Məhkəmə qərarları › İş №e-2-2(113)-1391/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1391/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1391/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 121012,73 manat manat əsas borcun, 21782 manat dəbbə pulunun, 220 manat vəkil xərci, 433 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə “məhsulların alqı-satqısı”na dair ******* nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı (İddiaçı MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdiricispirtsiz içkiləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə malların təhvil-qəbul aktları və maliyyə arayışı əsasında ƏDV xaric ümumilikdə 830326,14 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh tərəfindən həmin puldan 663125,73 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən 167200,41 manat əsas borc ödənilməmişdir. "xxxx" MMC, Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “öhdəliklərin ötürülməsinə dair Əlavə Razılaşma № 2” müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 MMC "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, **********-1 nömrəli “məhsulların alqı-satqısı haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən 2№-li əlavə razılaşmaya uyğun olaraq Cavabdeh2 MMC-nin 167200,41 manat məbləğində pul vəsaitinin ödənişinin həyata keçirilməsini öz üzərinizə götürmüşdür. Bundan sonra həmin borcdan 46187,68 manat hissəsi Cavabdeh1 MMC tərəfindən ödənilmişdir. Hazırda Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin birgə borcundan 121012,73 manat ödənilməmiş əsas borcu qalmışdır. “Məhsulların alqı-satqı” müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-ci bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1(sıfır tam,onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 (sıfır tam,onda iki) % miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə İddiaçı MMC olaraq pozulmuş hüquqların bərpasını təmin etmək üçün məhkəməyə müraciət edilməli olmuşdur. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili R.Əmiraslanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hüquq və öhdəliklərin ötürülməsi barədə sazişlə iddiaçı razıdır, həmin sazişə görə hazırkı borc Cavabdeh1 MMC tərəfindən ödənilməlidir, bununla yanaşı iddiaçı borcun həmin də Cavabdeh2 MMC-dən tutulmasını xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və Cavabdeh2 MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli məhsulların alqı-satqısı müqaviləsinə əsasən satıcı özünün istehsal etdiyi və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən, satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur.

9. Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının müraciəti əsasında onun sifarişi əsasında onun sifarişini və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında verir.

10. Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə, gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmayan dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəməlidir.

11. 477440 nömrəli malların təhvil-qəbul aktına görə 21762,62 manat, 477439 nömrəli malların təhvil-qəbul aktına görə 21762,62 manat, 595001 nömrəli malların təhvilqəbul aktına görə 21762,62 manat, 477444 nömrəli malların təhvil-qəbul aktına görə 21762,62 manat, 477451 nömrəli malların təhvil-qəbul aktına görə 21762,62 manat, 456208 nömrəli malların təhvil-qəbul aktına görə 23400,66 manat, 456206 nömrəli malların təhvil-qəbul aktına görə 18093,84 manat, 456205 nömrəli malların təhvil-qəbul aktına görə 18093,84 manat məbləğində mallar iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə təhvil verilmişdir.

12. İddiaçı (kreditor), Cavabdeh1 MMC (öhdəlik götürən) və Cavabdeh2 MMC (öhdəlik ötürən) arasında bağlanmış öhdəliklərin ötürülməsinə dair xx.xx.2024-cü il tarixli, 2 nömrəli əlavə razılaşmaya görə, öhdəlik götürən satıcı ilə öhdəlik ötürən arasında bağlanmış məhsulların alqı-satqısına dair müqavilə üzrə 2.1-ci bənddə göstərilmiş öhdəliklərini öz üzərinə götürür.

13. Müqavilənin 2.1-ci bəndinə görə, hazırkı əlavə razılaşmaya uyğun olaraq öhdəlik götürən öhdəlik ötürən tərəfindən ödənilməli olan 167200,41 (bir yüz altmış yeddi min iki yüz manat və 41 qəpik) manat məbləğində pul vəsaitinin ödənişinin həyata keçirilməsini öz üzərinə götürür.

14. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2024-cü il tarixli MT2404 00864579 nömrəli 23400,6626 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00864580 nömrəli 18093,8368 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00864581 nömrəli 18093,8368 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00760723 nömrəli 21762,622 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00759548 nömrəli 21762,622 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00759553 nömrəli 21762,622 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00759551 nömrəli 21762,622 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00759555 nömrəli 21762,622 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

15. Cavabdeh1 MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 15333,76 manat, xx.xx.2024-cü il tarixdə 15333,76 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat vəsait ödənilmişdir.

16. Cavabdeh1 MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 2760,08 manat, xx.xx.2024-cü il tarixdə 2760,08 manat ƏDV ödənilmişdir.

17. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddia tələbləri Cavabdeh1 MMC-yə aid olan hissədə qismən əsaslıdır.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və Cavabdeh2 MMC arasında xx.xx.2024-cü il tarixli, ******* nömrəli məhsulların alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin yaranmış 167200,41 manat borcu iddiaçının razılığı ilə digər Cavabdeh1 MMC-yə ötürülmüş, sonuncu tərəfindən yaranmış borcdan ümumilikdə 46187,68 manat vəsait ödənilmiş, qalıq 121012,73 manat borc ödənilməmiş qalmışdır.

20. Məhkəmə hesab edir ki, göstərilən borc Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli məhsulların alqı-satqısı müqaviləsi 6.3-cü bəndinə əsasən hesablanmış 21782 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı Cavabdeh1 MMC-dən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 MMC-dən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq Cavabdeh1 MMC-dən tutulacaq cərimə 6000 manat məbləğində müəyyən edilməlidir.

30. Məhkəmə iddia tələblərini digər Cavabdeh2 MMC-yə aid hissədə əsassız hesab edir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

32. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

33. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli məhsulların alqı-satqısı müqaviləsi iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlansa da, iddiaçının razılığı ilə həmin müqavilə üzrə yaranmış borc Cavabdeh1 MMC-yə köçürülmüş, Cavabdeh2 MMC-nin alqı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında hər hansı öhdəliyi qalmamışdır.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 MMC-yə aid hissədə əsassız olduğu üçün təmin edilməməlidir.

35. Bundan başqa iddia ərizəsində 220 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

36. Məhkəmə hesab edir ki, iddia Cavabdeh1 MMC-yə aid hissədə qismən təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi 220 manat xərc göstərilən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə Abşeron rayon vəkil bürosuna 220 manat vəsait ödənilmişdir.

38. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 121012,73 manat əsas borc, 6000 manat dəbbə pulu, 220 manat hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 417 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməli, 16 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 121012,73 manat əsas borc, 6000 manat dəbbə pulu, 220 manat hüquqi yardıma görə xərc, 417 manat dövlət rüsumu, ümumilikdə 127649,73 (bir yüz iyirmi yeddi min altı yüz qırx doqquz manat yetmiş üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 16 (on altı) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar