Məhkəmə qərarları › İş №e-2-2(113)-1376/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1376/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1376/2022 05.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Yük Taksisi.Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "Yük Taksisi.Az” Məhdud Məsuliyyətli Cəmiyyəti (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29839,40 manat məbləğində əsas borc, 10081 manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 690 manat, 200 manat mediasiya haqqı və 34 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21.01.2019-cu il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 20/19 nömrəli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, xidmət müqabilində xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, ümumilikdə 29839,40 manat məbləğində borcu ödəməmişdir. Borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 024226, 025263, 026337, 027488, 028680, 029755 nömrəli aktlarla təsdiq edilir. İddiaçı tərəfindən cavabdehə 02 noyabr 2021-ci il tarixində 3 iş günü müddətində 29839,40 manat borc məbləğini tələb etməkləri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, 06 dekabr 2021-ci il tarixində iddiaçı tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmiş, 27 yanvar 2022-ci il tarixində baş tutmuş ilkin sessiyada iddiaçı tərəfindən cavabdehə bir neçə təkliflər edilmiş, sonuncu isə təklifləri rədd etmişdir. Bu səbəbdən cavabdehlə konkret nəticəyə gələ bilmədiklərindən, hazırkı mübahisə mediasiya mərhələsində də kompromis yolu ilə həll edilməmişdir. Bu barədə İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 27 yanvar 2022-ci il tarixli, MŞB/2- 00143 saylı arayış tərtib edilmişdir. Beləliklə, göründüyü kimi, cavabdeh ödənişdən yayındığı üçün hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Əlavə olaraq müqavilənin 8.3-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 0,2%-i əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 10081 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 690 manat pul da iddiaçının xeyrinə tutulmalıdır. Qanunvericiliyin tələblərinə əsasən 200 manat mediasiya haqqı və 34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiçıya ödənilməlidir. Belə ki, məhkəmə xərci olaraq dövlət rüsumu (iddia ərizəsi üzrə ödənilməli olan rüsum məbləği 212 AZN + müvəqqəti təminat tədbiri barədə ərizə üzrə ödənilməli olan rüsum məbləği 22 AZN = 234 AZN – 200 AZN mediasiya haqqı = 34 AZN dövlət rüsumu) 34 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - “İcraçı” qismində "Yük Taksisi.Az” MMC ilə “Sifarişçi” qismində Cavabdeh arasında 21 yanvar 2019-cu il tarixli, 20/19 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçi sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı 15 (on beş) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə uzadılmış hesab olunur. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (Əlavə №1) müəyyən edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində Silarişçi tərəfindən icraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifaişçiyə təqdim olunur və sifarişçi 10 (on) iş günü ərzində icraçıya həmin aktı təsdiq edərək təqdim edilməlidir. - 02.06.2021-ci il tarixli, 024226 nömrəli Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, 21 yanvar 2019-cu il tarixli, 20/19 nömrəli xidmət müqaviləsinə əsasən icraçı aktda qeyd edilən xidmətləri müqavilənin şərtlərinə uyğun şəkildə sifarişçiyə göstərmiş, sifarişçi isə həmin xidmətləri icraçıdan təhvil almışdır. Ümumilikdə göstərilən xidmətlər 1360 manat (ƏDV 0) təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 02.07.2021-ci il tarixli, 025263 nömrəli Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, 21 yanvar 2019-cu il tarixli, 20/19 nömrəli xidmət müqaviləsinə əsasən icraçı aktda qeyd edilən xidmətləri müqavilənin şərtlərinə uyğun şəkildə sifarişçiyə göstərmiş, sifarişçi isə həmin xidmətləri icraçıdan təhvil almışdır. Ümumilikdə göstərilən xidmətlər 8685 manat (ƏDV 0) təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 02.08.2021-ci il tarixli, 026337 nömrəli Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, 21 yanvar 2019-cu il tarixli, 20/19 nömrəli xidmət müqaviləsinə əsasən icraçı aktda qeyd edilən xidmətləri müqavilənin şərtlərinə uyğun şəkildə sifarişçiyə göstərmiş, sifarişçi isə həmin xidmətləri icraçıdan təhvil almışdır. Ümumilikdə göstərilən xidmətlər 6700 manat (ƏDV 0) təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 01.09.2021-ci il tarixli, 027488 nömrəli Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, 21 yanvar 2019-cu il tarixli, 20/19 nömrəli xidmət müqaviləsinə əsasən icraçı aktda qeyd edilən xidmətləri müqavilənin şərtlərinə uyğun şəkildə sifarişçiyə göstərmiş, sifarişçi isə həmin xidmətləri icraçıdan təhvil almışdır. Ümumilikdə göstərilən xidmətlər 6530 manat (ƏDV 7,20) təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 02.10.2021-ci il tarixli, 028680 nömrəli Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, 21 yanvar 2019-cu il tarixli, 20/19 nömrəli xidmət müqaviləsinə əsasən icraçı aktda qeyd edilən xidmətləri müqavilənin şərtlərinə uyğun şəkildə sifarişçiyə göstərmiş, sifarişçi isə həmin xidmətləri icraçıdan təhvil almışdır. Ümumilikdə göstərilən xidmətlər 6300 manat (ƏDV 7,20) təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 02.11.2021-ci il tarixli, 029755 nömrəli Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktdan görünür ki, 21 yanvar 2019-cu il tarixli, 20/19 nömrəli xidmət müqaviləsinə əsasən icraçı aktda qeyd edilən xidmətləri müqavilənin şərtlərinə uyğun şəkildə sifarişçiyə göstərmiş, sifarişçi isə həmin xidmətləri icraçıdan təhvil almışdır. Ümumilikdə göstərilən xidmətlər 250 manat (ƏDV 0) təşkil etmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 02.06.2021-ci il tarixli, EBBC seriyalı, 610327 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1360 (ƏDV daxil) manat təşkil edir. - 02.07.2021-ci il tarixli, EBBE seriyalı, 267719 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8685 (ƏDV daxil) manat təşkil edir. - 02.08.2021-ci il tarixli, EBBF seriyalı, 767576 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6700 (ƏDV daxil) manat təşkil edir. - 02.09.2021-ci il tarixli, EBBH seriyalı, 451906 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6537,20 (ƏDV daxil) manat təşkil edir. - 04.10.2021-ci il tarixli, EBBK seriyalı, 190512 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6307,20 (ƏDV daxil) manat təşkil edir. - 02.11.2021-ci il tarixli, EBBL seriyalı, 716928 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 250 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya qaydasında xəbərdarlıqdan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdehndan 29839,72 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 29839,40 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 10081 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1500 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 690 manat faiz borcunun tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik beş faizlə hesablanmış məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddia həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehdən 682,31 manat (02.06.2021-ci il tarixli qaimə üzrə 83 gecikmə günü, 02.07.2021-ci il tarixli qaimə üzrə 112 gecikmə günü, 02.08.2021-ci il tarixli qaimə üzrə 144 gecikmə günü, 02.09.2021-ci il tarixli qaimə üzrə 175 gecikmə günü, 04.10.2021-ci il tarixli qaimə üzrə 206 gecikmə günü, 02.11.2021-ci il tarixli qaimə üzrə 236 gecikmə günü ilə hesablanmaqla) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunan hissədə iddianın qismən təmin olunması nəticəsinə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsaslanaraq (təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində Silarişçi tərəfindən icraçıya ödənilir) illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış 690 manat faiz borcunun cavabdehdən tutulması tələbini irəli sürmüş, gecikmiş günləri hesablayarkən, ödəmə müddətini elektron qaimələrin göndərildiyi gündən 5 gün olaraq götürmüşdür. Lakin nəzərə alınmalıdır ki müqavilənin qeyd olunan bəndində 5 gün yox, 5 bank günü ərzində ödənilmə nəzərdə tutulmuşdur. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini və tərəflərin ilkin mediasiya sessiyasında iştirakını nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 manat məbləğin 100 manatı iddiaçıya aid edilməli, qalan 100 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, 34 (otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 29839,40 manat (iyirmi doqquz min səkkiz yüz otuz doqquz manat qırx qəpik) məbləğində əsas borc, 1500 (min beş yüz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 682,31 manat (altı yüz səksən iki manat otuz bir qəpik), 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat olmaqla, cəmi 32155,71 manat (otuz iki min yüz əlli beş manat yetmiş bir qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar