Məhkəmə qərarları › İş №e-2-2(113)-1400/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1400/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1400/2021 05.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı Cavabdeh1ndən 89312,68 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 89342,68 manat pulun iddiaçının xeyrinə tutulması, borc tələbinin ünvan ünvanda yerləşən, RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan əmlaka yönəldilməsi, Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, iddiaçının qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı Cavabdeh1ndən 89312,68 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 89342,68 manat pulun iddiaçının xeyrinə tutulması, borc tələbinin ünvan ünvanda yerləşən, RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan əmlaka yönəldilməsi, Cavabdeh2 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, iddiaçının qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli SM/QQ-034 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh "Cavabdeh1" MMC, iddiaçıdan müxtəlif inşaat kimyəviləri məhsulları almışdır. Müqavilənin şərtlərinə əsasən təhvil verilmiş malların dəyəri sifariş tarixindən etibarən, sabit limit olaraq 125.000 manat məbləğində 30 gün müddətində ödənilməsi razılaşdırılmışdır. "Cavabdeh1" MMC, iddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus həyətyanı sahə və ev tərəflərin razılığı ilə 125000 manat dəyərində qiymətləndirilərək ödənişə təminat kimi girov qoyulmuşdur. Müqavilə üzrə 89312,68 manat borc yaranmış və sözügedən borcun ödənilməməsinə görə cavabdeh "Cavabdeh1" MMC ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh "Cavabdeh1" MMC tərəfındən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyildir. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilən əmlak ünvan ünvanda yerləşən, RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən Cavabdeh2 məxsus həyətyanı sahə və evdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi X2 məhkəmə iclasında iddianı etiraf edərək, izahatında bildirdi ki, "Cavabdeh1" MMC-nin iddiaçıya borcu var, "Cavabdeh1" MMC də həmin borcu əmlaka yönətmişdir. İddiaçı ilə aralarında xeyli alış-veriş olmuş, bir birlərini tanıyırlar. Sonda cavabdehin nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2016-cı il tarixli 2016-SM/QQ-034 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1nə müxtəlif inşaat kimyəviləri məhsulları satmağı, Cavabdeh1 isə malları qəbul edib razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli Girov müqaviləsinin surətindən görünür ki, müqavilə "Cavabdeh1" MMC, İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli 2016- SM/QQ-034 saylı alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və Cavabdeh2 məxsus ünvan ünvanda yerləşən, həyətyanı sahə və ev iddiaçı qarşısında girov ilə yüklü edilmiş, əmlakın dəyəri 125000 manat müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli Qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, cavabdeh iddiaçıya 89312,68 manat məbləğində borcu olmasını qəbul etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilnin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2016-SM/QQ-034 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif inşaat kimyəviləri məhsulları satmağı, cavabdeh isə malları qəbul edib razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mal satılmış, lakin cavabdeh tərəfindən malın dəyəri tam ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya 89312,68 manat borcu qalmışdır. "Cavabdeh1" MMC, İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli Girov müqaviləsi xx.xx.2016-cı il tarixli 2016-SM/QQ-034 saylı alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış və Cavabdeh2 məxsus ünvan ünvanda yerləşən, həyətyanı sahə və ev iddiaçı qarşısında girov ilə yüklü edilmiş, əmlakın dəyəri 125000 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 89312,68 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.3-cü maddəsinə bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Məhkəmə tələbin girov predmetinə yönəldilməsi hissəsinə münsibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli girov müqaviləsi üzrə iddiaçının girov hüququ dövlət qeydiyyatına alınmamışdır ki, bu halda həmin girov müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.4-cü maddəsinin tələblərinə əsasən əhəmiyyətsiz sayılır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. İddianın digər hissələrinə (mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnun tanınması, yeni mülkiyyətçi kimi qeydiyyata alınması) münasibətdə məhkəmə hesab edir ki, göstərilən tələblər tələbin girov predmetinə yönəldilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia göstərilən hissələrdə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 89312,68 manat əsas borc tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 89312,68 manat əsas borc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləği Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilsin, qalan 15 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar