəbzinə əsasən ilkin mediasiya xidməti üçün 400 manat məlbəğində ödəniş edilmişdir.
52. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin X3 etməlidirlər.
53. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
54. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
55. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
56. Nəticə:
İİ. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli, GPSTKFD/09/02-21 saylı “Nisyə Alqı- Satqı müqaviləsi” üzrə 38501,40 manat məbləğində pul vəsaiti və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova