Məhkəmə qərarları › İş №e-2-2(113)-141/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-141/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-141/2025 25.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, lizinq obyektinin saz və işlək saxlanılmasına məsuliyyət, öhdəliyin pozulması nəticəsində dəyən zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il daxili maliyyə lizinqi müqaviləsinə əsasən 18628,56 manat lizinq ödənişi və lizinq obyektinə dəymiş zərərin, 1490 manat lizinq obyektinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin və ödənilmiş 165,44 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06052 saylı 36 ay müddətə daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Kia Optima” minik markalı 77PG035 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Bir müddət ödəniş olunduqdan sonra ödənişlər dayandırılmışdır. 09 yanvar 2023-cü il tarixindən başlayaraq 17 may 2024-cü il tarixinə qədər hər ay 1007,68 manat ödəniş etməli olduğu halda, cavabdeh cəmi 2717 manat ödəniş etmişdir. Cavabdehin lizinq ödənişləri üzrə qalıq borcu 14413,56 manat (17130,56 – 2717) təşkil edir. Eyni zamanda avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyat hissələrinin ümumi məbləği 4215 manat müəyyən edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 748-7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda bildirdi ki, lizinq obyekti olan nəqliyyat vasitəsi cavabehin şifahi müraciətləri əsasında üçüncü şəxslərin idarəetməsinə verilmiş, bu barədə iddiaçı etibarnamələr vermişdir. İddiaçı tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilmiş, məhkəmə icraatının gedişində nəqliyyat vasitəsi polis tərəfindən saxlanılaraq iddiaçıya təhvil verilmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, nəqliyyat vasitəsini idarə edən şəxslərə yazılan cərimələr ödənilməmişdir.

7. Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, nəqliyyat vasitəsini lizinqə götürsə də, avtomobili təhvil aldıqdan 10 gün sonra lizinq müqaviləsindən imtina etmişdir. Lakin iddiaçının nümayəndəsi 6 aydan tez müqavilənin ləğv edilməsinin mümkün olmadığını bildirmiş, daha sonra zənglərə cavab verməmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh göstərdi ki, nəqliyyat vasitəsinin alınmasına 6000 manat ödəniş etmiş, lakin lizinq obyektini cəmi 10 gün müddətində idarə etmişdir. Əgər avtomobildən istifadə etsə idi, ayrı-ayrı şəxslərə etibarnamələr verilməzdi.

9. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

10. Cavabdehə məhkəmənin növbəti iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İddiaçı (alıcı qismində), cavabdeh (lizinq alan qismində) və X3 (satıcı qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli lizinq obyektinin alqı-satqısı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini Alıcı – Lizinq verənə satır. Alıcı – Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği Satıcıya ödəyir. Nəqliyyat vasitsinin təsviri: “Kia Optima” minik (marka və modeli), sedan (tip), 5XXGM4A77CG069082 (ban nömrəsi), 2012 (buraxılış ili), 2359 kub sm (mühərrik həcmi), qırmızı metallik (rəngi). Lizinq alan bu müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür (1.1). Tərəflər nəqliyyat vasitəsinin qiymətini 28000 manat məbləğində müəyyən edirlər (1.3).

15. İddiaçı (lizinq verən qismində) və cavabdeh (lizinq alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin şərtlərindən görünür ki, Lizinq verən Liziııq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri aşağıdadır: “Kia Optima” minik (marka və modeli), sedan (tip), 5XXGM4A77CG069082 (ban nömrəsi), 2012 (buraxılış ili), 2359 kub sm (mühərrik həcmi), qırmızı metallik (rəngi) (2.1). Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-ə («Lizinq ödənişləri cədvəli») müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür (2.2). Lizinqin müddəti bitdikdən və lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra Lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə Lizinq verən lizinq obyeKtinə mülkiyyət hüququnu Lizinq alana verməyi, Lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür (2.3). Bu müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvil-aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 (otuz altı) ay müddətinə lizinqə verilir (3.1). Lizinq obyekti Alqı-Satqı Müqaviləsi əsasında Lizinq verən tərəfindən Lizinq alanın müəyyən etdiyi lizinq obyektinin Satıcısından alınır (5.1). Lizinq obyektinin qiyməti: 28000 manat (5.2). Avans məbləğ: 6000 manat (5.3). Lizinq məbləği: 22000 manat (5.4).

16. Adıçəkilən müqaviləyə 1 nömrəli əlavədən görünür ki, 22000 manat əsas məbləğ və 14276,6 manat mükafat məbləği olmaqla ümumilikdə 36276,6 manat məbləğində lizinq ödənişinin 09 yanvar 2023-cü il tarixdən 09 dekabr 2025-ci il tarixədək 36 ay müddətində hər ay üçün 1007,68 manat ödənilməsi razılaşdırılmışdır.

17. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Kia Optima” minik markalı, 5XXGM4A77CG069082 ban nömrəli, buraxılış ili 2022-ci il olan qırmızı metallik rəngli nəqliyyat vasitəsi cavabdehə təhvil verilmiş, cavabdeh bəyan etmişdir ki, lizinq obyektinin texniki göstəriciləri və keyfiyyəti xx.xx.2022-ci tarixli İF/06052 nömrəli daxili lizinq müqaviləsinin şərtlərində göstərilənlərlə tam uyğundur, lizinq obyektində nasazlıq yoxdur və istismara tam yaralıdır, lizinq obyekti bütün ləvazimatları, ehtiyat hissələri və texniki sənədləri ilə birlikdə qəbul edilmiş və onlarda hər hansı çatışmazlıq aşkar edilməmişdir.

18. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il – xx.xx.2024-cü il tarixlərinə əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 1007 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 1010 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 2717 manat məbləğində ödəniş edilmişdir.

19. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında görünür ki, Gəncə şəhərində özünü Orxan adı ilə təqdim edən şəxsdən “Kia Optima” markalı **- PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhvil alınmış, təhvil alan zaman adıçəkilən şəxs akta imza etməkdən imtina etmişdir.

20. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən və qiymətləndirmə aktından görünür ki, “Kia Optima” minik markalı, 5XXGM4A77CG069082 ban nömrəli **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 365 manat ehtiyat hissələri, 3850 manat işçilik haqqı olmaqla ümumilikdə 4215 manat zərər dəymişdir. Aktda göstərilmişdir ki, həmin avtomobilin real dəyəri 17000 manat məbləğində təşkil edir, avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 12785 manat məbləğində müəyyən olunmuşdur.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş “Kia Optima” minik markalı, 5XXGM4A77CG069082 ban nömrəli, buraxılış ili 2012-ci il olan qırmızı metallik rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti 28000 manat təşkil etmiş, həmin məbləğin 6000 manatı avans qaydasında ödənilmiş, lizinq obyekti 22000 manat qalıq dəyəri, 14276,6 manat lizinq verənin mükafat məbləği olmaqla 36 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq obyekti iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə geri götürülmüşdür. Lizinq obyektinə dəymiş zərər xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, zərər 365 manat ehtiyat hissələri, 3850 manat işçilik haqqı olmaqla ümumilikdə 4215 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli müqavilə üzrə ümumilikdə 2717 manat məbləğində lizinq ödənişi edilmişdir.

22. İddiaçı xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 17 may 2024-cü il tarixə 14413,56 manat lizinq ödənişinin, lizinq obyektinə dəymiş zərər görə 4215 manat məbləğində pulun, 1490 manat lizinq obyektinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin cavabdehdən tutulmasını tələb edir.

23. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən imtina etdiyini və lizinq obyektinin üçüncü şəxslərdə olduğunu bildirir.

24. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

25. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

27. xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 11-ci hissəsinə əsasən, Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Lizinq alanın lizinq obyektindən istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; Lizinq alan Lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq bir dəfədən artıq ödəmirsə; bu Müqavilədə nəzərdə tutulan sığorta qaydaları pozularsa.

28. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.

29. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

30. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

31. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan “Kia Optima” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin geri alınmasını da tələb etmiş, xx.xx.2024-cü il tarixdə isə nəqliyyat vasitəsini geri almışdır.

32. Belə olan halda lizinq müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir. Cavabdeh lizinq obyektindən daha əvvəl imtina etdiyini bildirsə də, 09 dekabr 2022-ci il tarixli təhvil-təslim aktı ilə nəqliyyat vasitəsi cavabdeh tərəfindən təhvil alınmış, lakin cavabdeh həmin lizinq obyektindən imtina etdiyi və lizinq obyektinin istinad etdiyi tarixdə qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2024-cü il tarixədək lizinq ödənişlərini tələb etməkdə haqlıdır.

33. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

34. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

35. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.

36. Məhkəmə aylıq lizinq ödənişinin 1007,68 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən qeyd edir ki, lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi 02 may 2024-cü il tarixə qədər ödənilməli lizinq ödənişlərinin cəmi 16861,85 (16 ay üçün lizinq ödənişi: 1007,68 * 16 + 09 aprel 2024-cü il tarixdən 02 may 2024-cü il tarixədək olan lizinq ödənişi: 1007,68 / 30 * 22) manat təşkil edir. Eyni zamanda işin müəyyən olunan halı odur ki, ümumilikdə 2717 manat ödəniş edilmişdir.

37. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi lizinq ödənişlərinə münasibətdə 14144,85 (16861,85 – 2717) manat hissəsində əsaslıdır.

38. Digər tərəfdən, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

40. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

41. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

42. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).

43. Bu səbəbdən hazırkı iş üzrə zərərin və zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin müəyyən olunması iş üzrə nəticəyə gəlinməsi üçün kifayətdir.

44. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

45. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

46. xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 7.2.1 – 7.2.3-cü bəndlərinə əsasən, lizinq predmetindən yalnız təyinatı üzrə istifadə etmək, lizinq obyektindən istifadə edərkən yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına, sanitariya-gigiyena normalarına əməl etmək və lizinq obyektini daim saz vəziyyətdə saxlamaq və öz hesabına cari təmir etmək lizinq alanın vəzifəsidir.

47. Məhkəmə təqdim edilən qəbul aktı, qiymətləndirmə aktı və rəyə əsasən qeyd edir ki, cavabdeh nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə saxlamalı olduğu halda, bu vəzifəsinə riayət etməmiş, nəticədə ehtiyat hissələri və işçilik haqqı daxil olmaqla ona 4215 manat zərər dəymişdir. Həmçinin zərər bilavasitə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən təhvil alınmasından sonra müəyyən edilmiş, bu isə zərərin nəqliyyat vasitəsi cavabdehin istifadəsində olarkən yarandığını təsdiq edir.

48. Zərərin məbləği ilə bağlı isə məhkəmə göstərir ki, buraxılış ili 2012-ci il olan “Kia Optima” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə təmir-bərpa işlərinin (avtomobilin buraxılış ili nəzərə alınmaqla, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə) görülməsi üçün nə qədər vəsaitin (ehtiyat hissələrinin dəyəri ilə işçilik haqqı ayrılıqda göstərilməklə) tələb olunduğunun müəyyən olunması üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2312/2024 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 9/4334 nömrəli rəyi ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı “Kia Optima” markalı **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə köhnəlmə faizi nəzərə alınmaqla təxminən 4215 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti – 365 manat, təmir-bərpa işlərinin qiyməti – 3850 manat) təşkil edir.

49. Belə olan halda məhkəmə iş materiallarında olan tarixli müstəqil ekspert rəyi, qiymətləndirmə aktını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər məhz 4215 manat olaraq müəyyən edilməlidir.

50. İddiaçı eyni zamanda lizinq obyektinin üçüncü şəxslər tərəfindən idarə edilməsi zamanı törədilən inzibati xətalara görə tətbiq edilən cərimələrin də dəymiş zərər kimi cavabdehdən tutulmasını tələb edir.

51. İş materiallarında olan sistemdən çıxarışlardan görünür ki, “Kia Optima” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı X5, X7, X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ayrı-ayrı inzibati xətaları törətmiş, həmin xətalara görə tətbiq edilmiş inzibati cərimələr və onlara hesablanmış dəbbə pulunun ümumi məbləği 1490 manat təşkil edir.

52. Həmçinin məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi həmin cərimə və ona hesablanmış dəbbə pullarının ödənilmədiyini bildirmişdir.

53. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

54. Məhkəmə qeyd edir ki, inzibati cərimə inzibati xətanı törətmiş şəxs tərəfindən ödənilməli olan pul məbləğidir. Hazırda iddiaçı tərəfindən təqdim edilən sənədlərdən inzibati xətaları ayrı-ayrı şəxslərin törətdiyi görünür. İddiaçı isə yalnız nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi həmin cərimə məbləğini ödədiyi təqdirdə dəymiş zərərin ödənilməsini tələb edə bilərdi.

55. Bu səbəbdən məhkəmə hesab edir ki, ödənilməmiş inzibati cərimələrin cavabdehdən tutulması mümkün deyildir.

56. Bununla yanaşı, cavabdeh lizinq obyekti üzrə 6000 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.

57. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

58. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir.

59. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Həmçinin iddiaçının lizinq obyektini yenidən lizinqə veridiyi iddiaçı tərəfindən təsdiq edilmişdir.

60. Digər tərəfdən, xx.xx.2022-ci il tarixli İF/06052 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, bu müqavilə vaxtından əvvəl ləğv edildikdə tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir (6.6).

61. Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra hesablaşmanın bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə həyata keçiriləcəyi bilavasitə müqavilədə də razılaşdırılmışdır.

62. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq ödənişi və lizinq obyektinə dəymiş zərərin cəmini təşkil edən 18359,85 (lizinq ödənişi: 14144,85 + zərər: 4215) manat məbləğində puldan avans məbləği olan 6000 manat çıxılmalı, iddia tələbi 12359,85 manat (18359,85 – 6000) hissəsində təmin edilməlidir. b) Məhkəmə xərcinin tutulması ilə bağlı

63. İddiaçı eyni zamanda ödənilmiş 165,44 manat dövlət rüsumunun tutulmasını tələb edir.

64. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 166 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

65. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 15 avqust 2024-cü il tarixli 9/4334 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.

66. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

67. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

68. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. İddia tələbi qismən təmin edildiyindən və ekspertizanın keçirilməsini zəruri edən dəymiş zərər hissəsində iddia əsaslı olduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə, ekspertiza xərci olaraq 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06052 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 12359,85 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar