Məhkəmə qərarları › İş №e-2-2(113)-1399/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1399/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1399/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, 30/24 saylı müqavilə üzrə əsas borc 948,27 manat, ƏDV borcu 170,69 manat olmaqla, ümumilikdə 1118,96 manat borc, 223 manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 42,32 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 30/24 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ƏDV daxil 1118,96 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktları ilə təsdiq edilir. Bu əsasla cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində borc məbləğinin tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2024cü il tarixli, 30/24 saylı müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% əlavə cərimə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 3089,77 manat təşkil etsə də, İddiaçı MMC tərəfindən güzəşt faizi tətbiq edilərək, əsas məbləğin 20%-i həcmində, yəni cəmi 223 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddia tələbi 2183, 295 və 422 manat dəyərində olan qaimələrlə bağlıdır, edilmiş ödənişlər çıxılaraq hazırkı tələb irəli sürülmüşdür.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, daşıyıcı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərəncamında olan yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən sifarişçinin daşıyıcıdan xidmətlərin nəzərdə tutulmuş formada və müddətdə, lazımi keyfiyyətdə təmin edilməsini tələb etmək hüququ, həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən sifarişçinin daşıyıcı tərəfindən göstərilmiş xidmətlərin dəyərini gecikdirmədən ona ödənilməsini təmin etmək vəzifəsi vardır. Həmin müqavilənin 3.3.1-ci bəndinə əsasən daşıyıcının şərtləşdirilmiş keyfiyyətdə və zamanda icra edilmiş işə görə razılaşdırılmış xidmət haqqının ödənilməsini sifarişçidən tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən daşıyıcı müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən daşıyıcı sifarişi qəbul etdikdən sonra ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə № 01) ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği sifarişçi tərəfindən daşıyıcıya əlavə olaraq ödəniləcəkdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə yükün təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə tərtib edilmiş və tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış qaimə ilə rəsmiləşdirilir. Əksi sübut edilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması və yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ay ərzində göstərilmiş xidmətlər barədə xidmət haqqı göstərilməklə hər ayın sonu daşıyıcı tərəfindən müvafiq təhvil-təslim aktı hazırlanaraq sifarişçiyə göndərilir və sifarişçinin və daşıyıcının səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilir. Sifarişçi həmin aktda qeyd edilən məlumatları təsdiq etmədiyi təqdirdə 5 gün ərzində bununla bağlı müvafiq iradlarını və düzəlişlərini daşıyıcıya təqdim edir. Sifarişçi tərəfindən 5 gün ərzində imzalanıb daşıyıcıya geri göndərilməmiş akt artıq təsdiqlənmiş hesab edilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği 5 bank günü ərzində sifarişçi tərəfindən daçıyıcıya ödənilir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün qalıq borcun 1%-i miqdarında dəbbə pulu hesablanacaq. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetimrədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, 071334 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli yükdaşıma xidmətinin göstərilməsi haqqında müqavilə üzrə Cavabdeh MMC İddiaçı MMCdən aktda əksini tapan və ümumi dəyəri 1850 manat və ƏDV 333 manat olan yükləri təhvil almışdır. Akt İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, 072366 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli yükdaşıma xidmətinin göstərilməsi haqqında müqavilə üzrə Cavabdeh MMC İddiaçı MMCdən aktda əksini tapan və ümumi dəyəri 250 manat və ƏDV 45 manat olan yükləri təhvil almışdır. Akt İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, 073112 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli yükdaşıma xidmətinin göstərilməsi haqqında müqavilə üzrə Cavabdeh MMC İddiaçı MMCdən aktda əksini tapan və ümumi dəyəri 400 manat və ƏDV 72 manat olan yükləri təhvil almışdır. Akt İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2024-cü il tarixli, 30/24 saylı müqavilə üzrə 948,27 manat əsas borc, 170,69 manat ƏDV, 3089,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 42,32 manat borcu vardır.(gecikdirilən günlərin sayı-292)

12. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 824844 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 2183 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2024-cü ilin fevral ayında yükdaşıma xidmətinə görə göndərilmiş 071334 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur. Qaimə İddiaçı MMC-nin imza və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00036245 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 295 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2024-cü ilin fevral ayında yükdaşıma xidmətinə görə göndərilmiş 072366 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur. Qaimə İddiaçı MMC-nin imza və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 455740 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 472 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli müqavilə göstərilmişdir. Qaimənin 2024-cü ilin mart ayında yükdaşıma xidmətinə görə göndərilmiş 073112 nömrəli akta uyğun tərtib edildiyi qeyd olunmuşdur. Qaimə İddiaçı MMC-nin imza və möhürü ilə təsdiq edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 110 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDU seriyalı, 290362 nömrəli və EBDW seriyalı, 263224 nömrəli qaimə göstərilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 270 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDW seriyalı, 739869 saylı və EBDY seriyalı, 091848 nömrəli qaimə göstərilmişdir.

17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 450 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 824844 nömrəli qaimə göstərilmişdir.

18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 423,73 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 824844 nömrəli qaimə göstərilmişdir.

19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 676 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 824844 nömrəli qaimə göstərilmişdir.

20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 948,27 manat borcun 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Qeyd edilmişdir ki, borcun ödənilməməsi halında ödənilməmiş 948,27 manat məbləğində borcla yanaşı, borcun məcburi icrası məqsədilə məhkəmə xərcləri də olmaqla, əlavə sanksiya da ödəməli olacaqlar. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli, 30/24 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, yükdaşıma xidmətinin göstərilməsi təmin edilmiş, yük daşınmış, lakin cavabdeh daşınma haqqını ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirməmiş, müqavilə üzrə 948,27 manat əsas borc, 170,69 manat ƏDV borcu olmaqla, 1118,96 manat məbləğində daşıma haqqı ödənilməmiş qalmışdır. Həmin hal iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəməyə mübahisə ilə bağlı olan, göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlar təqdim edilmiş, həmçinin müvafiq ödəniş sənədləri təqdim olunmuşdur və həmin sənədlərin bir çoxunda ödənişin təyinatı kimi müvafiq elektron qaimələrə istinad olunur. İddiaçı tərəfindən mübahisə ilə bağlı 3 elektron qaimə təqdim edilmiş, həmin qaimələrin 1-i üzrə qismən ödəniş edilmiş (xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 824844 nömrəli), digər 2-si üzrə (xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00036245 nömrəli və xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 455740 nömrəli) ödəniş edilməmişdir. Müəyyən olunmuşdur ki, 3 akt və elektron qaimə üzrə əsas borcun məbləği 2500 manat təşkil edir (1850+250+400=2500). xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 824844 nömrəli elektron qaimə üzrə əsas məbləğdən 1551,73 manat (450+678+423,73=1551,73) ödənilmiş (ödəniş tapşırıqları ilə təsdiq olunur), həmin qaimə üzrə qalıq məbləğ 298,27 manat (1850-1551,73=298,27) təşkil etmişdir. Beləliklə, 3 akt və elektron qaimə üzrə ödənilməmiş qalan əsas məbləğ 948,27 manat (298,27+250+400=) olmuşdur.

24. Aktlar və elektron qaimələr üzrə ƏDV məbləği 450 manat (333+45+72=) təşkil edir və həmin məbləğdən 279,31 manat (122,04+76,27+81=279,31) ödənilmiş, qalıq ödənilməmiş ƏDV məbləği 170,69 manat (450-279,31=170,69) təşkil edir.

25. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli müqavilə üzrə 948,27 manat əsas, 170,69 manat ƏDV borcunun tutulması təşkil edir.

26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının göstərilmiş yükdaşıma xidmətlərinə görə ödənilməmiş qalan yükdaşıma haqqının, qeyd olunan məbləğlərin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 948,27 manat (doqquz yüz qırx səkkiz manat iyirmi yeddi qəpik) əsas borc, 170,69 manat (yüz yetmiş manat altmış doqquz qəpik) ƏDV məbləği tutularaq iddiaçıya ödənilməlidir.

27. Həmçinin nəzərə alınmışdır ki, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı, yeri barədə SMS bildiriş göndərilsə də, iştirak edilməmiş, cavabdehin qanuni təmsilçisinin e-kabineti olsa da, iddiaya hər hansı münasibət bildirilməmiş, etiraz edilməmişdir.

28. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 223 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

29. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 30/24 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 5.5-ci maddəsinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün qalıq borcun 1%-i miqdarında dəbbə pulu hesablanacaq.

30. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Bundan əlavə iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 42,32 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 42,32 manat (qırx iki manat otuz iki qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır (maliyyə arayışında gecikən günlərin sayı, müvafiq hesablama öz əksini tapmışdır).

33. Eləcə də, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 manat dövlət rüumunun cavabdehdən tutulması xahiş edilmişdir.

34. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 28 (iyirmi səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 948,27 manat (doqquz yüz qırx səkkiz manat iyirmi yeddi qəpik) əsas borc, 170,69 manat (yüz yetmiş manat altmış doqquz qəpik) ƏDV olmaqla, cəmi 1118,96 manat (min yüz on səkkiz manat doxsan altı qəpik), 50 (əlli) manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 42,32 manat (qırx iki manat otuz iki qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat olmaqla, ümumilikdə 1239,28 manat (min iki yüz otuz doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar