Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1415/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 0100/2023 saylı alqı-satqı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Spark” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 0100/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırma protokollarında göstərilən müxtəlif növ beton/tikinti məhsullarınırazılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. - 3.4-cü bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı və/və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura alıcıya təqdim edildikdən sonra 5 iş günü ərzində alıcının hər hansı bir etirazı olmazsa mallar alıcıya təhvil verilmiş hesab ediləcək. - 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. - 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir. - 5.2.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 5.3.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. - 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək. - 13.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və möhürləndikdən sonra, yəni xx.xx.2023-cü il tarixdən qüvvəyə minir və müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Müqavilənin müddətinin bitmə tarixinədək tərəflərin heç birinin müqaviləyə xitam verilməsi barədə bildirişi digər tərəfə təqdim olunmadığı təqdirdə müqavilə hər dəfə növbəti 1 il müddətinə uzadılmış hesab olunur. Bu müqaviləyə xitam verildiyində tərəflər bu müqavilə üzrə xitam verilən tarixədək yaranmış bütün öhdəliklərini tam yerinə yetirməlidirlər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 18 sebtyabr 2023-cü il tarixdə 0100/2022 saylı alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (beton) növü və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil 27.721.39 manat dəyərində olan beton Spark” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı Spark” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X2 Konsaltinq" MMC-dən 18 sentyabr 2023-cü il tarixli, SPARK- 0100/2023 saylı alqı-satqı müqaviləsi üzrə 27721,39 manat əsas borc, 2700 manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiyaya dair xərc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz hesablanmış 1495 manat, cəmi ümumilikdə 32.116,39 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "X2 Konsaltinq" MMC arasında 18 sentyabr 2023-cü il tarixli, SPARK-0100/2023 saylıalqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin mülkiyyətinə ƏDV daxil ümumi dəyəri 27.721,39 manat olan beton məhlulu təhvil verilib. Təhvil verilən malın dəyəri ödənilməyib. Müqavilənin 4.2-ci bəndinə əsasən Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş dəyərini, mallar təhvil verildikdən sonra 5 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən Alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% faiz məbləğində cərimə ödəyir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 425.1 və 443.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir, cavabdeh isə gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı Spark” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 0100/2023 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" QSC-yə ƏDV daxil 27.721.39 manat məbləğində mallar təqdim edilmiş, lakin cavabdeh təqdim edilmiş malların dəyərini ödəməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur.
17. Odur ki, İddiaçı MMC sözügedən alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 27.721.39 manat məbləğində əsas borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin müqavilə üzrə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 2700 manat məbləğində dəbbə pulunun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 1495 manat məbləğində faizlərin cavabdehdən tutulması tələblərini də irəli sürmüşdür.
19. Həmin tələblərlə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə mallar xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim edildiyindən və müqavilə şərtlərinə təqdim edilmiş malların dəyəri əsasən 5 iş günü ödənilməli olduğundan qətnamə çıxarıldığı tarixədək malların dəyərinin ödənilməsi cavabdeh tərəfindən 7 ay (210 gün) gecikdirilmişdir.
20. Bununla yanaşı mübahisəli alqı-satqı müqaviləsinin 9.4-cü bəndində alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur.
21. Odur ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən müqavilə üzrə pul öhdəliyinin pozulmasına görə dəbbə pulunun, eləcə də Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulmasını tələb etmək hüququna malikdir.
22. Digər tərəfdən eyni pozuntuya görə eyni zamanda iki fərqli maliyyə sanksiyasının (dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlər) tətbiq edilməsi mümkünlüyü məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, göstərilən məsələyə qiymət vermək üçün ilk növbədə hər iki əsasla pul məbləğinin tutulmasının hüquqi təbiətinə aydınlıq gətirilməlidir.
23. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Digər tərəfdən həmin faizlər borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin fomalarından biri olan olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi daşıdığından sanksiyaların bərpaedici növünə aiddir.
24. Beləliklə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faizlər bərpaedici sanksiyalarına aid edildiyindən həmin sanksiyanın pozuntuya yol verilmiş şəxsi cəzalandırmaq məqsədilə tətbiq edilən cərimə xarakterli sanksiyalarla (məsələn, dəbbə pulu) yanaşı tətbiq edilməsi istisna olunmur və həmin sanksiyaların eyni zamanda tətbiqi ikiqat məsuliyyətə səbəb olmur.
25. Digər tərəfdən dəbbə puluna münasibətdə qeyd edilməlidir ki, dəbbə pulu ilə zərərin nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsinin məzmunundan göründüyü kimi qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Lakin qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan və əvəzləşdirilməyən cərimə dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur.
26. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, müqavilənin 8.3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.
27. Beləliklə, yuxarıda da göstərildiyi kimi cavabdeh tərəfindən mübahisəli öhdəliyinin gecikdirildiyi müddət 210 gün təşkil etdiyindən iddiaçı müqavilənin 9.4-cü bəndinə əsasən hər gecikmə gününə 0,01 faiz olmaqla iddiaçının tələb etmək hüququna malik olduğu dəbbə pulu məbləği 582,15 manat (27.721,39x0.01%x210 gün) təşkil edir. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən 582,15 manat məbləğində dəbbə pulu tutulmalıdır.
28. İddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə 1495 manat məbləğində pulun tutulması tələbinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda da qeyd edildiyi kimi həmin maddəyə əsasən tutulan faizlər bərpaedici sanksiya olmaqla faktiki olaraq əldən çıxmış fayda formasında dəymiş zərərin əvəzi olaraq tutulan məbləğ olduğundan həmin faizlərin yalnız dəbbə pulu çatmayan hissəsi ödənilə bilər.
29. Hazırkı halda iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edə bildiyi məbləğ 808,54 manat (27.721,39x5%/12 ayx7 ay), həmin məbləğin dəbbə pulu çatmayan hissəsi isə 226,39 (808,54-582,15) manat təşkil edir.
30. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən həmin əsasla 226,39 manat məbləğində pul vəsaiti tutulmalıdır.
31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
32. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 186 manat təşkil edir.
33. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunun məbləğindən artıq olduğundan iddiaçı ödənilmiş dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
34. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 270 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC ƏDV daxil 27.721,39 manat məbləğində borc, 582,15 manat manat məbləğində dəbbə pulu və 226,39 manat məbləğində faizlər, cəmi 28.529,93 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 270 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva