Məhkəmə qərarları › İş №e-2-2(113)-139/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-139/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-139/2023 06.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 fevral 2020-ci il tarixdə imzalanmış malların alqı-satqısına dair 20/2020 saylı müqaviləyə əsasən satılmış mallara görə qalmış 13981,90 manatın, mediasiya prosesinə görə çəkilmiş xərcin, yəni 200 manatın, eyni zamanda ödənilmiş 32 manat dövlət rüsumunun, ümumilikdə 14213,90 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 fevral 2020-ci il tarixdə malların alqı-satqısına dair 20/2020 saylı müqavilə imzalanmışdır. Bu müqavilə əsasında cavabdehə müqavilə şərtləri əsasında müxtəlif elektrik avadanlıqları satılmışdır. Satılmış mallara görə cavabdehə 51388,90 manat məbləğində e-qaimə göndərilmişdir. Həmin məbləğdən 37407,00 manat ödənilmişdir. Qalan 13981,90 manat bu günə kimi ödənilməmişdir. Cavabdeh tərəfə pretenziya məktubu göndərilmiş və qalan məbləğin ödənilməsi xahiş edilmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsindən verilmiş xx.xx.2021ci il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. "xxxx" MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 20/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli avadanlıqları və malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edilb dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə ilə nəzərdə tutulmuş malın hər bir partiya üzrə miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi müddəti bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşma protokoluna əsasən müəyyən edilir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAH 548501 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 26440,85 manat məbləğində, EBAQ 461481 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3929,64 manat məbləğində, EBAN 697739 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 5389,06 manat məbləğində, EBAM 698054 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3355,92 manat məbləğində, EBAR 014303 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 1681,50 manat məbləğində, EBAN 697765 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 1285,02 manat məbləğində, EBAP 722749 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 2334,63 manat məbləğində, EBAN 220811 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 164,61 manat məbləğində mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdehlə bağlanmış müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə 2407 manat, xx.xx.2020-ci il tarixdə isə 15000 manat, xx.xx.2020-ci il tarixdə isə 20000 manat pul, ümumilikdə 37407 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubuna əsasən iddiaçı cavabdehlə arasında bağlanmış 21 fevral 2020-ci il tarixli malların alqı-satqı müqaviləsinə əsasən yaranmış 13981,90 manat qalıq borcun 7 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya həmin tarixdə 21 fevral 2020-ci il tarixli 20/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 13982 manat əsas borc, 2516,76 manat ƏDV borcu ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 21 fevral 2020ci il tarixli 20/2020 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər vaxtında icra edilməmiş, nəticədə alqı-satqı müqaviləsi üzrə iddiaçıya 13981,90 manat borcu yaranmışdır. Bununla yanaşı, materiallardan görünür ki, iddia ərizəsində ödənilməsi tələb edilən 13981,90 manat məbləğində borc cavabdeh tərəfindən tam şəkildə xx.xx.2022-ci il tarixdə iddiaçıya ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələb edilən borc tam şəkildə cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən iddia tələbi təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci və 32 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 232 (iki yüz otuz iki) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar