Məhkəmə qərarları › İş №e-2-2(113)-1396/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1396/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1396/2022 14.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı sığorta haqqı məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 5330 manat pul vəsaitinin və 110 manat məbləğində mediasiyaya dair xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 15.09.2016cı il tarixli, 218/16 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən vasitəçilik xidməti göstərən Cavabdeh1 müştərilərdən aldığı sığorta haqqı məbləğlərini sığortaçıya ödəməli idi. Lakin sığorta vasitəçisi Cavabdeh1 Cavabdeh2 MMC-nin xeyrinə bağladığı və iddia ərizəsinə siyahısı əlavə olunan müqavilələr üzrə qəbul etdiyi sığorta haqqı məbləğlərini sığortaçıya ödəməmişdir. Sığorta vasitəçisi tərəfindən 2021-ci il üzrə ödənilməyən (yaranmış öhdəlik) sığorta haqqı məbləğinin cəmi 5330 manat təşkil edir. 20.05.2021-ci il tarixində 5330 manat pul vəsaitinin 7 iş günü ərzində iddiaçıya ödənilməsi cavabdehlərdən pretenziya qaydasında tələb edilmişdir. Lakin cavabdehlər yenə də yaranmış öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X4 verdiyi izahatda bildirdi ki, tərəfindən ödəniş tam olaraq həyata keçirilmişdir.Hesab edir ki, MMC-nin iddiaçı qarşısında hal-hazırda heç bir öhdəliyi mövcud deyildir və borc məbləğ digər cavabdehdən, yəni Cavabdeh1 tutulmalıdır. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bundan sonra “Sığortaçı” adlandırılacaq "xxxx" ASC ilə bundan sonra “Sığorta brokeri” adlandırılacaq Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli 218/16 nömrəli sığorta vasitəçiliyi haqqında müqaviləyə əsasən sığortaçı sığorta brokerinin sığorta vasitəçiliyi əsasında bağlanmış sığorta şəhadətnamələrində qeyd edilmiş sığorta haqqından bu müqavilənin tərkib hissəsi sayılan 1 saylı Əlavədə göstərilmiş faiz nisbətində vasitəçiyə komisyon faizi ödəyir. 5.1. Sığorta brokeri müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. 5.2 Müqavilə bağlamaq və ya sığorta haqqını qəbul etmək səlahiyyətinə malik sığorta brokeri qeyri-qanuni hərəkətləri nəticəsində sığortaçıya vurduqları zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. -"xxxx" ASC tərəfindən verilmiş 20.05.2021-ci il tarixli sığorta vasitəçiliyi xidməti haqqında müqavilədə nəzərdə tutulan qaydada sığorta vasitəçisinin sığortaçıya ödəməli olduğu pul məbləğinə dair arayışa əsasən 15.09.2016-cı il tarixli, 218/16 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” müqaviləyə əsasən sığorta vasitəçisi Cavabdeh1 müvafiq müqavilələr üzrə aldığı sığorta haqqı məbləğlərini sığortaçıya ödəməmişdir. Sığorta vasitəçisi tərəfindən 2021-ci il üzrə ödənilməyən sığorta haqqı məbləğinin cəmi 5330 manat təşkil edir. - Cavabdeh2 MMC-yə məxsus 10 ZK142, 99JY892, 10ZJ892, 99JV142, 10ZJ910, 90JY910, 99JN848, 99JT848, 99JV644, 10ZK244, 10ZK844, 99JV344, 99JV844, 99JV544 dövlət qeydiyyat nişanlı avtomobillərin "xxxx" ASC tərəfindən sığorta olunması barədə sığorta şəhadətnamələri tərtib edilmişdir. - "xxxx" ASC-nin əməkdaşları ilə Cavabdeh1 tərəfindən tərtib edilmiş 11.01.2021-ci il tarixli təhvil-təslim aktlarına əsasən TA-101111-101115 nömrəli 5 ədəd, BB-521504-521513 nömrəli 10 ədəd RA-78871-78875 nömrəli 5 ədəd, 19.03.2021-ci il tarixli təhvil-təslim aktına əsasən TA-10116-101135 nömrəli 20 ədəd sığorta şəhadətnamələri Cavabdeh1 İldırım oğluna təhvil verilmişdir. - 21 may 2021-ci il tarixli 112814 nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 4310 manat məbləğində ödəniş edilmişdir. - Səbail rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən qəbul edilmiş 24.12.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cavabdeh1 "xxxx" ASC ilə 2014-cü ildə bağladıqları müqaviləyə əsasən sığorta brokeri kimi fəaliyyət göstərir. Onun "xxxx" ASC adından bağladığı 18 müqaviləyə əsasən ASC-yə 5330 manat borcu yaranıb. Həmin müqavilələrə əsasən aldığı 5330 manat pulu bank hesabına köçürüb. Qeyd edilən halları Cavabdeh1 verdiyi izahatında da təsdiqləmişdir. Sözügedən qərara əsasən cinayət işinin başlanılmasından imtina edilmişdir. - “ X7 İhracat” MMC tərəfindən 04 iyun 2021-ci il tarixdə "xxxx" ASC-yə məktub ünvanlanaraq bildirilmişdir ki, Cavabdeh1 tərəfindən MMC-yə məxsus nəqliyyat vasitələri sığorta edilmişdir. Belə ki, sığorta müqaviləsinin bağlanmasına razılıq əldə edildikdən və tərəflərindən ilk sığorta haqqı ödənildikdən sonra Cavabdeh1 tərəfindən müvafiq sığorta müqaviləsi (şəhadətnamə) rəsmiləşdirməklə onlara təqdim edilmişdir. Sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqları nağd qaydada Cavabdeh1 ödənilmiş və qanunvericiliyə müvafiq olaraq sığorta haqqının qəbul edilməsi barədə qəbz rəsmiləşdirilmişdir. Hesab edir ki, MMC-nin heç bir öhdəliyi yoxdur və bununla bağlı tələb sığorta vasitəçisinə, yəni Cavabdeh1 yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) AR MM-in 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 787.2-ci maddəyə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.788.2. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. 788.3. Əgər broker başqa iştirakçıya broker müqaviləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də muzd almağı şərtləşdirmişdirsə, onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ istisna edilir. “İcbari Sığorta haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. İşin hallarından məlum olur ki, "xxxx" ASC ilə Cavabdeh1 İldırım oğlu arasında 15.09.2016-cı il tarixdə 21816 nömrəli sığorta vasitəçiliyi haqqında müqavilə bağlanmış, sözügedən müqaviləyə əsasən sonuncuya Cavabdeh2 MMC-yə məxsus nəqliyyat vasitələrinin sığorta olunması ilə iddiaçı tərəfindən müvafiq sığorta şəhadətnamələri verilmişdir. Cavabdeh2 MMC tərəfindən sığorta haqqını təşkil edən məbləğ Cavabdeh1 İldırım oğluna ödənilmişdir. Buna baxmayaraq 5330 manat təşkil edən sığorta haqqını Cavabdeh1 İldırım oğlu iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzi, eyni zamanda cinayət işi başlamasının rədd edilməsi barədə Səbail rayon Polis İdarəsinin 24.12.2021-ci il tarixli qərarı qeyd edilən halı təsdiq edir. Həmin qərardan görünür ki, Cavabdeh1 verdiyi izahatda "xxxx" ASC-nin adından bağladığı müqavilələr üzrə ona məxsus bank hesabına köçürülmüş 5330 manat məbləğində pulu iddiaçıya ödəmədiyini təsdiqləmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən sığorta şəhadətnamələri üzrə müəyyən olunmuş sığorta haqqı ödənişi Cavabdeh1 İldırım oğluna ödənildiyindən MMC-nin iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir öhdəliyi mövcud deyildir. Odur ki, Cavabdeh2 MMC-yə münasibətdə iddia təmin edilməməlidir. Cavabdeh1 isə sığorta vasitəçiliyi xidməti haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən şəxsdən 5330 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 110 manat məbləğində pul da Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5330 manat borc məbləği və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 110 manat, cəmi 5440 (beş min dörd yüz qırx) manat tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədr İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar