Məhkəmə qərarları › İş №e-2-2(113)-1403/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1403/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1403/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1959,15 manat borc və 39,60 manat dövlət rüsumu olmaqla, ümumillikdə 1998,75 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixli ZEO-2***-*******7 saylı alqı- satqı müqaviləsi bağlanmışdır Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “satıcı” “alıcı” nın sifarişi əsasında “mallar”ı alıcıya satır. Alıcı isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehin sifarişləri üzrə ona aşağıdakı məbləğlərdə elektron-qaimələr üzrə mallar satılmışdır: (müvafiq elektron qaimələrin surəti iddia ərizəsinə əlavə olunur). 1. 018408 nömrəli, xx.xx.2022-ci il tarixli elekron qaiməyə əsasən 2719,27 (iki min yeddi yüz on doqquz manat iyirmi yeddi qəpik) manat; 2. 109550 nömrəli, xx.xx.2022-ci il tarixli elekron qaiməyə əsasən 98,26 (doxsan səkkiz manat iyirmi altı qəpik) manat; 3. 490089 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 841,61 (səkkiz yüz qırx bir manat altmış bir qəpik) manat 4. 933742 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 869,59 (səkkiz yüzaltmış doqquz manat əlli doqquz qəpik) manat 5. 933741 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 196,79 (bir yüz doxsan altı manat yetmiş doqquz qəpik) manat 6. 933740 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 19,00 (on doqquz manat) manat. Beləliklə, iddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 4744,52 (dörd min yeddi yüz qırx dörd manat əlli iki qəpik) manat dəyərində mal satılmışdır. Cəmiyyətin balansına aşağıdakı bank çıxarışlarına uyğun olaraq ödəniş həyata keçirilmişdir. 1. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 423,73 (dörd yüz iyirmi üç manat yetmiş üç qəpik) manat 2. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 76,27 (yetmiş altı manat iyirmi yeddi qəpik) manat 3. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 42,71 (qırx iki manat yetmiş bir qəpik) manat 4. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 237,29 (iki yüz otuz yeddi manat iyirmi doqquz qəpik) manat 5. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 24,41 (iyirmi dörd manat qırx bir qəpik) manat 6. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 135,60 (bir yüz otuz beş manat altmış qəpik) manat 7. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 593,22 (beş yüz doxsan üç manat iyirimi iki qəpik) manat 8. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 106,78 (bir yüz altı manat yetmiş səkkiz qəpik) manat 9. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 847,46 (səkkiz yüz qırx yeddi manat qırx altı qəpik) manat 10. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 152,54 (bir yüz əlli iki manat əlli dörd qəpik) manat, ümumilikdə cavabdeh tərəfindən 2640,01 (iki min altı yüz qırx manat bir qəpik) manat ödəniş həyata keçirilmişdir. Beləliklə, tərəflər arasındakı alqı- satqı əməliyyatları üzrə Cavabdeh MMC-nin iddiaçıya 1959,15 (bir min doqquz yüz əlli doqquz manat on beş qəpik) manat borcu qalmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1959,15 manat əsas borc, 190 manat dəbbə pulu, 1000 manat mənəvi ziyan və 51,49 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Əhmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallardan hər hansı geri qaytarma olmamışdır.

5. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini əsas borc hissədə 600-700 manat hissədə qəbul etdiyini göstərib qalan hissədə iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qalan məbləğdə malları iddiaçıya geri qaytarmış, lakin hazırda bunu təsdiq edəcək hər hansı sübutu yoxdur.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı alıcının sifarişi əsasında malları alıcıya satır. Alıcı isə malların dəyərini bu müqaviləyə uyğun şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.6-cı bəndinə görə ödəniş satıcı tərəfindən malların alıcıya hər bir qaimə-faktura və ya qol-qaiməsi və ya təhvil-təslim aktı və ya elektron qaimə faktura əsasında təqdim edildiyi gündən, alıcı tərəfindən gecikmələrə yol verilmədən 20 təqvim günü ərzində Azərbaycan Respublikasının milli valyutası ilə tam ödənillməlidir.

9. Müqavilənin 7.2-ci bəndinə görə alıcı aldığı malların dəyərini bu müqaviləyə əsasən 20 gün ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyə məbləğin 0,2 % həcmində dəbbə pulu tələb etmək hüququna malikdir.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBX 018408 nömrəli 2719,27 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCA 109550 nömrəli 98,26 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 490089 nömrəli 841,61 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBE 933742 nömrəli 869,59 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBE 933741 nömrəli 196,79 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBE 933740 nömrəli 19 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

11. Məhkəmə hesab edir ki, hazırki iddia qismən təmin edilməlidir.

12. Belə ki, iddia tələbi bir neçə hissədən ibarətdir: 1. əsas borcun tutulması; 2. dəbbə pulunun tutulması və 3. mənəvi zərərin ödənilməsi.

13. Məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 4744,52 manat dəyərində malları cavabdehə təhvil verimiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, qalıq 1959,15 manat borc iddiaçıya ödənilməmişdir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə təmin edilməlidir.

23. Məhkəmə hesab edir ki, iddia tələbi ikinci hissədə qismən əsaslıdır.

24. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən hesablanmış 190 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 80 manat müəyyən edilməlidir.

28. Məhkəmə iddia tələbini üçüncü, yəni 1000 manat mənəzi ziyanın cavabdehdən tutulmalı olmasına dair hissəsində əsassız hesab edir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

30. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, cavabdehin qanunsuz hərəkətlərə yol verməsi təsdiq olunmur. Belə olan halda isə maddi zərərin tutulması barədə iddia təmin edilə bilməz.

31. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".

33. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də Məhkəmə hesab edir ki, iddia tələbi mənəzi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 40,40 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 11,09 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1959,15 manat əsas borc, 80 manat dəbbə pulu, 40,40 manat dövlət rüsumu, ümumilikdə 2079,55 (iki min yetmiş doqquz manat əlli beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 11,09 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar