Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1375/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X2 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “4 X1” MMC - ədəsnas borc 25.570,96 AZN, ödənilmiş dövlət rüsumu 169 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə, 26.089,96 manatın tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra: İddiaçı) ilə “4 X1” MMC (bundan sonra: Cavabdeh) arasında NSM/005/2024 saylı alqı-satqı Müqaviləsi (bundan sonra: Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı tərəflər arasında razılaşdırılmış malları alaraq müvafiq ödənişləri yerinə yetirməlidir. İddiaçı tərəfindən müvafiq mal və məhsullar Cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən ödəniş tam həcmdə yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.4-cü maddəsinə əsasən, Alıcı növbəti ayın 10-dan gec olmayaraq aldığı malın dəyərinin tamamını ödəyir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 34.070,96 manat dəyərindən mal göndərilmişdir. Bununla bağlı zəruri sənədlərin surəti əlavə edilir. Cavabdeh həmin malların dəyərindən cəmi 8.500 manat məbləğində ödəniş etmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, 25.570,96 manat borc məbləği yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayənədəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia ərizəsinin təmin olunması barədə qiyabi qətnamənin çıxarılmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı ərizəsini razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında NSM/005/2024 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya müxtəlif malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. - 2.4-cü bəndinə əsasən “alıcı” hazırki müqaviləyə əsasən aylıq aldığı malın dəyərinin ödənişini növbəti ayın 10- dan gec olmayaraq və ya əvvəlcədən avans kimi Satıcının hesablaşma hesabma köçürmə yolu ilə həyata keçirir. - 3.2.1-ci bəndinə əsasən “alıcı” Satıcının ona satdığı malı qəbul edib onun dəyərini bu müqavilənin 2-ci maddəsində müəyyən edilmiş qaydada Satıcıya ödənilməsini öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə EBEA 902028 nömrəli xx.xx.2024-cü il tarixli 8000 manat,EBEB 670553 saylı xx.xx.2024-cü il tarixli 6400 manat,EBEB 783578 saylı xx.xx.2024-cü il tarixli 862.28 manat, EBED 818865 saylı xx.xx.2024-cü il tarixli 877.99 manat, EBEA 660000 nömrəli xx.xx.2024-cü il tarixli 8000 manat, EBDY 357396 saylı xx.xx.2024-cü il tarixli 1044.53 manat, EBEA 340980 nömrəli xx.xx.2024-cü il tarixli 8000 manat,EBDZ 916023 nömrəli xx.xx.2024-cü il tarixli 886.18 manat məbləğində elektron qaimə göndərilmişdir.
12. 29.05.2024-cü il tarixli ödəniş tapşırığı (Cavabdeh MMC-yə aid) təsdiq edilir ki, İddiaçı MMC-nin hesabına EBED 783578 saylı,EBEB 670553 saylı,EBEA 902028C saylı,EBEA 660000 saylı elektron qaimələr üzrə 3500 manat ƏDV məbləği ödənilmişdir.
13. 29.05.2024-cü il tarixli ödəniş tapşırığı (Cavabdeh MMC-yə aid) təsdiq edilir ki, İddiaçı MMC-nin hesabına EBEA 660000 saylı elektron qaimə üzrə 5000 manat ƏDV məbləği ödənilmişdir.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
16.Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. 17.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 25570.96 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarıma əlavə ediliş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi, elektron qaimə ilə təsdiq edilir. 18.Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 25570.96 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 25570.96 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 25570.96 manat borc tutularaq iddiaçıya ödənilməlidir. 19.Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 350 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
20. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 169 manat təşkil edir.
21. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
22. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 169 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 25570.96 (iyirmi beş min beş yüz yetmiş manat doxsan altı qəpik),350 (üç yüz əlli) manat və dövlət rüsumunun əvəzi olaraq 169 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova