Məhkəmə qərarları › İş №e-2-2(113)-1417/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1417/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1417/2020 01.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızının iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X6 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.283 manat əsas borcun, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 3 illik müddət üçün 942 manat məbləğində faizin və dövlət rüsumu və bank xərci olaraq 31 məbləğində xərcin, ümumilikdə 7.256 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 (VÖEN: **********) sement satışı ilə məşğul olan “xxxx” zavodunun dileri olan “X8 of Rosks” MMC-dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil götürmüş, sementin dəyəri tam ödənilməmiş və hazırkı tarixə 6.283 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəmək istəmir. Sonuncu dəfə pretenziya məktubu ilə cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət edərək ən geci 3 gün ərzində borclu olduğu pulu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Lakin bu günə kimi hər hansı bir məbləğ ödənilməmişdir. İddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, X11 adlı işçi İddiaçı MMC-də işləməyib, buna görə də cavabeh Ə.Mirzəyevin pulu A.Hüseynova verməsi öhdəliyin lazımi qaydada icra edilməsi kimi hesab edilə bilməz. İddiaçı sementi “xxxx” ASC-də almış və “xxxx” ASC ilə müqavilədə göstərilən qiymətə Ə.Mirzəyevə satmışdır. Qeyd olunanları nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X1 təhvil verilməsi barədə aktlarda imzanın ona məxsus olmasını, aktlarda göstərilmiş sementin ona verildiyini təsdiq etmiş, lakin iddiaçı şirkəti tanımadığını, sementi X7 adlı şəxsdən aldığı və sementin dəyərini də həmin şəxsə ödədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, xx.xx.2016-cı il tarixdə çəkisi 27,20 ton olan 17 ədəd B-L32,5 R optimal kisə sement, xx.xx.2016-cı il tarixdə çəkisi 27,20 ton olan 17 ədəd 42,5 R Sprint kisə sement X6 təhvil verilmişdir. Təhvil-Təslim aktlarında alıcı və daşıyıcı qrafasında İddiaçı MMC-nin adı qeyd edilmişdir. Mal sürücü Fəzli Mustafayev tərəfindən **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daşınmışdır. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş satış üzrə hesabatdan görünür ki, X6 xx.xx.2016-cı il tarixə 6963,20 manat, xx.xx.2016-cı il tarixdə 2801,60 manat və xx.xx.2016-cı il tarixdə 3481,60 manat dəyərində olan mal satılmışdır. Cəmi 6.283,20 manat məbləğində borcu qalmışdır. AC N 675454 saylı X2 şəhadətnaməsindən görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük maşını İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixli 08/A saylı işə qəbul barədə əmrindən görünür ki, X3 MMC-də sürücü vəzifəsinə isə qəbul edilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş üzrə hesabatdan görünür ki, X10 tərəfindən xx.xx.2016-cı il tarixdə 2850 manat, xx.xx.2016-cı il tarixdə 600,00 manat, xx.xx.2016-cı il tarixdə 31,60 manat, xx.xx.2017-ci il tarixdə 2457,60 manat və 1024 manat ödəniş edilmişdir. Cəmi 6.963,20 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC X6 pretenziya məktubu ünvanlayaraq 6283,2 manat məbləğində borcun 3 gün ərzində MMC-yə ödənilməsini xahiş etmiş və əks təqdirdə borc tələbi üzrə aidiyyəti məhkəməyə müraciət edəcəyini bildirmişdir. xxxx Azərbaycan ASC (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilənin 3-cü bəndində göstərilən sement növünü alıcıya satmağı, alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə B-L32,5 R optimal kisə sementin 1 tonunun qiyməti ƏDV daxil 112,69; 42,5 R Sprint kisə sementin 1 tonunun qiyməti ƏDV daxil 135,7 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin halları ondan ibarətdir ki, İddiaçı MMC onunla cavabdeh Ə.Mirzəyev arasında alqı-satqı müqaviləsinin bağlandığını və Ə.Mirzəyev həmin müqaviləyə əsasən təqdim edilmiş sementin dəyərini ödəmədiyini iddia edir və əsas borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin tutulmasını tələb edir. Cavabdeh Əziz Mirzəyev iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarında göstərilmiş sementi almasını təsdiq etsə də, həmin sementi İddiaçı MMC-dən deyil, Anar Hüseynov adlı şəxsdən almasını və sementin dəyəri olan pulu həmin şəxsə ödəməsini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı alğı-satqı müqaviləsi bağlanmasa da, cavabdeh Ə.Mirzəyevə təhvil verilmiş sementin İddiaçı MMC-yə məxsus olması, sementin MMC-nin əməkdaşı tərəfindən Ə.Mirzəyevə təhvil verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla - təhvil-təslim aktları, xxxx Azərbaycan ASC və İddiaçı” MMC arasında alqı-satqı müqaviləsi və Ə.Mirzəyevin izahatı ilə öz təsdiqini tapmışdır. Belə olan halda isə məhkəmə belə qənaətə gəlir ki, mübahisəli alğı-satğı münasibətləri məhz Ə.Mirzəyev (alıcı) ilə İddiaçı MMC (satıcı) arasında yaranmışdır. Digər tərəfdən Ə.Mirzəyev iddia tələbinə etirazına əsas kimi sementi Anar Hüseynov adlı şəxsdən almasına və sementin dəyəri olan pulu həmin şəxsə ödəməsinə istinad etsə də, göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri sayır ki, cavabdeh Ə.Mirzəyev tərəfindən təhvil verilmiş malların dəyərinin Anar Hüseynov adlı şəxsə ödənilməsi ehtimal edilsə belə, A.Hüseynovun İddiaçı MMC-nin adından icranı qəbul etməyə ixtiyarının olması iş materialları ilə öz təsdiqini tapmadığından həmin ödəmənin öhdəliyin lazımi qaydada icra edilməsi kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur. Mülki Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X10 arasında şifahi alğı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda X5 malların alğı-satqısına görə İddiaçı MMC-yə olan borcu 6.283,20 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredtorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini – 6.283,20 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, cavabdeh X4 6.283 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 942 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə cavabdeh X10 alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini 3 il müddətinə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 942 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 6.283 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 942 manat məbləğində faiz, cəmi 7225 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh X4 tutularaq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 6.283 (altı min iki yüz səksən üç) manat məbləğində əsas borcun, 942 (doqquz yüz qırx iki) manat məbləğində faizlərin, ümumilikdə 7225 (yeddi min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun və işə baxılması ilə bağlı xərclərin əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar