Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-139/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 51242,45 manat məbləğində əsas borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 1500 manat məbləğində ödənişli hüquq xidmətindən istifadə xərclərinin tutulub hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) MMC-nin direktoru X13 (bundan sonra“Satıcı”) və Cavabdeh (bundan sonra “Alıcı”) arasında təxminən 4 il bundan əvvəl elektronik malların nisyə alqı-satqısı ilə bağlı şifahi müqavilə bağlanmış, bundan sonra 21.07.2019–cu il tarixinə qədər bu nisyə alqı-satqı ticarəti davam etmişdir. Göstərilən müddət ərzində Satıcının bir neçə nümayəndəsi X8, X10, Mahmudov Rauf adlı şəxslər malların Bakı şəhəri üzrə meneceri vəzifəsində iştirak etmiş mütəmadi olaraq alıcının Sədərək Ticarət Mərkəzindəki mağazasında özü və ya nümayəndəsi X6 ilə təhvil verilmiş malların təhvil-təslim aktı və yaranmış borc məbləği ilə bağlı mütəmadi olaraq Üzləşmə Aktı ( bundan sonra “Akt”) tərtib edilib imzalanmışdır. Sonuncu olaraq 21.07.2019-cu il tarixinə qədər yekun borclarla əlaqəli ümumu borc məbləğini sübüt edən “Akt” imzalanmışdır. Həmin Akta əsasən, alıcı satıcıya 58241,45 manat məbləğində borcunun olduğunu qəbul etmişdir. Aralarında imzalanmış olan həmin aktla alıcı həm də üzləşmə aktında qeyd olunanlarla bağlı heç bir irad, etiraz və ya iddiasının olmadığı ilə razılaşmışdır. Daha sonra fərqli vaxtlarda cavabdeh ödəniş etdiyindən hazırda alıcının 51242,45 manat borcu ödənilməmiş qalmaqdadır. Ödənilməmiş borcla bağlı alıcıya şirkətlərinin əməkdaşları tərəfindən dəfələrlə görüşmələrdə və telefonla edilən xəbərdarlıqlara sonuncu dəfə 06.02.2020–ci il tarixli pretenziya məktubu ilə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini icrasını yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, alıcınin öz öhdəliyini yerinə yetirməməyi ucbatından şirkətlərinin maliyyə vəziyyətinə ciddi zərər dəyməklə yanaşı işlərin normal ahənginə təsir etmişdir. İşdə olan materiallardan da göründüyü kimi alıcıya təqdim edilən bütün mallarla bağlı təhvil-təslim aktı imzalanmışdır, alıcının qəbul etdiyi mallarla bağlı bu zamana qədər etdiyi ödənişlər rəsmiləşdirilmişdir. Belə ki, qəbzin üst tərəfində pulun kimdən alındığı qrafada onun adı yazılıb. Qeyd etdikləri kimi, alıcı üzərinə düşən öhdəliyi tam yerinə yetirməyib, Cavabdeh əsassız varlanmaq niyyətində olmuşdur. Bununla bağlı tərəflərindən polisə şikayət edilmiş, cavabdeh və əməkdaşı polis tərəfindən dindirilərək ifadələri alınmış və mülki mübahisə olduğundan cinayət işinin başlanması haqqında rədd qərarı qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh 12.12.2018-ci il tarixdə tərtib edilmiş üzləşmə aktını özü imzalamış, daha sonra yekun 21.07.2019-cu il tarixli üzləşmə aktı tərtib edilmiş və sonuncu sənədi cavabdehin tapşırığı ilə dükanda işləyən işçisi imzalamışdır. Həmçinin izahatında iddiaçının üzləşmə aktında göstərilən 58241,45 manat məbləğində borcundan ödənilməmiş 51242,45 manat məbləğində vəsaitin qaldığını bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, izahatında onun İddiaçınə borcunun olmadığını, ona nisyə olaraq 10000 manatdan yuxarı malın verilmədiyini, polis bölməsində verdiyi izahatı heç bir təzyiq və təsir altında yazmadığını, izahatı sərbəst verdiyini, malları onun adına yazılaraq, başqasına verildiyini, həmin şirkətlə nağd şəkildə böyük dövriyyəsinin olduğunu, nisyəyə təxminən 3000-3500 manatlıq mal verildiyini, misal üçün 4800 manatlıq mal onun adına yazılsa da ona təxminən 2000 manat məbləğində malın verildiyini, qalan malların isə başqa bir müştəriyə verildiyini, onun iddiaçının istinad etdiyi həcmdə borcun olmadığını, 12 dekabr 2018-ci il tarixli üzləşmə aktı və sifariş nömrəsi 1114 olan 16.07.2019-cu il tarixli, 1146 nömrəli malların ümumi dəyəri 2645 manat məbləğində olan təhvil-təslim blankındakı imzaları ona məxsus olduğunu, 21.07.2019-cu il tarixli üzləşmə aktı onun tərəfindən imzalanmadığını və hər hansı işçiyə həmin sənədin imzalanması ilə bağlı etibarnamənin vermədiyini qeyd etmişdir. Həmçinin o, qeyd etmişdir ki, 12 dekabr 2018-ci il tarixli üzləşmə aktında göstərilən borc onun tərəfindən tam həcmdə ödənildiyinə görə və iddiaçıya heç bir borcun olmadığını nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi, vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında cavabdehin iddiaçıya heç bir borcun olmadığını, Cavabdeh malların qəbulu və borcun etirafı ilə bağlı sənədlərə imza atmaq hüququ heç kimə vermədiyinə görə və sonuncunun 12 dekabr 2018-ci il tarixli üzləşmə aktında göstərilən borcun ödənildiyini 21.07.2019-cu il tarixli üzləşmə aktının isə cavabdeh tərəfindən imzalanmadığını nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, İddiaçındə 2014-cü ildən 2020-ci ilin martına qədər işlədiyini, 2020-ci ilin mart ayının 13-dən etibarən İddiaçındə işləmədiyini, Cavabdeh müştəri kimi tanıdığını, o ümumiyyətlə satış şöbəsində olmadığını, onun mağazanın yekun hesab-kitab işlərinə kömək göstərilməsi üçün cəlb edildiyini, ofis meneceri kimi sənədlərin yığılmasında iştirak etdiyini, Cavabdeh 55000- 60000 manata yaxın borcu qaldığını, hər ay 1000 manat ödəməklə borcun bağlanması bildirilsə də Cavabdeh bu qədər borcun olması ilə razılaşmadığını, Cavabdeh şəxsən mal vermədiyini, malı Cavabdeh adına yazılıb, başqa müştəriyə verilməsindən (göndərilməsindən) xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində hazırda İddiaçındə işləmədiyini, Cavabdeh öz müştəri kimi tanıdığını, şirkətin birdəfəlik 50000 manatlıq nisyə mal vermədiyini, belə ki, həmin məbləğdən 25000-30000 manat ödəniş həyata keçirildiyi təqdirdə birdəfəlik 50000 manatlıq malın verilildiyi bildirmişdir. Lakin Süleymanovun xırdaxırda tələb olunan borcu yaranmışdır. O 2019-cu ildə işdən çıxmaq istəsə də, ona yalnız 21.07.2019-cu il tarixli üzləşmə aktına Cavabdeh tərəfindən imza atacağı təqdirdə işdən çıxmaq mümkün olacağı bildirilmiş və o, bu məqsədlə cavabdehin sədərəkdəki mağazasına getmiş, Hüseynin orada olmaması səbəbindən həmin dükanda işləyən əvvəllər İddiaçı MMC-nin əməkdaşı olmuş Seymur adlı şəxsə imza ilə bağlı müraciət etmiş, sonuncu Hüseynlə telefonla danışaraq, ona 58241,45 manat borcla bağlı üzləşmə aktının deyil, malların təhvil-təslim aktlarının olduğunu və onun işdən çıxması üçün imzalanmasının lazım olduğunu bildirəndən sonra Seymur 21.07.2019-cu il tarixli üzləşmə aktını cavabdehin əvəzinə imzalamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 dekabr 2018-ci il tarixli üzləşmə aktından görünür ki, alıcı - Cavabdeh satıcı - İddiaçınə 16392 manat borcu vardır. 21 iyul 2019-cu il tarixli 25 nömrəli üzləşmə aktından görünür ki, alıcı - Cavabdeh satıcı - İddiaçınə 58241,45 manat borcu vardır. 2019-cu ilin aprel, iyun-dekabr aylarında İddiaçı MMC-nin vermiş olduğu kvitansiyalardan görünür ki, LG Hüseyn tərəfindən ödənişlər edilmişdir. 28.01.2019-cu il tarixli, 0055 nömrəli, 17.12.2019-cu il tarixli, 0051 nömrəli, 25.12.2019-cu il tarixli, 0052 nömrəli, 15.01.2020-ci il tarixli 0053 nömrəli və 24.01.2020-ci il tarixli, 0054 nömrəli kassa mədaxil orderlərindən görünür ki, müəssisənin adı “Sharp” olan LG Hüseyn (SDK) tərəfindən müxtəlif məbləğlərdə (cəmi 4000 manat) borc ödənişləri edilmişdir. 2019-cu ilin yanvar-iyul aylarını əhatə edən əksər təhvil-təslim blanklarındakı imzalar K.Seymur və digər şəxslər, yalnız sifariş nömrəsi 1114 olan 16.07.2019-cu il tarixli, 1146 nömrəli malların ümumi dəyəri 2645 manat məbləğində olan təhvil-təslim blankındakı imzalar isə Cavabdeh tərəfindən icra edilmişdir. Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin 279 sayı ilə qeydiyyata alınaraq toplanmış 1035/2020 nömrəli rədd materiallarından (iş. vərəq 74-76) və o cümlədən 20 aprel 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (iş. vərəq 90-96) görünür ki, X6 izahatında göstərmişdir ki, 2018-ci ildə öz istəyi ilə İddiaçındən işdən azad olunmuş, 2019-cu ilin əvvəllərindən etibarən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində elektronik məişət texnikasının pərakəndə satışı ilə məşğul olan tanışı Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən “Sədərək” ticarət mərkəzində Hüseyndən müxtəlif elektron məişət mallarını qəbul edib Bakı şəhərində müştərilərə satmışdır. Bununla yanaşı, Hüseynə məxsus mağazada malların tədarükünə və çeşidlənməsinə kömək etmiş, həmçinin onun sifarişi ilə İddiaçındən və digər mağazalardan göndərilən elektron məişət texnikasını “Sədərək” ticarət mərkəzində qəbul etmişdir. Hüseynin xahişi ilə onun sifarişi əsasında İddiaçındən göndərilən elektron məişət texnikasını “Sədərək” ticarət mərkəzində qəbul edərkən tərtib olunan təhvil-təslim aktlarını imzalamışdır. İddiaçı MMC-nin direktoru X9 Cavabdeh arasında bağlanmış 21.07.2019-cu il tarixli 25 nömrəli üzləşmə aktında Cavabdehnm ad və soyadının aşağı hissəsində mövcud olan imza nümunəsi ona məxsusdur. Həmin imza nümunəsini o, icra etmişdir. Belə ki, Hüseynin xahişi ilə onun sifarişi əsasında İddiaçı MMC-dən göndərilən elektron məişət texnikasını «Sədərək» ticarət mərkəzində qəbul edərkən tərtib olunan təhvil-təslim aktlarını o, imzalamışdır. Həmin üzləşmə aktını da sonuncu dəfə gətiriliən malların təhvil-təslim aktı kimi düşünərək, oxumadan imzalamışdır. Həmin üzləşmə aktını imzalamaq üçün ona «Sədərək» ticarət mərkəzində İddiaçı MMCnin Rəfayıl adlı əməkdaşı təqdim etmişdir. O da qeyd olunan sənədi təhvil-təslim aktı kimi düşünərək, oxumadan imzalamışdır. 20 fevral 2019-cu il tarixli 289 nömrəli, 28 fevral 2019-cu il tarixli 321 nömrəli, 12 mart 2019-cu il tarixli 364 nömrəli, 01 aprel 2019-cu il tarixli 491 nömrəli, 01 aprel 2019-cu il tarixli 490 nömrəli, 03 aprel 2019-cu il tarixli 495 nömrəli, 03 iyun 2019-cu il tarixli 835 nömrəli. 08 iyul 2019-cu il tarixli 1094 nömrəli təhviltəslim blankları, habelə 26 fevral 2019-cu il tarixli qaimə-fakturadan ibarət sənədlərdə ad və soyadı qeyd olunmuş qrafaların aşağı hissəsində mövcud olan imza nümunələri ona məxsusdur, lakin həmin aktları heç vaxt oxumamışdır. Cavabdehnm İddiaçı MMC-yə əvvəllər borcu olmamış, lakin sonuncu dəfə 6000 (altı min) borcu qalmış və həmin borc da tam olaraq qəbz tələb olunmaqla tərəfindən ödənilmişdir. “xxxx” MMC tərəfindən verilən 14.05.2020-ci il tarixli, EBAJ seriyalı, 468462 nömrəli elektron qaimədən və hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC ümumilikdə 2000 manat (Cavabdeh işi üzrə 1500, X4 işi üzrə 500 manat) məbləğində pul vəsaitini “xxxx” MMC-nin hesabına ödəmişdir. 12.06.2020-ci il tarixli, 878 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən və 12.06.2020-ci il tarixli 15903 nömrəli qəbzdən görünür ki, X5 (İddiaçı MMC-nin direktoru) tərəfindən hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 250 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, Cavabdeh 2019-cu ilin yanvar-dekabr aylarında İddiaçı MMC ilə bəzi məişət texnikalarının nisyə alqı-satqısı barədə şifahi razılıq əldə edərək “Sədərək” ticarət mərkəzində elektron məişət texnikalarının pərakəndə satışı ilə məşğul olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə 58241,45 manat məbləğində borcunun olmasını ilə bağlı tərtib edilmiş 21 iyul 2019-cu il tarixli 25 nömrəli üzləşmə aktı Cavabdeh tərəfindən deyil, X6 imzalamış, halbuki cavabdeh tərəfindən ona bununla bağlı tapşırıq (etibarnamə) verilməmişdir. (bu hal həm X2 məhkəmədə verdiyi ifadəsi ilə yanaşı Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin 279 sayı ilə qeydiyyata alınaraq toplanmış 1035/2020 nömrəli rədd materialları ilə təsdiq olunur). Həmçinin məhkəmə qeyd edir ki, baxmayaraq ki, Cavabdeh ilə İddiaçı MMC arasında olan ticarət dövriyyəsinə dair, o cümlədən malların təhvil-təslim prosesi zamanı tərtib olunmuş sənədləri X6 imzalasa da, (Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin 279 sayı ilə qeydiyyata alınaraq toplanmış 1035/2020 nömrəli rədd materialları və o cümlədən 20 aprel 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür) İddiaçı MMC tərəfindən X1 Cavabdeh adından 2019-cu ilin yanvar-iyul aylarını əhatə edən malların təhvil alınmasını əks etdirən təhvil-təslim blanklarını imzalamaq səlahiyyəti verən hər hansı mötəbər sübut (etibarnamə və s.) təqdim edilmədiyinə görə məhkəmə 58241,45 manat məbləğində borcunun olmasını ilə bağlı tərtib edilmiş 21 iyul 2019-cu il tarixli 25 nömrəli üzləşmə aktını mötəbər sübut kimi qəbul etmir. Buna görə də məhkəmə Cavabdeh şəxsən imzaladığı İddiaçı MMC-yə 16392 manat məbləğində borcunun olduğunu təsdiq edən 12 dekabr 2018-ci il tarixli üzləşmə aktını və sifariş nömrəsi 1114 olan 16.07.2019-cu il tarixli, 1146 nömrəli malların ümumi dəyəri 2645 manat məbləğində olan təhvil-təslim blankı mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, Cavabdeh cəmi 19037 (16392+2645) manat məbləğində borcu vardır və həmin borcun ödənilməsi ilə bağlı cavabdeh heç bir mötəbər sübut təqdim etməsə də, iddiaçı tələbində Cavabdeh tərəfindən 6999 (58241,45-51242,45) manat məbləğində borcun ödənildiyini etiraf etdiyinə görə məhkəmə hesab edir ki, iddia tələbi borc hissəsində qismən, yəni 12038 manat (16392+2645-6999) məbləğində olması əsaslı hesab edilir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən müxtəlif məbləğlərdə (cəmi 4000 manat) borcun ödənişlərini etməsi barədə 28.01.2019-cu il tarixli, 0055 nömrəli, 17.12.2019-cu il tarixli, 0051 nömrəli, 25.12.2019-cu il tarixli, 0052 nömrəli, 15.01.2020-ci il tarixli 0053 nömrəli və 24.01.2020-ci il tarixli, 0054 nömrəli kassa mədaxil orderlərini mötəbər sübut qəbul etmir, belə ki, ödənişin aparıldığı müəssisənin adı “Sharp” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iş materiallarına əlavə edilmiş 12.06.2020-ci il tarixli, 878 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqaviləni və 12.06.2020-ci il tarixli 15903 nömrəli qəbzi əsas götürərərk hesab edir ki, vəkilin göstərdiyi yardıma görə 1500 manat tələb olunsa da, faktiki 20 saylı vəkil bürosuna 250 manat məbləğində vəsaitin ödənilməsi barədə qəbz təqdim edilmişdir. 1500 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına deyil “xxxx” MMC-nin hesabına ödənilmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12038 manat məbləğində borc və həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 250 manat, cəmi 12288 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 23,29%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 23,29%-i, yəni 6,98 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12038 manat məbləğində borc və həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 250 manat, cəmi 12288 manat və dövlət rüsumu kimi ödənilmiş 6,98 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-139/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-139/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver