Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1419/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-dən 11,778.38 manat məbləğində əsas borcun, 35,334 manat məbləğində cərimənin,30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 47,142.38 (qırx yeddi min bir yüz qırx iki manat 38 qəpik) manatın “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.02.2019-cu il tarixində “xxxx” MMC (bundan sonra “İddiaçı” adlanacaq) ilə “xxxx” ASC (bundan sonra “Cavabdeh” adlanacaq) arasında 022 nömrəli avtomobillərə texniki xidmətin göstərilməsi barədə müqavilə (bundan sonra “Müqavilə” adlanacaq) imzalanmışdır. Həmin Müqavilə üzrə cavabdeh tərəfindən təqdim edilən avtomobilə texniki xidmətlər göstərilmişdir. Xidmətlərlə bağlı cavabdehə 7,151 manatlıq 29.11.2019-cu il tarixində elektron qaimə, daha sonra 02.12.2019-cu il tarixində X3 və 4,703 manatlıq 22.12.2019-cu il tarixində elektron qaimə, daha sonra 24.12.2019-cu il tarixində X3 təqdim edilmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən uzun müddətdir heç bir ödəniş olmur. Cavabdehin tərəfindən əvvəllər artıq ödəmələrin olmasını nəzərə alaraq, hal-hazırda cavabdeh tərəfindən ödənilməli olan cəmi əsas borc 11,778.38 manat ödənilməmiş olaraq qalmaqdadır. Bundan başqa Müqavilənin 6.2. bəndinə əsasən gecikdirlmiş hər gün üçün ümumi məbləğin 1%-i həcmində cərimə ödənilməlidir. Ödəmə tarixinin son gününü 24.12.2019-cu il tarixindən götürsək, cavabdeh əlavə olaraq 35,334 manat cərimə ödəməlidir (11,778.38 * 1% = 117.78 * 300 gün = 35,334 manat). Göründüyü kimi cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək 11,778.38 manat məbləğində əsas borcu və 35,334 manat məbləğində cəriməni, cəmi 47,112.38 manatı ödəmir. Məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək elektron qaimələrin cavabdeh tərəfindən təsdiq edildiyini nəzərə alıb iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçının xidmət göstərməsi barədə sübutlar olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib,toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -“İcraçı” qismində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “sifarişçi” qismində “xxxx” MMC arasında bağlanmış 05.02.2019-cu il tarixli, 022 saylı “Avtomobillərə texniki xidmət göstərilməsi haqqında müqaviləyə əsasən “İcraçı” tərəfindən “Sifarişçi”nin sifarişləri əsasında təqdim etdiyi “Lexus“ markalı minik avtomobillərini texniki baxışının və təmirinin həyata keçirilməsi, habelə onların yanacaq sürtkü materialları, ehtiyat hissələri ilə təmin edilməsi və digər xidmətlərin göstərilməsi, sifarişçi tərəfindən isə görülmüş işlərin haqqının icraçıya ödənilməsi razılaşdırılmışdır. - İş materiallarında olan 29.11.2019-cu il tarixli 191869 nömrəli elektron qaimədən görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (ƏDV daxil) 7151 manat məbləğində göstərilmiş xidmətin dəyəri barədə “xxxx” ASC-yə elektron qaimə göndərilmişdir. - İş materiallarında olan 20.12.2019-cu il tarixli 183842 nömrəli elektron qaimədən görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (ƏDV daxil) 4703 manat məbləğində göstərilmiş xidmətin dəyəri barədə “xxxx” ASC-yə elektron qaimə göndərilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata əsasən EBAD seriyalı, 191869 nömrəli və EBAE seriyalı 183842 nömrəli elektron qaimələr “xxxx” ASC tərəfindən təsdiq olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 11778,38 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 35334 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1177 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, “xxxx” ASC-dən 11,778.38 manat məbləğində əsas borc, 1177 manat cərimə məbləği, 30 manat dövlət rüsumunun əvəzi tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” ASC-dən 11,778.38 (on bir min yeddi yüz yetmiş səkkiz manat otuz səkkiz ) manat məbləğində əsas borc, 1177 (min yüz yetmiş yeddi) manat cərimə məbləği, 30 manat dövlət rüsumunun əvəzi tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1419/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1419/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver