Məhkəmə qərarları › İş №e-2-2(113)-1362/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1362/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1362/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə 25 fevral 2019-cu il tarixli 394-GL/19 nömrəli müqavilə üzrə 500 (beş yüz) manat gecikdirilmiş borc və hesablanmış 574,81 manat (beş yüz yetmiş dörd manat səksən bir qəpik) cərimə məbləği, eləcə də 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat gecikdirilmiş borc və hesablanmış 2859,13 manat (iki min səkkiz yüz əlli doqquz manat on üç qəpik) cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 25 fevral 2019-cu il tarixli, 394-GL/19 nömrəli və 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 25 fevral 2019-cu il tarixli, 394- GL/19 nömrəli müqavilə üzrə 500 (beş yüz) manat gecikdirilmiş borcu və hesablanmış 574,81 manat (beş yüz yetmiş dörd manat səksən bir qəpik) cərimə məbləği, eləcə də 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat gecikdirilmiş borcu və hesablanmış 2859,13 manat (iki min səkkiz yüz əlli doqquz manat on üç qəpik) cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edirlər. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 ( beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 748-1.12.4-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddianın tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə 25 fevral 2019-cu il tarixli, 394-GL/19 nömrəli müqavilə üzrə hesablanmış 574,81 manat (beş yüz yetmiş dörd manat səksən bir qəpik) cərimə məbləği, eləcə də 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat gecikdirilmiş borc və hesablanmış 2859,13 manat (iki min səkkiz yüz əlli doqquz manat on üç qəpik) cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2025-ci il tarixində 394-GL/19 nömrəli müqavilə üzrə olan əsas borc öhdəliyini yerinə yetirərək, 500 manat məbləğində ödəniş etmişdir. Lakin cərimə məbləği, həmçinin digər müqavilə üzrə həm əsas borc, həm də cərimə məbləği ödənilməmiş qalır.

6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı əsas borc hissəsində qəbul edir, cərimə məbləğini və vəkilə ödənilımiş xərci qəbul etmir və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. O, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və bu müddət ərzində cəzaçəkmə müəssisəsində olmuş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə qalan cəzasının çəkilməsindən şərti azad olunmuşdur. Borc məbləğinin ödənilməməsi də həmin səbəbdən mümkün olmamışdır. Artıq ödənişlərin edilməsinə başlamışdır. 25 fevral 2019cu il tarixli müqavilə üzrə qalan borc məbləğini ödəmişdir. Həmin halların nəzərə alınmasını məhkəmədən xahiş edir.

9. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən ümumi məbləği 20019 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verən qrafik üzrə ödənişə nəzarət edir və lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci maddəsində göstərilən hərəkətləri edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan müqavilənin 2 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən lizinq alan texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması deməkdir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Həmin müqavilənin 9-cu maddəsinə əsasən müqavilə mzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.

10. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının (taxılsəpən, gübrəsəpən) lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 394-GL/19 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verən qrafik üzrə ödənişə nəzarət edir və lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci maddəsində göstərilən hərəkətləri edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan texnikanın istifadəsinə görə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş qrafiki kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2019-cu il tarixli protokolu nəzərə alınmaqla tərtib edilir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən lizinq alan texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərəd tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması deməkdir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Həmin müqavilənin 9-cu maddəsinə əsasən müqavilə mzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 707/Ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, Şabran rayonu, Zeyvə kənd sakini Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 1558-L/18 və 4970ü/xx.xx.2018 nömrəli müqavilələrinə xitam verilsin və əmrlər qüvvədən düşmüş hesab olusun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 394-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə adıçəkilən kənd təsərrüfatı texnikası (taxılsəpən, gübrəsəpən) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.

12. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 3134/Ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, Şabran rayonu, Zeyvə kənd sakini Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 202-L/18 və 904ü/xx.xx.2018 nömrəli müqavilələrinə xitam verilsin və əmrlər qüvvədən düşmüş hesab olusun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə adıçəkilən kənd təsərrüfatı texnikası (kotan 4 gövdəli, traktor belarus) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.

13. "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsinə (güzəşt) 1 nömrəli əlavədə müqavilə üzrə ümumi borcun 20019 manat təşkil etdiyi qeyd edilmişdir. Əlavə tərəflərin imzası ilə təsdiq edilmişdir.

14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 12551 manat, gecikdirilmiş borc 5596 manat, hesablanmış cərimə 2859,13 manat olmaqla, ümumilikdə 8455,13 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 7468 manat təşkil edir.

15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 394-GL/19 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 500 manat, gecikdirilmiş borc 500 manat, hesablanmış cərimə 574,81 manat olmaqla, ümumilikdə 1074,81 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 2216 manat təşkil edir.

16. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafikləri və hesabdan çıxarış əlavə olunmuşdur.

17. xx.xx.2018-ci il tarixli, 2/130 nömrəli "xxxx" ASC-yə məxsus texnikaların təhvilqəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd Belarus-892 markalı traktor təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

18. xx.xx.2018-ci il tarixli, 5/158 nömrəli "xxxx" ASC-yə məxsus texnikaların təhvilqəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd AK-4-35 markalı kotan 4 gövdəli asma təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

19. xx.xx.2018-ci il tarixli, 675 nömrəli "xxxx" ASC-yə məxsus texnikaların təhvilqəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd AG-TS-24 markalı taxılsəpən, gübrəsəpən təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

20. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

21. Cavabdeh tərəfindən izahatında qeyd etdiyi hallarla bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-/2022 saylı hökmünü, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-/2024 saylı, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-/2024 saylı qərarlarını məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi

24. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

25. İddia tələbinin bir hissəsini cavabdehdən 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat gecikdirilmiş borcun tutulması təşkil edir.

26. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir.

27. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

28. İddia tələbinin digər hissəsini xx.xx.2024-cü il tarixə 25 fevral 2019-cu il tarixli, 394-GL/19 nömrəli müqavilə üzrə hesablanmış 574,81 manat və eləcə də 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə hesablanmış 2859,13 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini (cavabdehin izahatında qeyd hallar təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır) nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan cərimə məbləği azaldılaraq xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli, 394-GL/19 nömrəli müqavilə üzrə 15 (on beş) manat, xx.xx.2018-ci il tarixli, 769- GL/18 nömrəli müqavilə üzrə 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir.

31. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, cavabdeh qeyd etdiyi hallarla bağlı həmin məbləğin ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

32. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərə mütənasib olaraq 280 (iki yüz səksən) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə 77,61 manat (səksən manat altmış bir qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli, 394-GL/19 nömrəli müqavilə üzrə hesablanmış 15 (on beş) manat cərimə, xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat əsas borc, 150 (yüz əlli) manat cərimə və 280 (iki yüz səksən) manat hüquqi yardım xərci olmaqla, cəmi 6041 (altı min qırx bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. Cavabdeh 77,61 manat (səksən manat altmış bir qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar