Məhkəmə qərarları › İş №e-2-2(113)-1413/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1413/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1413/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.262 manat məbləğində pul vəsaitinin, habelə 30 manat məbləğində dövlət rüsumunun, cəmi 3.292 manat pul məbləğinin cavabdeh X2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx xxxxx 2018-ci il tarixli, 201/18 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri3262 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində bir ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş müddətinin bitməsinə baxmayaraq, cavabdehX6 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini bu günədək İddiaçı MMC-yə ödəməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC (satıcı) ilə X6 arasında xx xxxxx 2018-ci il tarixdə K/AV-0201/18 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 3.262 manat olan müxtəlif çeşidli məhsulları satır. 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 3.262 manat olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. 3-cü bəndinə əsasən alıcı satıcıya 3.262 manat məbləğində olan borcunu xx.xx.2018-ci il tarixədək pul şəklində ödəməyi öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən xx.xx.2018-ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilədə göstərilən məhsullar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı tərəfindən isə məhsullar təhvil alınmışdır. X6 İddiaçı MMC-yəxx.xx.2018-ci il tarixli ərizə ünvanlayaraq tərəflər arasında bağlanılmış məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən müxtəlif çeşidli məhsulların nisyə olaraq onun tərəfindən alındığını və nəticədə MMC-yə 3.262 manat borcu yarandığını bildirmiş, MMC-yə olan borcunu etiraf etmiş və xx.xx.2018-ci il tarixədək borcu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən X5 xx.xx.2019-cu il tarixli pretenziya məktubu ünvanlayaraq 3.262 manat məbləğində borcun 5 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X6 arasında xx xxxxx 2018-ci tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda X3 göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 3.262 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci və 385.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 3.262 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC cavabdeh X2 3.262 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 xx.xx.2018-ci il tarixli, K/AV-0201/18 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləsi üzrə 3.262 manat (üç min iki yüz altmış iki manat) məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 xx.xx.2018-ci il tarixli, K/AV-0201/18 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə 3.262 manat (üç min iki yüz altmış iki manat) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar