Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1424/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24990,20 manat (iyirmi dörd min doqquz yüz doxsan manat 20 qəpik) borc, vəkilə ödənilmiş 2000 (iki min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 023/20 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən malları Cavabdehnə satmağı öhdəsinə götürür və Cavabdeh isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdehnə 39990,20 manat dəyərində mal verilmişdir. Həmin məbləğin 15000 manatı ödənilmiş, lakin qalan hissəsi ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 023/20 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcf’ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X2”nda göstərilən adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında “Mal” adlandırılacaq) satır, “Alıcı” isə həmin Malı qəbul edir və bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən satıcı bu Müqavilə üzrə nəzərdə tutulmuş malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə, miqdarda və müddətdə alıcıya təhvil verməlidir; 3.1-ci bəndinə əsasən alıcı bu Müqavilənin 2.1. maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, əlavə 1-ə (Qiymətlərin razılaşdırılma protokolu) əsasən malın dəyərini ödəməyi öhdəsinə götürür. - xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 949411 nömrəli elektron qaimədən müəyyən edilir ki, tərəflər arasında qeyd olunan müqavilə üzrə ümumi dövriyyə 39990,20 manat təşkil etmişdir. - xx.xx.2020-ci il tarixli müqavilə üzrə tərtib olunmuş Tənvil-təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə, xx.xx.2020-ci il hesab fakturaya əsasən cədvəldə adları çəkilən sifarişlər İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixində (Cavabdeh MMC -yə ƏDV daxil otuz doqquz min doqquz yüz doxsan manat, 20 qəpik) təhvil verilmişdir. Akt tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli, 023/2020 nömrəli, 023/20 saylı alqı-satqı müqaviləsinə dair X2ndan görünür ki, tərəflər xx.xx.2020-ci il tarixli Müqavilədə nəzərdə tutulmuş malların qiyməti barədə razılaşmışlar. - xx.xx.2020-ci il tarixli, 1 və 2 saylı ödəniş tapşırıqlarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının hesabına ümumilikdə 10000,5 manat ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 24990,20 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsiinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında malların verilməsi təhvil-təslim sənədləri əsasında həyata keçirilmiş, tərəflər arasında Qiymət razılaşdırma Protokolları tərtib edilmiş, elektron qaimə göndərilmişdir. Müqavilə üzrə 39990,20 manat borcdan 1500 manat ödənilmiş, müqavilə üzrə iddiaçıya ödənilməmiş 24990,20 manat (iyirmi dörd min doqquz yüz doxsan manat 20 qəpik) borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 24990,20 manat (iyirmi dörd min doqquz yüz doxsan manat 20 qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 2000 (iki min) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı 20 saylı Vəkil Bürosuna 160 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 2000 manat ödənişin edilməsi ilə bağlı qəbzlər təqdim etmişdir. İddiaçının nümayəndəsi tərəfindən həmin müqavilə məhkəməyə təqdim edilməmişdir, lakin orderin nömrəsi 160 qeyd olunmuşdur. Məhkəmə işin həcmi, mürəkkəblik dərəcəsi və s. halları nəzərə alaraq belə qənaətə gəlir ki, edilən kömək üçün cavabdehdən ağlabatan məbləğ olaraq 150 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 24990,20 manat (iyirmi dörd min doqquz yüz doxsan manat iyirmi qəpik) borc, 150 (yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 25170,2 manat (iyirmi beş min yüz yetmiş manat iyirmi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1424/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1424/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver