Məhkəmə qərarları › İş №e-2-2(113)-137/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-137/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-137/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Qələndər qızının, Cavabdeh nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdehnə qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, MSCS/AZB /021/2017 saylı müqaviləyə əsasən 86487.46 manat səhvən ödənilmiş idxal rüsumu və 43456.07 manat qüsurlu xidmətə görə ödənilmiş məbləğ olmaqla, cəmi 129943.53 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, MSCS/AZB /021/2017 saylı müqaviləyə əsasən 86487.46 manat səhvən ödənilmiş idxal rüsumu və 43456.07 manat qüsurlu xidmətə görə ödənilmiş məbləğ olmaqla, cəmi 129943.53 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən etibarən təşkilati hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətindən Qapalı Səhmdar Cəmiyyətinə çevrilən iddiaçı ilə cavabdeh arasında “Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə” xx.xx.2017-ci il tarixli, MSCS/AZB /021/2017 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya Azərbaycan Respublikası ərazisində idxal-ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşmə xidməti göstərilməsi və yüklərin hava limanında, terminalda, dəmir yolu stansiyasında boşaldılması xidmətləri göstərilməsini öz üzərinə götürmüşdür. xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixli bəyannamələrdən görünür ki, bəyannaməçi cavabdehiddiaçı üçün ilkin formalarda xüsusi çəkisi 0.94-dən az olan xətti polietilen adlı malı gömrük orqanlarına bəyan etmişdir. Malın alındığı ölkə tərəfindən verilmiş fakturada (invoice) və həmin ölkə tərəfindən tərtib olunmuş gömrük rəsmiləşdirilməsində göstərilən malın adı ilə Cavabdehtərəfindən tərtib edilmiş gömrük bəyannamələrində malın adı və kodu səhv qeyd edilmişdir. Belə ki, fakturda mal adı POLY ETHY LENE GRANULAT ED RECYCLE, kod nömrəsi HS CODE: ********** kimi əks olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş gömrük bəyannamələrində isə malın adı ilkin formalarda xüsusi çəkisi 0.94dən az olan xətti polietilen, kod nömrəsi ********** kimi əks olunmuşdur. İddiaçının aldığı malın idxal gömrük rüsumu 0% olduğu halda gömrük bəyannaməsində göstərilən mal adı və kodunun idxal gömrük rüsumu gömrük dəyərinin 15 %-i nəzərdə tutulmuşdur. Bununlada malın adında və kodlaşırılmasında yalnışlığa yol verilməsi nəticəsində iddiaçıya idxal rüsumu olaraq 86487.46 manat məbləğində pul vəsaiti köçürmüşdür. Cavabdehə isə xidmət haqqı olaraq 43456.07 manat köçürülmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində qeyd olunur ki, tərəflər hazırki Müqavilə üzrə götürdükləri öhdəliklərini tam, qüsursuz və yaxud lazimi şəkildə yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam maddi məsuliyyət daşıyacaqlar. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.3-cü maddəsinə əsasən, Sifarişçi sifariş edir, İcraçı isə Şifarişçinin vəsaiti hesabına idxal və ixrac edilən malın qəbulunu, nəqlini, çatdırılma, ekspedisiyasını və malların ixrac-idxal gömrük rəsmiləşdirilməsini öz üzərinə götürür. Həmin Müqavilənin 1.1-ci bəndində göstərilir ki, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşmə xidməti göstərilməsi xidmətləri təqdim edir. Azərbaycan Respublikasının qanunvericilik normalarında və tərəflər arasında bağlanmış müqavilənin normalarından görünür ki, cavabdeh müqavilə tələblərini pozaraq, qüsurlu xidmət göstərmişdir. Belə ki, hər kəsə məlumdur ki, gömrük rəsmiləşdirilməsi tamamilə ixtisaslaşma üzərində dayanan bir xidmətdir və bu əməliyyatların aparılması qanunvericilikdə də nəzərdə tutulmuş broker şirkətlər tərəfindən həyata keçirilir. İddiaçı da buna əsaslanaraq, ona görə cavabdeh ilə müqavilə imzalamışdır və orada həm gömrük rəsmiləşdirilməsinin aparılması, həm də bununla bağlı məsləhətlərin verilməsi xidməti nəzərdə tutulmuşdur. Bunun müqabilində isə iddiaçı tərəfindən cavabdehə xidmət haqqı ödənilmişdir. Lakin iddiaçının xarici ölkədən aldığı mal ölkəyə idxal olunduqdan sonra bizə məlum olmuşdur ki, Gömrük bəyannaməsinin ən vacib amili olan malların kodllaşdırılmasında kobud yalnışlığa yol verilmiş və bunun nəticəsində idxal gömrük rüsumundan azad olan mala görə 86487.46 idxal gömrük rüsumu ödənilmişdir. Bundan başqa cavabdehəəlavə dəyər vergisi daxil olmaqla, 43456.07 manat məbləğində görülmüş işlərə görə xidmət haqqı ödənilmişdir. İdxal gömrük rüsumundan azad olmanın mahiyyəti ölkədə sahibkarlığın inkişafı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına xidmət edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul da həmçinin ona xidmət edir ki, ölkədə sahibkarlıq inkişaf etsin. Belə bir dönəmdə bir sahibkara 86487.46 manat maddi ziyan vurulması və idxal rüsumundan azad olan malı rüsumlu kimi rəsmiləşdirilməsi kobud səhvə yol verilməsidir. Cavabdeh iddiaçıya vurduğu ziyana görə məsuliyyət daşıyır. Ona görə də iddiaçının xeyrinə 86487.46 manat səhvən ödənilmiş idxal rüsumu və 43456.07 manat qüsurlu xidmətə görə ödənilmiş məbləğ olmaqla, cəmi 129943.53 manat məbləğində pul tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Qələndər qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsində artıq ödənilmiş rüsumların qaytarılması proseduru müəyyən olunsa da, cavabdehə qüsursuz xidmət göstərilməsi ilə bağlı pul ödənilmişdir. Buna görə də iddiaçıya dəymiş ziyan cavabdehdən tutulmalıdır. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddia ərizəsinin əsasını iddiaçı tərəfindən gətirilmiş malın kodunun Gömrük Bəyannaməsinə ********** kimi deyil, məhz ********** kimi qeyd edilməsi və bununla da iddiaçı tərəfindən dövlət büdcəsinə əlavə idxal gömrük rüsumunun ödənilməsi təşkil edir. Məlum olduğu kimi, mal Azərbaycan Respublikasının ərazisinə gətirildikdə, ona Gömrük inspektorları tərəfindən baxış keçirilir, maldan nümunələr götürülməklə gömrük ərazisindəki müvafiq laborotoriyaya təqdim edilir və yalnız bundan sonra malın faktiki tərkibi müəyyən edilir. Bundan başqa, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı bu məbləği Gömrük İdxal rüsumu kimi Cavabdehnə deyil, məhz Dövlət büdcəsinə ödəmişdir. Gömrük Məcəlləsinin 269-cu maddəsinə görə, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270-ci maddəsinə görə, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.İddiaçı (ödəyici) bunu etməmişdir. Həmin Məcəllənin 270.2-ci maddəsinə görə, ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. Bu Məcəllənin 270.3-cü maddəsinə görə, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Göründüyü kimi, hazırki iddia tələbində adı gedən iddia məbləğinin məhz cavabdehdən tələb edilməsi əsassızdır. Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, MSCS/AZB/021/2017 saylı “Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə” sənədləri icraçıya təqdim edir. Məlum olduğu kimi, icraçı yalnız sifarişçinin ona təqdim etdiyi sənədlər əsasında Gömrük Bəyannamələrini tərtib edir və Sifarişçi tərəfindən təqdim edilən səhv məlumatlar üçün İcraçı heç bir məsuliyyət daşımır. Bundan başqa, Gömrük Məcəlləsinin 157.1-ci maddəsinə görə, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Gömrük Bəyannamələrindən göründüyü kimi, cavabdeh tərəfindən tərtib edilən gömrük bəyyannamələri təsdiq olunması üçün məhz iddiaçıya təqdim edilir, yalnız iddiaçı tərəfindən gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində və onun əlavə vərəqlərində göstərilən məlumatlar təsdiq edildikdən sonra Gömrük Bəyannaməsi təsdiqlənərək arxivləşdirilir və mal buraxılışa verilir. Sübut olunarsa iddiaçının faktiki gətirdiyi mala görə qanunvericilikdə 0% idxal gömrük rüsumu nəzərdə tutulmuşdur, o zaman bu artıq ödənilən məbləğ Dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Gömrük Məcəlləsinin 267.1.2-ci maddəsinə görə, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri qaytarılır. Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə görə, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Beləliklə, təkzibedilməz haldır ki, gömrük orqanları bəyannaməçidən gömrük bəyannaməsində hər-hansı düzəliş tələb etməyib (buna lüzum görməyib) malın buraxılışını həyata keçirib. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən Bəyannaməçi tərəfindən Gömrük Bəyannaməsi tərtib edildikdə hər hansı düzgün olmayan hal müəyyən edilmədiyindən Gömrük İnspektoru tərəfindən malların buraxılışı həyata keçirilmişdir. Hazırki iddiaüzrə Gömrük Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli yazılı mülahizədən də birmənalı göründüyü kimi,Bəyannaməçinin bəyan etdiyi Gömrük Bəyannamələrində Dövlət Gömrük Komitəsi tərəfindən hər-hansı bir düzgün olmayan məlumatların qeyd edildiyi aşkar edilməmişdir. Eyni zamanda İddiaçı tərəfindən iddia edilən, guya daha öncə ölkəyə idxal edilən malların sıfır faiz idxal gömrük rüsumu alınmalı olduğunu təsdiq edən sənədlərin cavabdehə təqdim edildiyini təsdiq edən hər-hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də həm cavabdeh tərəfindən yazılmış Gömrük Bəyannamələrindən, həm bu Bəyannamələrin 50-ci qrafasında iddiaçı tərəfindən gömrük bəyannaməsində və onun əlavə vərəqlərində göstərilən məlumatlar təsdiq edildiyindənvə bunun digər sübutu kimi də dövlət büdcəsinə müvafiq ödənişləri həyata keçirməsindən, həmdəki gömrük inspektoru tərəfindən Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edilməklə, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra malların buraxılışını həyata keçirdiyini nəzərə alaraq,iddiaçının iddia tələbləri tam əsassız, yalnız formal mülahizələrdən ibarətdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlər əsasında gömrük bəyannamələrini tərtib etmiş, sonda iddiaçı həmin bəyannamələri təsdiq etmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Gömrük Məcəlləsinin 321-ci maddəsinin mənasından bəlli olur ki, bəyannaməçi tərəfindən malın təsnifat kodu bəyannamədə düzgün göstərilmədikdə, gömrük orqanları özləri həmin malları təsnifatlandırır və bu barədə onların qərarları məcburi xarakter daşıyır. Eyni zamanda malın təsnifat kodunun müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50-ci maddəsinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların təsnifatlandırılması zəruridir, çünki həmin təsnifata uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Təsnifatlandırma isə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında müəyyən edilmiş kodla aparılmalıdır. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların təsnifat kodunun müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın təsnifat kodunun müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Bəyannaməçi cavabdeh bununla bağlı gömrük orqanına müraciət etməmişdir. Əlavə olaraq bildirir ki, malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə kodlaşdırılmasının tam ekspertizası götürülmüş nümunələrin kimyəvi tərkibinin və xarici görünüşünün əsasında aparılır. Bəyannaməçi cavabdeh idxal edilmiş malın təsnifat kodunu bəyannamədə göstərmiş, gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. Bəyannaməçi cavabdeh gömrük bəyannamələrinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq etmiş, 54-cü qrafasında isə bəyannaməçinin, təmsilçinin imzası, adı, möhürü və tarix ilə təsdiqlənmiş və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Sonda üçüncü şəxsin nümayəndəsi iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti xx xxxxxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2017-ci il tarixli MSCS/AZB/021/2017 nömrəli gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə müqavilədən görünür ki, cavabdeh iddiaçıya Azərbaycan Respublikası ərazisində idxal-ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşmə xidməti göstərilməsi və yüklərin hava limanında, terminalda, dəmir yolu stansiyasında boşaldılması xidmətləri göstərilməsini, iddiaçı isə hər xidmətin göstərilməsi üzrə ödənişləri manatla və Əlavədə göstərilmiş qaydada və razılaşdırılmış qiymətlərlə həyata keçirməyi öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 43 saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 38 saylı, xx.xx.2018-ci il tarixli 909247 saylı və xx.xx.2018-ci il tarixli 72 saylı ödəniş tapşırıqlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına müvafiq olaraq 5000 manat, 5000 manat, 5000 manat, 5248,48 manat, 16578,70 manat və 5029,80 manat, cəmi 41856,98 manat məbləğində pul ödənilmişdir. Gömrük bəyannamələrinin surətlərindən görünür ki, bəyannamələrdə malın adı ilkin formalarda xüsusi çəkisi 0,94-dən az olan xətti polietilen, malın kodu ********** kimi göstərilmişdir. Gömrük bəyannamələri iddiaçı tərəfindən təsdiq edilmişdir. “Aerostar LP” firması tərəfindən verilmiş invoysların surətlərindən görünür ki, malın adı X1, kod nömrəsi HS CODE: ********** kimi göstərilmişdir. Mənşə sertifikatlarının surətlərindən görünür ki, malın adı X1, kod nömrəsi HS CODE: ********** kimi göstərilmişdir. xx xxxx 2019-cu il tarixli 024/19 saylı maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə, MSCS/AZB/021/2017 nömrəli gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən gömrük bəyannaməsi hazırlanarkən xx.xx.2018 tarixindən xx.xx.2018-ci il tarixinədək səhvən daxil edilmiş koda (**********) görə iddiaçıya 86487.46 manat ziyan dəymişdir. Sonradan iddiaçı tərəfindən aşkar olunmuşdur ki, iddiaçıya idxal olunan mallar ********** kodu ilə rəsmiləşdirilməli olduğu halda, idxal edilən mallar 15% gömrük rüsumundan azaddır. Hazırda iddiaçıya idxal olunan həmin mallar ********** nömrəli malın kodu ilə 15% gömrük rüsumundan azad olaraq həyata keçirilir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1.2-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdəqaytarılır. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 270.2-ci maddəsinə əsasən Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2017-ci il tarixli MSCS/AZB/021/2017 nömrəli gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya Azərbaycan Respublikası ərazisində idxal-ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşmə xidməti göstərilməsi və yüklərin hava limanında, terminalda, dəmir yolu stansiyasında boşaldılması xidmətləri göstərilməsini, iddiaçı isə hər xidmətin göstərilməsi üzrə ödənişləri manatla və Əlavədə göstərilmiş qaydada və razılaşdırılmış qiymətlərlə həyata keçirməyi öhdələrinə götürmüşlər. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçının nümayəndəsi və vəkili gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş malların adının və kodunun cavabdeh tərəfindən səhv yazılmasını bildirsə də, malların düzgün yazılışının əks olunduğuna istinad etdiyi malların alındığı ölkə tərəfindən verilmiş fakturanın (invoice) və həmin ölkə tərəfindən tərtib olunmuş gömrük rəsmiləşdirilməsinə dair sənədlərin cavabdehə təqdim olunması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçının cavabdeh tərəfindən səhv yazılmasına dair istinad etdiyi gömrük bəyannamələrinin 50-ci qrafasından göründüyü kimi bəyannamələrdə göstərilən məlumatları iddiaçının özü təsdiq etmiş, habelə həmin mallara görə hesablanmış gömrük rüsumunu dövlət büdcəsinə ödəmişdir. Bundan başqa, tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatları ilə müəyyən olunur ki, gömrük orqanı tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 162.1ci maddəsinə müvafiq olaraq, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edilməklə, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra malların buraxılışı həyata keçirilmişdir. Göründüyü kimi, cavabdehin bəyan etdiyi gömrük bəyannamələrində gömrük orqanı tərəfindən hər-hansı bir düzgün olmayan məlumatların qeyd edilməsi halı aşkar edilmədiyindən gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildikdə artıq ödənilmiş məbləğin qaytarılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1.2-ci, 269-cu və 270-ci maddələrinin tələblərindən göründüyü kimi gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildikdə artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia etdiyi səhvə yol verilməklə artıq ödənilmiş gömrük ödənişləri cavabdehdən tutula bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qapalı səhmdar cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar