Məhkəmə qərarları › İş №e-2-2(113)-1360/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1360/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1360/2023 17.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli, HA 004/0420 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 01 aprel 2020-ci il tarixli HA 004/ 0420 saylı müqavilə üzrə 15.327,20 manat məbləğində borcun, 3.065,44 manat məbləğində dəbbə pulunun və 200 manat məbləğində ödənilmiş mediasiya xərclərinin, cəmi 18.592,44 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2020-ci il tarixli HA 004/0420 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı cavabdehə 18.455,20 manat (ƏDV daxil) dəyərində müxtəlif çeşidli tikinti materiallarını satmışdır. 4 dekabr 2020-ci il tarixdə mallar cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdehə 5 dekabr 2020-ci il tarixdə müvafiq elektron qaimə göndərmişdir. 28 dekabr 2020-ci il tarixdə cavabdeh iddiaçıya 3.128 manat məbləğində pul vəsaitini ödəmişdir. Cavabdehin iddiaçıya 15.327,20 manat məbləğində ödənilməmiş borcu vardır. İddiaçı cavabdehə borcun ödənilməsinə dair pretenziya göndərsə də, cavabdeh pretenziya ilə bağlı hər hansı tədbir görməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair 28 dekabr 2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən 18 yanvar 2023-cü il tarixdə ilkin medasiya sessiyası təyin edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 yanvar 2023-cü il tarixli MŞB/MT015/2023- 00001-03 nömrəli arayış təqdim edilmişdir. Cavabdeh müqavilə üzrə ödənilməli 15.327,20 manat pul məbləğini ödəməməklə öhdəliklərin vicdanla yerinə yetirilməsi şərtini (pacta sund servanda) pozaraq öz öhdəliyini vaxtında icra etməmişdir. Digər tərəfdən, müqavilənin 6.2.-ci bəndinə əsasən cavabdehin iddiaçıya ödənilməli olan pul vəsaitinin ödənilməsinin gecikdirilməsi iddiaçıya əsas verir ki, hər gecikdirilmiş gün üçün 15.327,20 manat məbləğində ödənişin 1% həcmində dəbbə pulunu tələb etsin. Elektron qaimənin tarixindən ödəniş üçün nəzərdə tutulmuş 1 ay müddətini götürsələr, cavabdeh 5 yanvar 2021-ci il tarixədək məbləği tam ödəməli idi. Deməli, dəbbə pulunun hesablanması 5 yanvar 2021-ci il tarixdən başlamalı və hesablanma aşağıdakı kimi aparılmalıdır: 15.327,20 (gecikdirilən məbləğ) x 1% (faiz) x 760 gün (gecikdirilən müddət) = 116.486,72 manat. Lakin, hal-hazırda mövcud olan məhkəmə təcrübəsini nəzərə alsalar, 116.486,72 manat məbləğində dəbbə pulu ağlabatan hesab olunmaya bilər. Bu səbəbdən, ağlabatan məbləğ olaraq, gecikdirilmiş ödənişin 20%-i, yəni 3.065,44 manat məbləğində dəbbə pulunu tələb edirlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 01 aprel 2020-ci il tarixli HA 004/0420 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı satır, alıcı satıcı tərəfindən təqdim olunacaq hesabfakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricələrə uyğun olan vəziyyətdə tikinti materiallarını (bundan sonra – mal) satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. 2.1-ci bəndinə əsasən bu müqavilənin ümumi məbləği alıcının sifarişi əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturalar əsasında müəyyən olunacaqdır. 2.2-ci bəndinə əsasən mal(lar)ın qiyməti mal(lar) alıcıya təhvil verildikdən sonra bank köçürmə yolu ilə ödənilir. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə mal(lar)ın satıcının ünvanından alıcının müəyyən etdiyi ünvana çatdırılması alıcı tərəfindən həyata keçirilir. 4.2-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. 5.1.1-ci bəndinə görə alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək satıcının hüququdur. 5.2.1-ci bəndinə görə malı bu müqavilənin şərtlərinə uyğun alıcıya vermək satıcının vəzifəsidir. 5.4.2-ci bəndinə görə malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. 6.2-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı satıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. 6.3-cü bəndinə görə satıcı bu müqavilə ilə müəyyən olunmuş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcının hüquqi yaranır ki, malı satıcıdan almaqdan imtina etsin, belə malı üçüncü şəxsdən alsın və satıcıdan mala görə ödənilmiş pulu geri alsın, o cümlədən dəbbə pulunu (cəriməni) və vurulmuş ziyanın ödənilməsini satıcıdan tələb etsin. 10.7-ci bəndinə əsasən müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək hüquqi qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və alıcının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli akta əsasən 01 aprel 2020-ci il tarixli HA 004/0420 saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı tərəfindən tikinti mal-materialları alınmış və bunun üçün (ƏDV daxil) 18.455,20 manat dəyərində vəsait xərclənmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən ümumilikdə (ƏDV daxil) 18.455,20 manat məbləğində olan malların satılmasına dair xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. "xxxx" ASC (Qazax filialı) tərəfindən verilmiş (İddiaçı aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 01 aprel 2020-ci il tarixli HA 004/0420 saylı müqaviləyə əsasən tikinti materiallarının alışı üçün 3.128 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən Cavabdehnə pretenziya məktubu göndərilərək MMC-dən alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 aprel 2020-ci il tarixli HA 004/0420 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək ƏDV daxil 18.455,20 manat dəyərində müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı olan borcu 15.327,20 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçı mübahisəli müqavilə üzrə malların təqdim edilməsi faktını sübuta yetimək üçün ikitərəfli təhvil-təslim aktını, cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni, eləcə də cavabdehin həmin qaimə əsasında hissəvi ödəniş etməsini təsdiq edən bank hesabından çıxarışı təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malların təqdim edilməsi faktı yuxarıda qeyd edilən sübutların məcmusu ilə öz təsdiqini tapır. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyəri olan 15.327,20 manat məbləğində borcun ödənilməsini Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı X2 alqı-satqı müqaviləsi üzrə əsas borcla yanaşı 3.065,44 manat məbləğində dəbbə pulunun ödənilməsi tələbini də irəli sürmüş və həmin hissədə iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış 01 aprel 2020-ci il tarixli HA 004/0420 saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə istinad edilmişdir. Mülki Məcəllənin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı halda isə dəbbə pulunun tutulması üçün qanunda nəzərdə tutulmuş əsasın mövcudluğu müəyyən edilmir, eləcə də tərəflər arasında bağlanmış müqavilədə alıcı tərəfindən öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması nəzərdə tutulmamışdır. İddiaçının dəbbə pulu tələbini əsaslandırmaq üçün istinad etdiyi 01 aprel 2020-ci il tarixli HA 004/0420 saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə gəldikdə həmin bənddə satıcının əşyanı vermək öhdəliyinin icrasının gecikdirilməsinə görə alıcının dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Hazırda dəbbə pulunu tələb edən tərəf satıcı olduğundan sözügedən bəndin mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi istisna olunur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 145,18 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 170 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15.327,2 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar