Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1369/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə 251-GL/18 nömrəli müqavilə üzrə 3034 (üç min otuz dörd) manat gecikdirilmiş borc və hesablanmış 4031,13 manat (dörd min otuz bir manat on üç qəpik) cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 21 fevral 2018-ci il tarixli 251-GL/18 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 251-GL/18 nömrəli müqavilə üzrə 3034 (üç min otuz dörd) manat gecikdirilmiş borc və 4031,13 manat (dörd min otuz bir manat on üç qəpik) cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 ( beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 748-1.12.4-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı əsas borcun tutulması hissəsində qəbul etdiyini, digər hissədə isə qəbul etmədiyini, bildirdi və iddianın qismən təmin olunmaslna etiraz etmədi.
7. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 251-GL/18 nömrəli lizinq (güzəşt) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən ümumi məbləği 5155 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnikanın qalan hissəsini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verən qrafik üzrə ödənişə nəzarət edir və lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda müqavilənin 5.2-ci maddəsində göstərilən hərəkətləri edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan müqavilənin 2 nömrəli əlavəsində göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən lizinq alan texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması deməkdir. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Həmin müqavilənin 9-cu maddəsinə əsasən müqavilə mzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 1067/Ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, Qusar rayonu, Kuzun- Qış kənd sakini Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 655-L/14 və 985ü/xx.xx.2014 nömrəli müqaviləsinə xitam verilsin və əmrlər qüvvədən düşmüş hesab olunsun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 251-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə adıçəkilən texnika (mini-traktor YTO-404) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.
9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 251-GL/18 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 3034 manat, gecikdirilmiş borc 3034 manat, hesablanmış cərimə 4031,13 manat olmaqla, ümumilikdə 7065,13 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 2121 manat təşkil edir.
10. 21 fevral 2018-ci il tarixli, 251-GL/18 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsinə əsasən xx.xx.2018-ci il tarixli müqavilə əsasında ümumi dəyəri 5155 manat olan 1 ədəd mini-traktor YTO-404 texnikası Cavabdeh təhvil verilmişdir. Əlavə tərəflərin imzası ilə təsdiq edilmişdir.
11. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki və hesabdan çıxarış əlavə olunmuşdur.
12. xx.xx.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil-qəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd YTO-404 markalı traktor təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək, əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
16. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
17. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2024-cü il tarixə 251-GL/18 nömrəli müqavilə üzrə 3034 manat gecikdirilmiş borcun tutulması təşkil edir.
18. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 251-GL/18 nömrəli müqavilə üzrə müqavilə üzrə 3034 (üç min otuz dörd) manat əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir.
19. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
20. İddia tələbinin digər hissəsini hesablanmış hesablanmış 4031,13 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.
21. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan cərimə məbləği azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir.
23. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, cavabdeh həmin məbləğin ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.
24. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq, işin halları nəzərə alınmaqla, ödənilmiş tələblərin məbləğinə mütənasib 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə 51,84 manat (əlli bir manat səksən dörd qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 251-GL/18 nömrəli müqavilə üzrə müqavilə üzrə 3034 (üç min otuz dörd) manat əsas borc, 150 (yüz əlli) manat cərimə və 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 3484 (üç min dörd yüz səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 51,84 manat (əlli bir manat səksən dörd qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova