Məhkəmə qərarları › İş №e-2-2(113)-1400/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1400/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1400/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X1» MMC-dən borc 4.597,28 manat (ƏDV daxil) pul məbləğini, 60 manat mediasiya ödənişi, 16 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh “X1” MMC arasında malların alqı-satqısına dair 20.11.2018-ciiltarixində 1217/18M saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, cavabdeh “X1” MMC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin 3.2 və 4.1-ci bəndlərinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən aydın olur ki, 4.597,28 manat (ƏDV daxil) məbləğində mal satıcı tərəfindən alıcıya satılmışdır. Lakin alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, malın dəyərini təşkil edən 4.597,28 manat (ƏDV daxil) məbləğində ödəniş cavabdeh “X1” MMC tərəfindən bu günkü günə qədər ödənilməyib. 10 noyabr 2021-ci il tarixində, 437 saylı məktubla müqavilə üzrə 4.597,28 manat (ƏDV daxil) məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair “X1” MMCyə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə onların tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. “Mediasiya haqqında”Azərbaycan Respublikası Qanunun 3.1.1-ci maddəsini rəhbər tutaraq cavabdeh «X1» MMC-yə 23 noyabr 2021-ci il tarixində, 486 saylı mediyasiya prosesin tətbiqi barədə təklif məktubu göndərildi. Təklif məktubu cavabdeh tərəfindən qəbul edilsə də heç bir şəkildə geri dönüş edilməmişdir. Daha sonra Mediasiya Təşkilatı tərəfindən təyin edilən mediator cavabdehi mediasiya sessiayasının tarixi , saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırsa da, görüş cavadehin iştirakı olmadan 11.01.2022-ci il tarixində keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı tərəfindən “X1” MMC-yə ƏDV daxil 1.508,04 manat dəyərində göstərilmiş xidmətə görə EAAN seriyalı, 932880 nömrəli, 28 noyabr 2018-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. İddiaçı tərəfindən “X1” MMC-yə ƏDV daxil 3.089,24 manat dəyərində göstərilmiş xidmətə görə EBAL seriyalı, 095488 nömrəli, 12 iyun 2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. 01.02.2022-ci il tarixli üzləşdirmə aktından görünür ki, İddiaçı ilə “X1” MMC arasında 01.01.2017-ci il tarixindən 30.12.2021-ci il tarixinədək olan dövr üçün aparılmış üzləşdirməyə əsasən 30.12.2021-ci il tarixə “X1” MMC-nin İddiaçınə 4.597,28 manat debitor borcu vardır. Akt İddiaçı imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən “X1” MMC-yə 10.11.2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “X1” MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “X1” MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 4.597,28 manat təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 4.597,28 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X1” MMC-dən 4.597,28 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilməlidir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 manat, eləcə də cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçınnı çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 60 manat, cəmi 76 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1” MMC -dən ƏDV daxil 4597,28 manat (dörd min beş yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) məbləğində borc, mediasiya xərclərin və dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar