Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1401/2022 20.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 aprel 2021-ci il tarixli, № MS-76/21 saylı müqavilə üzrə ödənilməmiş 5861,77 (manat əlli səkkiz min altmış bir manat yetmiş yeddi qəpik) məbləğində pul, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1225,11 manat (bir min iki yüz iyirmi beş manat on bir qəpik) məbləğində dəbbə pulunun və üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin tulularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında № MS-76/21 saylı, 12 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı-iddiaçı müqavilənin əlavəsində nəzərdə tutulmuş malları cavabdehə satmağı, cavabdeh isə bunun müqabilində malların dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 45,16 ton **********0-M 500 növlü açıq sement satılmış və təhvil verilmişdir. Buna baxmayaraq, qeyd olunan malların dəyəri – 5861,77 manat iddiaçıya ödənilməmişdir. Müqaviləyə əlavədə göstərilən mallar 15 aprel 2021-ci il tarixdə cavabdehə təhvil verilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin 10-cu bəndinə əsasən bu müqavilənin icrası zamanı meydana çıxan bütün narazılıq və mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Qarşılıqlı razılıq əldə edilmədikdə, mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə baxılacaqdır. Müqavilə şərtinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 09.06.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş və müqavilə üzrə ödənilməmiş 5861,77 manat və gecikdirilmiş müddət üçün 410,32 manat olmaqla, 6272,09 manat məbləğində pulun 5 iş günü ödənilməsi tələb olunmuş, lakin yenə də cavabdeh tərəfindən pul ödənilməmişdir. Bundan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdeh təklifə heç bir münasibət bildirməmiş və ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Aralarında bağlanılmış müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə məhsullar təhvil verildiyi gündən 10 iş günü ərzində ödəniş həyata keçirilməlidir. Həmçinin müqavilənin 2.4-cü bəndinə əsasən satıcının ödənişin gecikdirilən hər günü üçün alıcı tərəfindən ödənilməli olan məbləğin 0,1 faiz həcmində əlavə ödəniş tələb etmək hüququ vardır. Cavabdehin müqavilə üzrə malları aldığı tarixdən (15.04.2021) 10 iş günü keçdikdən, yəni 29.04.2021-ci il tarixdən bu günədək müqavilə üzrə öhdəliyini icra etmədiyi səbəbi ilə cərimə məbləği hesablanmalı və ödənilməlidir. Cari ilin aprel ayının 29-dan iddia ərizəsinin verildiyi 23.11.2021-ci il tarixədək olan günlərin sayı 209 gün təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş müddət üçün ödənilməli məbləğ – 5,86177 x 209 = 1225,11 manat məbləğində dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 4100 manat məbləğində mallar təqdim edilmişdir. Qeyd edilən məbləğ üzrə ƏDV isə 738 manat təşkil edir. Odur ki, 4838 manat məbləğində iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 12 aprel 2021-ci il tarixli, MS-76/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini alıcının sifarişləri əsasında satıcı tərəfindən müxtəlif malların satışı, alıcı tərəfindən isə bunun müqabilində Malların dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan malların adı, çeşidi, kəmiyyəti, qiyməti ilə bağlı məlumatlar bu müqaviləyə əlavə edilən və onun tərkib hissəsi olan X1 əks olunur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən malların ümumi dəyərinin 50%-i (əlli faizi) əvvəlcədən avans şəklində, məbləğin qalan hissəsi isə məhsullar təhvil verildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən satıcının ödənişin gecikdirilən hər günü üçün alıcı tərəfindən ödənilməli olan məbləğin 0.1 % həcmində əlavə ödəniş tələb etmək hüququ vardır. Belə əlavə ödəniş sifarişin ümumi dəyərinin 10 %-ni keçməmək şərti ilə satıcıya ödənilməlidir. - İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 13.04.2021-ci il tarixli, MS/S-23/21 nömrəli Hesab-fakturadan görünür ki, Cavabdeh MMCnin İddiaçı MMC-yə ödəməli olduğu ümumilikdə məbləğ 12980 (ƏDV daxil) manat təşkil edir. - 15.04.2021-ci il tarixli, EBBA seriyalı, 220280 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5861,77 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 09 iyun 2021-ci il tarixli, M/190 nömrəli pretenziya məktubundan görünür ki, cəmi 6272,9 manat məbləğində borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 5861,77 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 4838 (dörd min səkkiz yüz otuz səkkiz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin qənaətə gələrkən məhkəmə cavabdehin iddianı 4100 manat hissədə qəbul etməsini (ƏDV daxil 4838 manat), qalan hissədə isə tələblə bağlı mötəbər sübutların təqdim olunmamasını nəzərə alır. İddia tələbinin digər hissəsini öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1225,11 manat (bir min iki yüz iyirmi beş manat on bir qəpik) məbləğində dəbbə pulunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 100 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq, hesab edir ki, mediasiyaya görə 50 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 4838 (dörd min səkkiz yüz otuz səkkiz) manat borc, 200 (iki yüz) manat dəbbə pulu, 50 (əlli) manat mediasiya xərci olmaqla, cəmi 5088 (beş min səksən səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1401/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1401/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver