Məhkəmə qərarları › İş №e-2-2(113)-1416/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1416/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1416/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, iddiaçı “X1” Şirkətinin cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Şirkəti cavabdeh “xxxx” ASC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş NDQ saylı 008657 nömrəli aktın ləğv edilməsi və onun əsasında hesablanmış 303040,68 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, məhkəmə baxışı iclası xx.xx.2018-ci il tarixə təyin olunmuş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, təyin edilmiş məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsini imzalamış Anar Qurbanovun iddiaçının adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. İşdə olan: - Səlahiyyətlər haqqında Şəhadətnamənin notarial qaydada təcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, iddiaçı “X1” Şirkəti xx xxxx 2000-ci il tarixində Kayman Adalarının qanunvericiliyinə əsasən müvafiq qaydada qeydiyyata alınaraq təsis edilmişdir (Şirkətin hüquqi ünvanı – Böyük Kayman, KYİ-1209, Kayman Adaları). - İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu tarixli etibarnamə azərbaycan dilində tərtib edilmiş, İ.Kirdoda tərəfindən imzalanmış və Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən təsdiq edilmişdir. Belə ki, işdə iştirak edən xarici hüquqi şəxs onun hüquqi statusunu, sahibkarlıq və digər iqtisadi fəaliyyətini təsdiq edən sübutları kommersiya məhkəməsinə təqdim etməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası x xxxx 2000-ci il tarixli Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 12–ci maddəsinə əsasən hüquqi şəxsin istinad etdiyi qanun hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə “xx xxxxxxx 1961-ci il tarixli Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya uyğun (Apostille) lazımı qaydada təsdiq edilməmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsinin verilmə anına hüquqi şəxsin statusunu və qeydiyyatını sübut edən şirkətin inkorporasiya olunmuş yerin lazımı qaydada təsdiq edilmiş dövlətin rəsmi sənədlərini təqdim etməlidir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Konvensiyanı imzalamış dövlətlər razılığa gəliblər ki, “X2 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən Şəhadətnamənin "Apostille (Convention de la Haye du x xxxxxxx 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. 5... Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir; Həmin Qanunun 6.1.3-cü maddəsinə əsasən nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır; MPM-nin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1” Şirkətinin cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “X1” Şirkətinə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar