Məhkəmə qərarları › İş №e-2-2(113)-1399/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1399/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1399/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, İddiaçı MMM-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2193.46 AZN məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 219.35 AZN məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X1 ilə 151 KKM-B/P20 saylı Alğı-Satqı müqaviləsi bağlanmış, əməkdaşlıqları müddətində cavabdehlə aralarında imzalanmış malların təhvilqəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM-ə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə cavabdehə zəng edib, əlaqə saxlamaq istəsələr də telefon zənglərinə cavab verməyərək, şirkətə olan ümumilikdə 2193.46 AZN borcu ödəməkdən yayınır. Bundan əlavə, cavabdehlə aralarında bağlanan xx xxxx 2020-ci il tarixli, 151 KKM-B/P20 saylı Alğı-Satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən, Alıcı malı təhvil aldığı tarixdən ən geci 15 gün ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi iddiaçıya 2193.46 AZN məbləğində olan borcunu ödəməmiş və aralarında bağlanmış Alğı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Eyni zamanda, xx xxxx 2020-ci il tarixli, 151 KKM-B/P20 saylı müqavilənin 5.1-ci bəndinə əsaslanaraq, Alıcı kreditlə aldığı malın dəyərini 2 saylı Əlavədə müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10%-i müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin 10%-ni təşkil edən 219.35 AZN məbləğində dəbbə pulu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Ağa-zadə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMM ilə Cavabdeh MMC arasında bağlanan xx xxxx 2020-ci il tarixli, 151 KKM-B/P20 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 2 saylı Əlavənin şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyərini elektron qaimə fakturaların cəmi təşkil edir. Alıcı və satıcı təhvil verilmiş mallara aid təhvil-qəbul aktı imzalayır. Mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir. Alıcı malların dəyərini həmin müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. - xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli malların təhvil-qəbul aktlarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda və miqdarda mallar təhvil verilmişdir. - İddiaçı MMM xx xxxxxx 2021-ci il tarixdə Cavabdeh MMC-yə pretenziya qaydasında məktub ünvanlayaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və ondan aldığı məhsullara görə ümumilikdə 2193,46 manat olan borcunu ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2193,46 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2193,46 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış hazırkı müqavilənin 5-ci maddəsinə əsasən hesablanmış 219,35 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2193,46 manat (iki min yüz doxsan üç manat qırx altı qəpik) məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 100 (yüz) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2323,46 (iki min üç yüz iyirmi üç manat qırx altı qəpik) manat pul tutularaq İddiaçı MMM-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar