Məhkəmə qərarları › İş №e-2-2(113)-1384/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1384/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1384/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 20 iyul 2023-cü il tarixli 2007/23 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən «Sifarişçi» yük daşıma xidmətlərinin göstərilməsini sifariş verir, «İcraçı»ya görülən işlərə görə razılaşdırılmış xidmət haqqını ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada özünəməxsus nəqliyyat vasitəsilə yük daşıma xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair razılaşdırma protokolunda və hesab fakturada qeyd edilir. - 2.2-ci bəndinə əsasən «İcraçı» özünə məxsus olan dövlət qeydiyyat nişanı ** BA *** olan Ekskavator Hyundai R210W-9S markalı nəqliyyat vasitəsi ilə yük daşıma xidmətlərinin göstərilməsini həyata keçirir. - 2.4-cü bəndinə əsasən «İcraçının» yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla «Sifarişçi» tərəfindən təhvil alınır. - 3.1.3-cü bəndinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. - 5.1-ci bəndinə əsasən göstərilən xidmətlər tərəflərin razılığı ilə müəyyən edilmiş razılaşdırma protokuluna və işin yerinə yetirildiyinə dair təhvil-təslim aktına əsasən təqdim edilmiş hesab fakturaya və ya e-qaiməyə əsasən ödənilir. - 5.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. - 6.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan yük daşıma xidmətləri xx.xx.2023-cü il tarixindən 6 ay müddətində həyata keçirilməlidir. - 6.3-cü bəndinə əsasən tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya tərəflərin qarşılıqlı razılığı əsasında bu müqavilənin müddəti 6 (altı) ay da uzadıla bilər. Müqavilə tərəflərin imzaları və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. 20 iyul 2023-cü il tarixli 2007/23 saylı nömrəli müqaviləyə əlavə olan 01/23 saylı razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə (Ekskavator Hyundai R210W-9S markalı, **-BA-*** qeydiyyat nişanlı) texnikanın günlük icarə haqqısının günlük 330 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 21 iyul 2023-cü il tarixli 2007/23 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən «Sifarişçi» yük daşıma xidmətlərinin göstərilməsini sifariş verir, «İcraçı»ya görülən işlərə görə razılaşdırılmış xidmət haqqını ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada özünəməxsus nəqliyyat vasitəsilə yük daşıma xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair razılaşdırma protokolunda və hesab fakturada qeyd edilir. - 2.2-ci bəndinə əsasən «İcraçı» özünə məxsus olan dövlət qeydiyyat nişanı 90 F 137 olan Ekskavator Yükləyici JCB 4CX4WS-SM markalı nəqliyyat vasitəsi ilə yük daşıma xidmətlərinin göstərilməsini həyata keçirir. - 2.4-cü bəndinə əsasən «İcraçının» yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla «Sifarişçi» tərəfindən təhvil alınır. - 3.1.3-cü bəndinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin vəzifəsidir. - 5.1-ci bəndinə əsasən göstərilən xidmətlər tərəflərin razılığı ilə müəyyən edilmiş razılaşdırma protokuluna və işin yerinə yetirildiyinə dair təhvil-təslim aktına əsasən təqdim edilmiş hesab fakturaya və ya e-qaiməyə əsasən ödənilir. - 5.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. - 6.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan yük daşıma xidmətləri xx.xx.2023cü il tarixindən 6 ay müddətində həyata keçirilməlidir. - 6.3-cü bəndinə əsasən tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya tərəflərin qarşılıqlı razılığı əsasında bu müqavilənin müddəti 6 (altı) ay da uzadıla bilər. Müqavilə tərəflərin imzaları və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. 21 iyul 2023-cü il tarixli 2007/23 saylı nömrəli müqaviləyə əlavə olan 02/23 saylı razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə (Ekskavator Yükləyici JCB 4CX4WS-SM markalı, 90-F-137 qeydiyyat nişanlı) texnikanın günlük icarə haqqısının günlük 150 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

5. İddiaçı tərəfindən 2007/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4.920,30 manat dəyərində göstərilmiş xidmətlərə (Ekskavator Hyundai R210W-9S markalı, **-BA- *** qeydiyyat nişanlı texnikanın icarə haqqısına) görə EBDM seriyalı, 386112 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh MMC-yə göndərilmişdir.

6. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən 2007/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Ekskavator Hyundai R210W-9S markalı texnikanın 1 aylıq (günlük icarə haqqı 330 manat olmaqla) icarə haqqısı 4.920,30 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı tərəfindən 2007/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1.757,25 manat dəyərində göstərilmiş xidmətlərə (Ekskavator Yükləyici JCB 4CX4WS-SM markalı, 90-F-137 qeydiyyat nişanlı texnikanın icarə haqqısına) görə EBDM seriyalı, 385449 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh MMC-yə göndərilmişdir.

8. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən 2007/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Ekskavator Yükləyici JCB 4CX4WS-SM markalı texnikanın 11 günlük (günlük icarə haqqı 150 manat olmaqla) icarə haqqı 1.757,25 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən 2007/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2.396,25 manat dəyərində göstərilmiş xidmətlərə (Ekskavator Yükləyici JCB 4CX4WS-SM markalı, 90-F-137 qeydiyyat nişanlı texnikanın icarə haqqısına) görə EBDM seriyalı, 767370 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh MMC-yə göndərilmişdir. 10.xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktına əsasən 2007/23 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Ekskavator Yükləyici JCB 4CX4WS-SM markalı texnikanın 15 günlük (günlük icarə haqqı 150 manat olmaqla) icarə haqqı 2.396,25 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı (Elektron ünvan 1) ilə Cavabdeh (Elektron ünvan 2) arasında aparılan xx.xx.2023-cü il tarixli e-mail yazışmalarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində olan 9.073,80 manatlıq borcun nə vaxt ödəniləcəyini soruşur, Uğur Yeniçeri isə cavabında 10 bank günü ərzində ödəniləcəyini bildirmişdir.

12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun xx.xx.2023-cü ilədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

13. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 9.073,80 manat pulun və mediasiyada ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN:**********) Nizamnamə asanında fəaliyyət göstərən direktoru Uğur Yeniçeri 20-21 iyul 2023-cü il tarixdə Bakı şəhərində öz aralarında 2007/23 saylı xidmət müqaviləsi bağlamışlar. Müqavilələrin şərtlərinə görə “Sifarişçi”, yəni Cavabdeh MMC yük daşıma xidmətlərinin göstərilməsini sifariş verir, "İcraçı"ya görülən işlərə görə razılaşdırılmış xidmət haqqını ödəməyi, "İcraçı" yəni İddiaçı isə "Sifarişçinin" müəyyən etdiyi qaydada özünəməxsus nəqliyyat vasitəsi ilə yük daşıma xidmətlərini göstərməyi öz öhdəsinə götürmüşlər. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Bu barədə iddiaçı cavabdehə elektron qaimələri və təhvil-təslim aktlarını göndərsə də, cavabdeh bu günə qədər müqavilə üzrə ödəməli olduğu məbləği ödəməmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da, cavabdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə, cavabdehin ödənilməmiş 9.073,80 manat borcu vardır. Bu barədə cavabdehə elektron poçt vasitəsilə də xəbərdarlıq edilmişdir. Cavabdeh isə cavabında borcunu 10 bank günü ərzində ödəniləcəyini bildirsə də, bu günə qədər borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 10.1,10.2 və 10.3-cü bəndlərinə görə, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir, hazırki müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir, tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Rüspublikasının müvafiq məhkəmələrində baxılacaq. Müqavilənin müddəalarına əsasən cavabdehə tərəfimizdən pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Hesab edirlər ki, mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Bu səbəbdən hazırki ərizə isə məhkəməyə müraciət edirlər.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 444.1, 448.1, 739.1 və 740-cı maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

16. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

20. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

21. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

22. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

24. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

25. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 20 iyul 2023-cü il tarixli 2007/23 saylı və 21 iyul 2023cü il tarixli 2007/23 saylı xidmət müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələrin şərtlərinə uyğun olaraq cavabdehə xidmətlər (Ekskavator Hyundai R210W-9S markalı, **-BA-*** qeydiyyat nişanlı və Ekskavator Yükləyici JCB 4CX4WS-SM markalı 90 F 137 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daşıma xidmətləri) göstərmişdir. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilələr üzrə İddiaçı olan borcu 9.073,80 manat (2.396,25+1.757,25+4.920,30) təşkil edir.

27. İddiaçı tərəfindən qeyd edilən dəyərdə xidmətlərin göstərilməsi faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrlə, xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktları və eləcə də email yazışmaları ilə təsdiq edilir.

28. Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış 20 iyul 2023cü il tarixli 2007/23 saylı və 21 iyul 2023-cü il tarixli 2007/23 saylı müqavilələr üzrə 9.073,80 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.

29. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

30. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 110,73 manat təşkil edir.

31. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

32. Bununla belə iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkündür.

33. Belə olan halda hazırkı qətnamə ilə iddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan dövlət rüsumunun kəsiri olan 10,73 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 20 iyul 2023-cü il tarixli 2007/23 saylı və 21 iyul 2023-cü il tarixli 2007/23 saylı müqavilələr üzrə ümumilikdə 9.073,80 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun mediasiya xərci ilə əhatə edilməyən hissəsi- 10,73 manat məbləğində pul vəsaiti - Cavabdeh MMC-dən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar