Məhkəmə qərarları › İş №e-2-2(113)-1377/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1377/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1377/2022 07.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X5 Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X6 Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil 18188,64 (on səkkiz min yüz səksən səkkiz manat altmış dörd qəpik) manat borc, ödənişin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 1519,87 (min beş yüz on doqquz manat səksən yeddi qəpik) manat məbləğində gecikmə faizi və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat olmaqla, ümumilikdə 19908,51 (on doqquz min doqquz yüz səkkiz manat əlli bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs yaratmadan ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 ilə Cavabdeh arasında imzalanmış 08 aprel 2020-ci il tarixli 073 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə mallar satmış, cavabdeh isə malları qəbul etmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək malları cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməyərək, iddia ərizəsi ilə müraciət edilən tarixədək malların dəyərinin bir hissəsini iddiaçıya ödəməkdən yayınmışdır. Borcunu ödəməsi ilə bağlı cavabdehə iddiaçı tərəfindən prtenziya göndərilmiş, cavabdeh isə prtenziyaya cavab verməmişdir. Həmçinin mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, cavabdehin yuxarıda qeyd olunan müqavilə çərçivəsində iddiaçıya ƏDV daxil 18188,64 (on səkkiz min yüz səksən səkkiz manat altmış dörd qəpik) manat borcu yaranmış və cavabdeh bu borcunu 15 may 2020-ci il tarixdə tərəflər arasında imzalanmış öhdəliklərin qarşılıqlı üzləşdirilməsi Aktı ilə bir daha etiraf etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəfindən iddiaçıya ödəniş olunmamış və bu halda müəyyən olunur ki, cavabdeh icra etməli olduğu pul öhdəlyinin icrasını gecikdirmişdir. Bununla da, cavabdeh iddiaçını əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Cavabdeh özü isə qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.) həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin fəaliyyətinin kommersiya fəaliyyəti olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzibedilməzdir. Buna görə də cavabdeh iddiaçıya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faiz ödəməlidir. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli cavabdeh ödənişini gecikdirdiyi borcun ümumi dəyərinin illik 5 %-ni, yəni 1519,87 (min beş yüz on doqquz manat səksən yeddi qəpik) manatı iddiaçıya ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində X6 ilə alıcı qismində Cavabdeh MMC arasında 08.04.2020-ci il tarixli, 073 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3”nda və ya (elektron) qaiməfakturada göstərilən mal-materialları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 və ya (Elektron) Qaimə-fakturaya uyğun olaraq müəyyən ediləcəkdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların qiymətləri hər çatdırma partiyasına uyğun tərtib olunmuş “X3”na və ya (Elektron) Qaimə - Fakturaya uyğun olaraq müəyyən edilir. (Elektron) Qaimə fakturanın və Malların təhvil-qəbul aktı Alıcı tərəfindən imzalandığı tarix malların təhvil verildiyi tarix hesab edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” və “Satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”nda göstərilən qaydada və formada ən geci 20 iş günü ərzində bank ödənişi yolu ilə həyata keçirilməlidir. Ödəmə gecikdirilərsə Satıcının mal buraxılışını dayandırmağa haqqı var. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən tərəflər öz aralarında mal və pul qalıqlarının müəyyən edilməsi üçün aylıq, rüblük və illik “öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktları” (protokolları) tərtib edə bilərlər. - 14.04.2020-ci il tarixli, EBAİ seriyalı, 768509 nömrəli elektron qaimədən müəyyən edilir ki, X6 tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 18188,64 (ƏDV daxil) manat təşkil edir. - 14.04.2020-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, Cavabdeh MMC iddiaçı tərəfindən ona təqdim edilmiş cəmi məbləği 18188,64 (ƏDV daxil) manat təşkil edən malları qəbul etmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 15.05.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktından görünür ki, Cavabdeh MMC iddiaçı tərəfindən ona təqdim edilmiş malları qəbul etmiş, hazırkı vaxta cavabdehə ödənilməmiş 18188,64 (ƏDV daxil) manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - X6 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X6 ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 18188,64 (ƏDV daxil) manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 18188,64 (ƏDV daxil) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini ödənişin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış 1519,87 manat faiz borcunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müqavilənin 3.2-ci bəndinə əsaslanaraq (“Alıcı” və “Satıcı” arasında ödənişin qaydası, forma və müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”nda göstərilən qaydada və formada ən geci 20 iş günü ərzində bank ödənişi yolu ilə həyata keçirilməlidir) illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış 1519,87 manat faiz borcunun cavabdehdən tutulması tələbini irəli sürmüş, gecikmiş günləri hesablayarkən, ödəmə müddətini üzləşdirmənin keçirildiyi 15.05.2020-ci il tarixdən etibarən 20 gün olaraq götürmüşdür. Lakin nəzərə alınmalıdır ki müqavilənin qeyd olunan bəndində 20 gün yox, 20 iş günü ərzində ödənilmə nəzərdə tutulmuşdur. Məhkəmənin gəldiyi qənaətə əsasən iddia tələbi bu hissədə qismən edilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün 1512,40 manat (18188,64 manat əsas borcun 5%-i = 909,43 manat : 365 gün = 2,49 manat * 607 gün (üzləşdirmənin keçirildiyi 15.05.2020-ci il tarixdən (iddiaçının özünün başlanğıc tarixini həmin tarixdən götürdüyünü nəzərə alaraq) müqavilədə nəzərdə tutulan 20 iş günü keçdikdən sonra, yəni 19.06.2020-ci il tarixdən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan 16.02.2022-ci il tarixə qədər olan vaxt) = 1512,40) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 18188,64 manat (on səkkiz min yüz səksən səkkiz manat altmış dörd qəpik) məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1512,40 manat (min beş yüz on iki manat qırx qəpik) və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 19901,04 manat (on doqquz min doqquz yüz bir manat dörd qəpik) məbləğində pul iddiaçı X5 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar