Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1393/2024 02.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 mart 2023-cü il tarixli müqavilə üzrə 42544 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 mart 2023-cü il tarixli 36 S-2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan tikinti materialları əldə etmişdir. Əldə etdiyi tikinti materiallarının dəyərini ödəmədiyinə görə xx.xx.2024-cü il tarixinə cavabdehin borcu 42544 manat təşkil edir. Bununla əlaqədar olaraq, cavabdehə elektron qaimələr verilmiş və təhvil-təslim aktları əsasında mallar cavabdehə təhvil verilmişdir. Cavabdeh müqaviləyə uyğun olaraq təhvil aldığı malın dəyərini 15 gün müddətində köçürmə yolu ilə ödəməli olduğu halda, öhdəliyini icra etməmişdir. Yaranmış mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6-0992 nömrəli arayış verilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 389.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 09 mart 2023-cü il tarixli müqavilə üzrə cavabdehə verilmiş 67543,94 manat və 12157,92 manat dəyərində malların yalnız bir hissəsi ödənilmişdir.
6. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına çatdırılmaqla, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilən iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanan 09 mart 2023-cü il tarixli 36 S-2023 nömrəli müqavilənin şərtlərindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya müqavilənin əlavəsində göstərilən malları satır, “Alıcı” isə hamin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir (1.1). Malların sayı, növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilənin ayrılmaz hissəsi olan əlavə ilə müəyyən olunur. Həmin əlavədə alınan mal və avadanlığın adı, növü, sayı və qiyməti barədə məlumat olmalıdır (1.2). Malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə ilə müəyyənləşdirilir (2.1). Malın “Alıcı”nın ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxildir (2.2).
11. Həmin müqaviləyə 09 mart 2023-cü il tarixli 01 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 21676,6 manat, 09 mart 2023-cü il tarixli 02 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 14430,42 manat, 09 mart 2023-cü il tarixli 03 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 375,81 manat, 13 mart 2023-cü il tarixli 04 nömrəli əlavə qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 1666,99 manat, 27 mart 2023-cü il tarixli 05 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 16683,48 manat, 07 aprel 2023-cü il tarixli 06 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 1343,03 manat, 25 aprel 2023-cü il tarixli 07 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 2376,48 manat, 05 may 2023-cü il tarixli 09 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 17424,06 manat, 27 may 2023-cü il tarixli 10 nömrəli əlavə qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 2265,6 manat, 12 iyun 2023cü il tarixli 08 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 1154,93 manat, 14 iyun 2023-cü il tarixli 09 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 304,51 manat dəyərində mal və avadanlığın adı, növü, sayı və qiyməti barədə razılığa gəlinmişdir.
12. Məhkəməyə təqdim edilən mal və materialların təhvil-təslim aktlarından görünür ki, 09 mart 2023-cü il tarixli 01 nömrəli aktla ƏDV daxil olmaqla 21676,6 manat, 09 mart 2023-cü il tarixli 02 nömrəli aktla ƏDV daxil olmaqla 14430,42 manat, 09 mart 2023-cü il tarixli 03 nömrəli aktla ƏDV daxil olmaqla 375,81 manat, 13 mart 2023-cü il tarixli 04 nömrəli aktla ƏDV daxil olmaqla 1666,99 manat, 27 mart 2023-cü il tarixli 05 nömrəli aktla ƏDV daxil olmaqla 16683,48 manat, 07 aprel 2023-cü il tarixli 06 nömrəli aktla ƏDV daxil olmaqla 1343,03 manat, 25 aprel 2023-cü il tarixli 07 nömrəli aktla ƏDV daxil olmaqla 2376,48 manat, 05 may 2023-cü il tarixli 09 nömrəli aktla ƏDV daxil olmaqla 17424,06 manat, 27 may 2023-cü il tarixli 10 nömrəli aktla ƏDV daxil olmaqla 2265,60 manat, 12 iyun 2023-cü il tarixli 08 nömrəli aktla ƏDV daxil olmaqla 1154,93 manat, 14 iyun 2023-cü il tarixli 09 nömrəli aktla ƏDV daxil olmaqla 304,51 manat dəyərində malın təqdim edilməsi hər iki hüquqi şəxs tərəfindən (möhürlə) təsdiqlənmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, 09 mart 2023-cü il tarixli EBDB 352733 seriya və nömrəli elektron qaimə 21676,6 manat, 09 mart 2023-cü il tarixli EBDB 352729 seriya və nömrəli elektron qaimə 14430,42 manat, 09 mart 2023-cü il tarixli EBDB 352731 seriya və nömrəli elektron qaimə 375,81 manat, 13 mart 2023-cü il tarixli EBDB 542486 seriya və nömrəli elektron qaimə 1666,94 manat, 27 mart 2023-cü il tarixli EBDC 250841 seriya və nömrəli elektron qaimə 16683,49 manat, 07 aprel 2023-cü il tarixli EBDD 079907 seriya və nömrəli elektron qaimə 1343,02 manat, 25 aprel 2023-cü il tarixli EBDE 126566 seriya və nömrəli elektron qaimə 2376,48 manat, 05 may 2023-cü il tarixli EBDE 971951 seriya və nömrəli elektron qaimə 17424,06 manat, 27 may 2023-cü il tarixli EBDG 555624 seriya və nömrəli elektron qaimə 2265,6 manat, 12 iyun 2023-cü il tarixli EBDE 829904 seriya və nömrəli elektron qaimə 1154,93 manat, 14 iyun 2023-cü il tarixli EBDH 822417 seriya və nömrəli elektron qaimə 304,51 manat olmaqla ümumilikdə 79701,86 manat dəyərində malın təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.
14. İş materiallarına əlavə edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat olmaqla ümumilikdə 25000 manat məbləğində pul iddiaçının bank hesabına köçürülmüşdür.
15. Məhkəməyə təqdim edilən “ƏDV sub-hesabı”ndan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində 900 manat, xx.xx.2023-cü il tarixdə 7200 manat, xx.xx.2023-cü il tarixdə 4057,92 manat olmaqla ümumilikdə 12157,92 manat məbləğində ƏDV cavabdeh tərəfindən sub-hesaba köçürülmüşdür.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 09 mart 2023-cü il tarixli 36 S-2023 nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə müqavilənin əlavəsində göstərilən malları satmağı, cavabdeh isə hamin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 11 təhvil-təslim aktı və elektron qaimə əsasında ƏDV daxil olmaqla 79701,86 manat dəyərində malı cavabdehə təqdim etmiş, həmin elektron qaimələr üzrə ümumilikdə ƏDV daxil olmaqla 37157,92 manat ödənilmişdir.
17. İddiaçı 09 mart 2023-cü il tarixli 36 S-2023 nömrəli alqı-satqı müqaviləsi üzrə mallarının qalıq dəyərini təşkil edən 42544 manat məbləğində pulun ödənilməsini tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.4.3-cü bəndi ilə təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında malların dəyərinin 15 təqvim günü ərzində köçürmə yolu ilə aparılmasının şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 09 mart 2023-cü il tarixli 36 S-2023 nömrəli müqavilə üzrə 42543,94 manat (11 təhvil-təslim aktı və elektron qaimə əsasında verilmiş malları dəyəri: ƏDV daxil olmaqla 79701,86 manat – ödənilmiş: ƏDV daxil olmaqla 37157,92 manat) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı həmçinin 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.
38. “Mediasiya prosesinin tətbiqi barədə” xx.xx.2023-cü il tarixli təklifdən və poçt xəbərnamələrindən görünür ki, iddiaçı hazırkı mübahisənin həlli ilə bağlı mübahisənin predmeti və təklif edilən mediator barədə məlumatlar qeyd etməklə təklifi cavabdehə göndərmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə təklifi almışdır.
39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/6-0992 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixli sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 210 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin görünür ki, mediasiya sessiyası barədə tərəflərə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
42. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (tərəflərin mediasiya prosesindən keçərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
43. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etmək üçün məhkəməyəqədər hazırlıq mərhələsində həyata keçirməli olduğu hərəkətlər sırasına ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur (mediasiya ilə bağlı hərəkətlər xx.xx.2023-cü il tarixdə başlamış, mediator mediasiya sessiyası barədə tərəflərə xx.xx.2023-cü il tarixdə bildiriş göndərmiş, müvafiq arayış xx.xx.2024-cü il tarixdə alınmış, Mülki Prosessual Məcəlləyə dəyişiklik isə xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, məhkəmə iddia tələbinin qismən (təmin olunmayan hissə 06 qəpik) təmin edildiyini, cavabdehin isə yalnız 200 manat mediasiya xərcini (ödədiyi mediasiya xərci 210 manat olduğu halda) tələb etdiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 09 mart 2023-cü il tarixdə bağlanmış müqavilə üzrə 42543 (qırx iki min beş yüz qırx üç) manat 94 (doxsan dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova