Məhkəmə qərarları › İş №e-2-2(113)-136/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-136/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-136/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X2 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı, elektron qaimə, hüquqi yardım xərci, mediasiya xərci, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X2 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh “X2 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5723,71 manat borcun, 136,22 manat cərimənin və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-XXXX/2022 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. Daha sonra İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı əsl İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) ilə əvəz olunmuşdur.

4. Bundan sonra, İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən (bundan sonra "xxxx" Şirkəti) 5723,71 manat borcun, 136,22 manat cərimənin və 60 manat mediasiya xərcinin, 549 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında 24 may 2021-cı il tarixli MT-28-24/05 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı satır, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan hesblaşma sənədlərində (hesab-faktura, elektron qaimə, qiymətlərin razılaşma protokolu və s.) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan mal-materialı satıcıdan alır və malın müqabilində satıcıya hesabfakturalardakı qiymətə əsasən müvafiq məbləği ödəyir. 5.2. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək malları cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməyərək iddia ərizəsi ilə müraciət edilən tarixədək malların dəyərinin bir hissəsini iddiaçıya ödəməkdən yayınmışdır. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixədək cavabdehin iddiaçıya 5723,71 manat borcu yaranmışdır. 05 aprel 2022-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirmə aktı ilə cavabdeh borcunu bir daha etiraf etmişdir. 5.3. Borcunu ödəməsi ilə bağlı cavabdehə pretenziya göndərilmiş, cavabdeh isə pretenziyaya cavab verməmişdir. Həmçinin mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilsə də, sonuncu ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Bununla da dəfələrlə şifahi və yazılı müraciətlərə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci, 11.2-ci bəndlərindən görünür ki, cavabdeh malların dəyərinin ödənilməsini gecikdirmiş və buna görə də 136,22 manat gecikmə cəriməsini də iddiaçıya ödəməlidir. 5.4. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, cavabdeh 24 may 2021-cı il tarixli MT-28-24/05 saylı müqaviləyə əsasən malları qəbul etmiş və 05 aprel 2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirmə aktı ilə borcunu etiraf etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Eyni zamanda cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır.

6. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 599-cu və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, 05 aprel 2022-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirmə aktından sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi məhkəmə tapşırığı əsasında Türkiyə Respublikasının aidiyyəti məhkəməsi tərəfindən cavabdehə çatdırılmış, cavabdehin Azərbaycan Respublikasındakı filialının X1 Sistemində yaradılmış elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilmiş, filialın rəhbərinin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmişdir. Amma cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Müqavilə üzrə pulun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı (satıcı qismində) ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı qismində) arasında bağlanmış 24 may 2021-ci il tarixli MT-28-24/05 saylı müqavilənin 1-ci hissəsinə əsasən, Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan hesablaşma sənədlərində (hesab-faktura, elektron qaimə, qiymətlərin razılaşdırma protokolu və s.) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan malmaterialı Satıcıdan alır və Malın müqabilində Satıcıya hesab-fakturalardakı qiymətə əsasən müvafiq məbləği ödəyir.

14. Adıçəkilən müqavilənin 3 və 4-cü hissəsində alıcının hüquq və öhdəlikləri qismində satıcıdan malları bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə təhvil verilməsini tələb etmək, satıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini pozduqda, müqavilənin icrasından birtərəfli imtina etmək, malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək, satıcının hüquq və öhdəlikləri qimində isə alıcı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini pozduqda, müqavilənin icrasından birtərəfli imtina etmək, malı bu müqavilənin şərtlərinə uyğun alıcıya təhvil vermək, bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək, satıcı təchiz edilən avadanlığa 1 (bir) il zəmanət verməlidir (zəmanət yalnız istehsalçı tərəfindən buraxılan qüsurlar olduqda etibarlı sayılır).

15. Qeyd edilən müqavilənin 6-cı hissəsində göstərilmişdir ki, müqavilənin ümumi dəyəri bütün hesablarda göstərilən qiymətlərin cəmini təşkil edir.

16. Məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli EBBC 359216 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBC 527639, EBBC 530166 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBD 398396 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBE 585576 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBF 545412 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBG 167047, EBBG 200446 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli EBBJ 629268, EBBJ 656496, EBBJ 660820 seriya və nömrəli elektron qaiməfakturalardan görünür ki, həmin qaimələr ƏDV daxil olmaqla müvafiq olaraq 2584,2 manat, 5030,58 manat, 270,46 manat, 1956,44 manat, 4625,13 manat, 257,24 manat, 514,48 manat, 1217,76 manat, 4145,58 manat, 3725,26 manat və 2387,85 manat dəyərindəki müxtəlif adda məhsulların təhvili üçün rəsmiləşdirilmişdir.

17. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 394,2 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 2190 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 767,38 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 4263,2 manat və 41,26 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 229,2 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 298,44 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 1658 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 4249,6 manat və 764,93 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 39,24 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 218 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında 4981,2 manat və 896,62 manat "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialına ödənilmişdir.

18. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialına hesabat dövründə yaranmış borcu 26714,96 manat, ödənilən borcu 20991,25 manat, borc qalığı isə 5723,71 manat təşkil edir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müvafiq malları cavabdehə satmağı, cavabdeh isə hesablaşma sənədlərində (hesab-faktura, elektron qaimə, qiymətlərin razılaşdırma protokolu və s.) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan malmaterialı iddiaçıdan almağı və malın müqabilində iddiaçıya hesab-fakturalardakı qiymətə əsasən müvafiq məbləği ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə cavabdehə ümumilikdə 26714,96 manat dəyərində mallar verilmiş, həmin malların dəyərində 5723,71 manat ödənilməmişdir.

20. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 5723,71 manat pulun ödənilməsini tələb edir.

21. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

22. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

24. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

25. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

26. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının şərh edilməsindən öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh xarici hüquqi şəxs olmaqla bərabər, hər iki hüquqi şəxsin Azərbaycan Respublikasında filialı vardır və tərəflər müqavilənin 9-cu bəndində müqavilə üzrə yaranacaq mübahisəyə baxmağa səlahiyyətli məhkəmə olaraq Azərbaycan Respublikasının məhkəmələrini göstərmişlər. Belə olan halda, məhkəmə hazırkı mübahisəyə baxmağa səlahiyyətlidir.

27. Həmçinin, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).

28. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir. Hazırkı iş üzrə tərəflər arasında imzalanmış xx.xx.2021ci il tarixli müqavilənin 9-cu bəndində göstərilmişdir ki, müqavilə ilə əlaqədar yaranan və qarşılıqlı razılıqla həll edilə bilməyən hər hansı mübahisə və fikir ayrılığı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll olunur. Həmçinin, iddiaçı iddia ərizəsində məhz Mülki Məcəllənin normalarına istinad etməklə tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia ərizəsini almış, iddiaçının mübahisənin həlli üçün istinad etdiyi hüquqa etiraz etməmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

29. Məhkəmə göstərməyi zəruri hesab edir ki, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Bu mənada hüquqi şəxsin filialları mülki hüquq münasibətlərində təmsil etdikləri hüquqi şəxsin adından çıxış edir və həmin münasibətlərdən irəli gələn tələblər hüquqi şəxslərə qarşı irəli sürülə bilər.

30. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında bağlanmış müqaviləni təchizat müqaviləsi adlandırsa da, müqavilə mahiyyət etibarilə bir tərəfin şərtləşdirilmiş məhsulu digərinin mülkiyyətinə veriməyi, sonuncunun həmin məhsulu qəbul edib onun dəyərini ödəməyi öhdəsinə götürməsi ilə xarakterizə olunan alqı-satqı müqaviləsidir. Bu səbəbdən hazırkı işin müəyyən olunmuş hallarına məhz Mülki Məcəllənin alqı-satqı münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır.

31. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

33. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

34. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

36. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

37. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

38. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

39. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

42. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

43. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 5723,71 manat borc cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Dəbbə pulunun tutulması tələbi ilə bağlı

44. İddia ərizəsində iddiaçı 136,22 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

45. Tərəflər arasında bağlanmış 24 may 2021-ci il tarixli təchizat müqaviləsinin 11.2ci bəndinə əsasən, tərəflərdən biri Müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni mal və materialların təqdim edilməsi Satıcı tərəfindən, ödəniş isə Alıcı tərəfindən gecikdirilərsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün Müqavilənin ümumi dəyərinin 0,01% məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği müqavilənin məbləğinin 5%-dən artıq ola bilməz.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

47. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

48. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

49. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.

50. Eyni zamanda müqavilə üzrə sonuncu mal təhvili xx.xx.2021-ci il tarixdə olmuş və həmin gündən hesablanmaqla cavabdehin sonuncu ödəniş günü xx.xx.2021-ci il olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən iddia ərizəsi verilənədək gecikdirilən gün sayını 238 gün təşkil edir.

51. Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması tələbi təmin edilməli, 136,22 manat məbləğində pul cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

52. İddiaçı həmçinin 549 manat hüquqi yardım xərcinin və 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

53. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/2-01304 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.

54. Məhkəməyə təqdim edilən 07 sentyabr 2022-ci il 1802 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı və icra qeydinə əsasən müəyyən olunur ki, Bakı şəhəri 6 saylı vəkil bürosuna hüquqi yardım haqqı kimi 549 manat məbləğində pul iddiaçı tərəfindən köçürülmüşdür.

55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

56. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

57. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

58. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

59. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

60. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

61. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan pulun ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat və vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 549 manat pul cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 5723 (beş min yeddi yüz iyirmi üç) manat 71 (yetmiş bir) qəpik əsas borc, 136 (yüz otuz altı) manat 22 (iyirmi iki) qəpik cərimə borcu olmaqla ümumilikdə 5859 (beş min səkkiz yüz əlli doqquz) manat 93 (doxsan üç) qəpik məbləğində pul cavabdeh “X2 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat, hüquqi yadım xərcinin əvəzi olaraq 549 (beş yüz qırx doqquz) manat məbləğində pul cavabdeh “X2 X3 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar