Məhkəmə qərarları › İş №e-2-2(113)-1417/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1417/2023

23.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1417/2023 23.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 2633,53 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxx 1954-cü il, doğulduğu yer – Azərbaycan Respublikası, Ağdam rayonu, kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2633,53 manat məbləğində (o cümlədən, vergilər üzrə 2075,98 manat, faizlər üzrə 557,55 manat) olmaqla, ümumilikdə 2633,53 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********796200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2633,53 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, qanuni təmsilçisi olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə borcu ödənilmişdir. Ona görə də ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 111213 (digər hüquqi şəxslər üzrə mənfəət vergisi) büdcə təsnifat kodu üzrə 825 manat və 113113 (digər hüquqi şəxslər üzrə torpaq vergisi) büdcə təsnifat kodu üzrə isə 2465 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi, ərizədə göstərilən borc məbləği ilə bağlı təyinatı üzrə ödənişlər həyata keçirilmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi borcu barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən (https://www.e-taxes.gov.az/) əldə olunmuş 23 fevral 2023-cü il tarixli vergi borcu barədə məlumatlarla təsdiq edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) əvvəlki günə borcu mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırkı iş üzrə borcunun olması müəyyən edilmədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar