Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1371/2021 02.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən əsas borc olaraq 14839 (on dörd min səkkiz yüz otuz doqquz) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 155,4 manat, əldən çıxmış faydaya görə 1187,12 manat, cəmi 16181,52 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh ASC (Alıcı) arasında xx.xx.2019-cu il tarixli, 26.02/1/19 saylı mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh ASC-yə qaimə-fakturalar əsasında mal satmışdır. Cavabdeh ASC aldığı malların dəyəri olan 14839 (on dörd min səkkiz yüz otuz doqquz) manat (ƏDV daxil) borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 2.2-ci bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini razılaşdırılmış qrafikə uyğun ödəməlidir. Həmin müqavilənin 5.1-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə, gecikən hər gün üçün vaxtında ödənilməmiş məbləğin ümumi dəyərinin 0,005% miqdarında cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət edilmişdir. Lakin cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 14839 (on dörd min səkkiz yüz otuz doqquz) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 155,4 manat, əldən çıxmış faydaya görə 1187,12 manat (Mərkəzi Bankın uçot faiz dərəcəsi 8%) cəmi borc 16181,52 manat təşkil edir. Gecikmə faizi olaraq hesablanan borc xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, tələbi əsas borc hissəsində qəbul edir və iddianın qismən təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 26.02/1/19 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “satıcı” Müqavilənin 2.1-ci maddəsində göstərilmiş malları “alıcı”ya verməyi, “alıcı” isə həmin malları qəbul edərək əvəzində malların dəyərini Müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş qrafıkə uyğun şəkildə “satıcı”ya ödəməyi öhdəsinə götürür; 2.1-ci maddəsinə əsasən bu müqaviləyə əsasən “satıcı” izolyasiya materiallarını “alıcı”ya verir; 2.2-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri elektron qaimə və ya Qiymət razılaşdırma Protokoluna uyğun olaraq təyin olunur. - 2019-cu ildə tərtib olunmuş Qiymət razılaşdırma Protokollarından (1,2..-32 saylı) görünür ki, malların miqdarı, dəyəri tərəflər arasında razılaşaşdırılmış və tərəflərin imza və möhürü ilə təsdiq olunmuşdur. Malların qəbulu təhvil-təslim sənədləri əsasında olmuş, elektron qaimələr göndərilmişdir (iş materiallarına əlavə olunub). - İddiaçı MMC tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə qədər 14839 manat məbləğində borcun ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında malların verilməsi təhviltəslim sənədləri əsasında həyata keçirilmiş, tərəflər arasında Qiymət razılaşdırma Protokolları tərtib edilmiş, elektron qaimələr göndərilmişdir. Cavabdehin nümayəndəsi müqavilə üzrə iddiaçıya 14839 (on dörd min səkkiz yüz otuz doqquz) manat ödənilməmiş məbləğin qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc kimi 14839 (on dörd min səkkiz yüz otuz doqquz) manat manat məbləğində manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də 155,4 manat cərimə məbləğinin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehin öhdəliklərini vaxtında icra etməməsi, icranın gecikdirildiyi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi 155,4 manat məbləğində cərimənin cavabdehdən tutulması hissəsində də təmin olunmalıdır. İddia tələbinin bir hissəsini də əldən çıxmış faydaya görə 1187,12 manat pulun cavabdehdən tutulması təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış faydanı tələb etsə də, bununla bağlı heç bir sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 30 manat dövlət rüsumunun 28 manat hissəsi cavabdehə, 2 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 14839 (on dörd min səkkiz yüz otuz doqquz) manat əsas borc, 155,4 manat (yüz əlli beş manat qırx qəpik) məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat olmaqla, cəmi 15022,4 manat (on beş min iyirmi iki manat qırx qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 2 (iki) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1371/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1371/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver