Məhkəmə qərarları › İş №e-2-2(113)-1413/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1413/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1413/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X4 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2622,80 manat məbləğində borcun **********00034 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Qobustan kəndi ərazisində xırda kafedə fəaliyyət göstərir. 02.12.2019-ci il tarixdə AMX8905/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə tərəflər arasında müqavilə bağlanaraq istifadəsində olan qeyri-yaşayış sahəsinə (kafe) Smart G-4 İTRON tipli, **********2 nömrəli qaz sayğacı quraşdırılmış və **********00034 saylı abonent hesabı verilərək təbii qaz verilmişdir. 31.05.2021-ci il tarixə kimi cavabdeh ilə aralarında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə heç bir problem olmamışdır. Lakin, 31.05.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ona məxsus kafedə təbii qazdan guya qeyri-qanuni istifadə halı aşkarlandığı müəyyən etmiş və bununla bağlı ******* saylı akt tərtib edilərək ona 2622,80 manat qanunsuz borc hesablanmışdır. Bununla bağlı 14.01.2022-ci il tarixdə pretenziya qaydasında cavabdehə müraciət olunmuşdur. Müraciətləri araşdırılmamış və qanunsuz borc abonent kodundan silinməmişdir. Bundan başqa ilkin mediasiya sessiyasında iştirak etməkdən cavabdeh təşkilat imtina etmişdir. Bu səbəbdən hüqularının məhkəmə qaydasında müdafiəsinə zərurət yaranmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aktda qeyd olunanlar və həmin akt əsasında hesablanmış ağlasığmaz, şişirdilmiş məbləğ tam qanunsuz və əsassızdır. Akt qanunsuz və əsassız olaraq tərtib olunduğundan ona əsasən hesablanmış 2622,80 manat məbləğində borc tam silinməlidir. Akt onun və ya nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Sonradan o qaz idarəsindən sənədləri əldə edərkən tərtib olunmuş aktda istehlakçının nümayəndəsi adının önündə Sadayev Əlirza yazıldığını görmüşdür. Halbuki, bu cür akt tərtib olunarkən iştirakları təmin edilməli idi. Digər tərəfdən yoxlamanın aparılması ilə bağlı reyesrdə heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, monitorinq kimi hər ay müvafiq olaraq onlar tərəfindən yoxlamalar aparılır, iddiaçının yol verdiyi qanun pozuntusu da, məhz həmin monitorinq çərçivəsində aşkar olunaraq aktlaşdırılmışdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli AMX-8905/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsiçi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən paylayıcı (cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Cavabdeh tərəfindən tərtib olunmuş 31.05.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama nəticəsində sayğacdan kənar qazın boru vasitəsilə qaz xətti çəkərək yuxarıda göstərilən qaz cihazlarına qoşularaq təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Kənar çəkilmiş qaz xətti ləğv edilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 31.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, fərdi evə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, 31.05.2021-ci il tarixli ******* nömrəli akta sasən dəymiş ziyanın həcmi 13114 m3 hesablanmışdır. İddiaçıya məxsus abonent saldosundan görünür ki, **********0034 nömrəli abonentin aktlar üzrə 2622,80 manat qalıq borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 14.01.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ******* saylı akta əsasən hesablanmış 2622,80 manat qanunsuz borcun silinməsini tələb etmiş, əks təqdirdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 yanvar 2022-ci il tarixli MŞ-2021-1519 nömrəli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. Hüquqi dəyərlkəndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 31 may 2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu, Qobustan kəndi ərazisində iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə təbii qazdan qeyri-qanuni istifadə halları müəyyən olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin qaz xəttindən iddiaçı tərəfindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli ******* nömrəli akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2622,80 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 2622,80 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 2622,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3 əsassız olaraq hesablanmış 2622,80 (iki min altı yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar