Məhkəmə qərarları › İş №e-2-2(113)-1424/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1424/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1424/2022 06.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “X4 San.Tic A.Ş.Şirkəti”nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X4 San.Tic A.Ş.Şirkəti” Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 145.644 ABŞ dolları məbləğində (bu günə olan məzənnəsi ilə) borcun, 400 manat məbləğində mediasiya rüsumunun, 137,59 manat məbləğində dövlət rüsumunun, o cümlədən, 1000 manat məbləğində göstərilmiş hüquqi xidmətə görə haqqın tutularaq, iddiaçı “X4 San. Tic A.Ş Şirkəti”nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X4 San. Tic A.Ş Şirkəti” ilə Cavabdeh arasında mətbəx əşyaları alqı-satqısına dair 27 aprel 2016-cı il tarixində müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı “X4 San. Tic A.Ş Şirkəti” satıcı, Cavabdeh isə alıcı qismində çıxış etmişdir. 2016-cı ilin 05 aprel tarixində "xxxx" şirkətində yenidən təşkil əməliyyatları baş vermişdir. Bunun nəticəsində iddiaçı “Mehtap” şirkəti ilə Cavabdeh MMC arasında Azərbaycan bazarında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Həmçinin, Cavabdeh MMC "xxxx" şirkətinin də “Mehtap” şirkətinə olan borc öhdəliyini öz üzərinə götürmüşdür və bununla bağlı müvafiq yazılı sənəd də təqdim edilmişdir. Həmin yazılı sənəddə - üzləşmə sənədində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixinə Hasanov Agaisa şirkətinin Mehtap şirkətinə olan borcu 188.693,81 ABŞ dolları təşkil edir, lakin şirkət ona edilmiş endirimdən sonra bu borcu 158.895,83 ABŞ dolları olaraq təsdiq edir və Mehtap şirkəti bu borcun bu məbləğdə olmasını qəbul edir. Borc öhdəliklərinin ötürülməsinin nəticəsi olaraq 27 aprel 2016-cı il tarixində Cavabdeh MMC ilə “X4 San. Tic A.Ş Şirkəti” arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Daha sonra Mehtap şirkəti aralarında olan işgüzar münasibətlərin gələcək inkişaf prespektivini nəzərə alaraq 158.895,83 ABŞ dolları məbləğindən daha 15.000 ABŞ dolları məbləğində güzəşt edərək yekun olaraq borc məbləğini 143.895,83 ABŞ dolları həcmində təsdiq etmişdir. Həmin ərizədə ayrıca abzasda çox açıq və aydın formada qeyd edilmişdir ki, Hasanov Agaisa şirkətinin ötürdüyü və Cavabdeh şirkəti tərəfindən qəbul edilən borc öhdəliklərinin məbləği 145.644 ABŞ dolları təşkil edir. Həmin sənədin sonluğunda isə şirkətdən sənədi təsdiq etmək rica edilmiş və Cavabdeh MMC-nin direktoru olan X2 tərəfindən qeyd edilən borc məbləği 145.644 ABŞ dolları məbləğində təsdiq edilmişdir. Təsdiq edilmiş borc məbləği xx.xx.2016-cı il tarixinə olmuşdur. Daha sonra 145.644 ABŞ dolları həcmində borc məbləği eynilə Cavabdeh MMC şirkətinin direktoru Səhhət Dadaşov tərəfindən xx.xx.2017-ci il tarixinə olmaqla üzləşmə qaydasında təsdiq edilmişdir. Üzləşmə aktında borc məbləğinin 164.924,58 ABŞ dolları olması göstərilmişdir. Hesab edirlər ki, üzləşmənin təsdiqindən sonra artıq məbləğ borc məbləği statusunda qarşı tərəfdən tutulmalıdır. Həmçinin, məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı ilə cavabdehin birgə fəaliyyətinin əsasını məhz bu məbləğin fiks edilməsi təşkil etmiş və yalnız bundan sonra, yəni Cavabdeh MMC tərəfindən bu məbləğin qəbul edilməsindən sonra birgə fəaliyyətin mümkünlüyü baş tutmuşdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, tərəflər müqavilənin imzalanmasından sonra Azərbaycan ticarət bazarı üzərinə işləməyə başladılarsa da, cavabdeh üzərinə götürmüş olduğu borc öhdəliklərini icra etməkdən yayınırdı və bu gün də yayınmaqdadır. Belə ki, Cavabdeh MMC Azərbaycanda fəaliyyət göstərməklə “X4 San. Tic A.Ş Şirkəti”nin istehsal etdiyi malların Azərbaycan Respublikasında satışını həyata keçirirdi. Lakin Cavabdeh MMC-dən öncə bu hüquq "xxxx" Şirkətinə məxsus idi. “Mediasiya haqqında” qanunun tələblərinə müvafiq olaraq iddiaçıməhkəməyə müraciət etməzdən öncə müvafiq məcburi mediasiya sessiyasını keçmişdir, lakin cavabdeh şirkət mediasiyada iştirakdan imtina etdiyi üçün mediasiya prosesi baş tutmamış və bununla əlaqədar “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2021-ci il tarixli 2021-001940 saylı arayış verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, əqd bağlandığı dövrdən iddia verilən günədək 6 (altı) il müddət keçmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı “X4 San.Tic A.Ş.Şirkəti”nin iddia ərizəsinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassızdır. Belə ki, iddiaçı və cavabdeh arasında öhdəlik yaradacaq hər hansı bir müqavilə mövcud deyildir. İddiaçı sübut qismində məhkəməyə Cavabdeh MMC-nin direktorunun imzası ilə təsdiq olunmuş sənəd təqdim etmişdir. Qeyd edilən sənədlərin hansı şəraitdə və necə imzalanması ilə bağlı dolğun məlumatın olmaması ilə yanaşı, qeyd etmək istəyir ki, cavabdeh iddiaçıdan hər hansı bir mal almamış və onun xidmətindən istifadə etməmişdir. İddiaçının bildirməsinə görə guya cavabdeh “Həsənov Ağaisa” adlanan hansısa şəxsin öhdəliklərini üzərinə götürmüşdür. Həmin öhdəliyin hansı səbəblərdən cavabdeh tərəfindən üzərinə götürülməsi, yaxud belə bir öhdəliyin “Həsənov Ağaisa” adlanan üçüncü şəxs tərəfindən Cavabdeh MMC-yə ötürülməsinə dair də hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdiyi sənədlərdə borcun, həmçinin “Həsənov Ağaisa” adlanan şəxsin yenidən təşkil olunması nəticəsində yarandığı göstərilir. Lakin Cavabdeh MMC hansısa hüquqi şəxsin yenidən təşkil olunması nəticəsində deyil, ilkin təsis sənədlərinin qeydiyyatı nəticəsində birbaşa təsis edilmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh MMC ilə “Həsənov Ağaisa” adlı şəxs arasında, o cümlədən iddiaçı ilə hər hansı bir müqavilə mövcud deyildir. İddiaçının təqdim etdyi sənədlərdə göstərilən xüsusatlar əqd kimi qiymətləndirilə bilməz və bu əqd deyildir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Təqdim edilmiş sənədlərdə isə şərtlər, mübadilə predmeti, öhdəliklər, o cümlədən öhdəliklərin icra üsulu, həmçinin öhdəliklərin icra edilməməsinin nəticələrinə dair heç bir şərt müəyyən edilməmişdir. Hətta bu müqavilə də sayılmış olsaydı, o zaman aşağıdakı hallara əsasən bu əqd etibarsız hesab edilməli olardı. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019- cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Bir daha qeyd edir ki, iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri mövcud olmamış, cavabdeh iddiaçıdan hər hansı bir mal almamış və cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur. xx.xx.2022-ci il tarixdə iddiaçı “X4 San.Tic A.Ş.Şirkəti”nin nümayəndəsi və vəkili Vəkil1 cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş iddia müddətinin tətbiqinə dair ərizə və iddiaya qarşı etiraza dair yazılı mülahizə verərək qeyd etmişdir ki, birincisi, cavabdeh tərəfin etirazının arqumentləri belə olmuşdur ki, borcun qəbul edilməsinə dair sənədlərin necə və hansı şəraitdə imzalanmasına dair dolğun məlumat olmamışdır. Həmin sənəd birbaşa cavabdehin direktorunun öz imzası və möhuru ilə təsdiq edilmişdir, məbləğin ödənilməsinə dair məsuliyyəti direktor Səhət Dadaşov öz üzərinə götürmüşdür. İkincisi, cavabdeh iddiaçıdan hər hansı mal almamış və onun göstərdiyi hər hansı xidmətdən istifadə etməmişdir, tərəflər arasında müqavilə var, 8 ilə yaxın ticarət dövriyyəsi olmuşdur. Bu halı təsdiq edəcək sübutlar bank çıxarışlarıdır, o cümlədən, gömrük bəyannamələridir. Hazırda sübutlar toplanır. Üçüncüsü, öhdəliyin “Həsənov Ağaisa” adlanan üçüncü şəxs tərəfindən Cavabdeh MMC-nə ötürülməsinə dair də hər hansı bir müqavilə mövcud deyildir”. Qeyd edilən məbləğdə malların və onlara görə borcun ödənilməsinə dair birbaşa məsuliyyət məhz tərəflər arasında tərtib edilən borcun ötürülməsinə dair protokol üzrə verilmiş və həmin protokol imza və möhürlə təsdiq edilmişdir. Dördüncüsü, Cavabdeh MMC hansısa hüquqi şəxsin yenidən təşkil olunması nəticəsində deyil, ilkin təsis sənədlərinin qeydiyyatı nəticəsində birbaşa təsis edilmişdir”. İddia ərizəsində belə bir cümlə işlədilməyib. Qeyd edilmişdir ki, Hasanov Agaisa şirkətində yenidən təşkil işləri ilə əlaqədar olaraq şirkət üzərindəki borcu (götürdüyü mallara dair) və götürülmüş malları Cavabdeh MMC-nin Azərbaycan bazarında rəqabətsiz şəkildə tək fəaliyyət göstərmək məqsədi daşıdığı üçün məhz onun özünün təşəbbüsü ilə üstlənmişdir. Beşincisi, iddiaçı ilə hər hansı bir müqavilə mövcud deyildir. Müqavilə var. Hal-hazırda da qüvvədədir. Müqavilənin tarixi isə xx.xx.2016-cı il tarixlidir. Cavabdehin arqumentləri tamamilə absurd xarakter daşımaqla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri diqqətlə nəzərdən keçirmədiyini sübut edir. Belə hesab edirlər ki, cavabdehin etirazının dəlillərininə dair öz mövqelərini bildirmək zərurəti vardır. Beləliklə, tərəflər arasında mövcud hadisənin xronoloji ardıcıllığını bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir. xx.xx.2016-cı il tarixində təhvil-təslim baş tutur və Cavabdeh MMC-nin direktoru təhvil aldığı mallar və onlara görə yaranmış borcu öz üzərinə götürməsinə və bu borca görə məsuliyyət daşıdığına dair tərtib edilmiş protokolu öz imzası, borc miqdarını rəqəmlərlə yanaşı, hərflərlə təsdiq edən əl yazması və müəssisənin möhürü ilə təsdiq edir. Tərəfə edilmiş güzəşt nəticəsində ödəyəcəyini üstləndiyi borc xx.xx.2016-cı il tarixinə 143.895,83 ABŞ dolları məbləğində təsdiqlənir. İddiaçı ilə cavabdeh arasında ticarətə dair müqavilə isə xx.xx.2016-cı il tarixində imzalanmışdır. Daha sonra əgər tərəflərindən təqdim edilmiş “Cari Hesap ekstressi” adlı maliyyə cədvəlinə baxarlarsa, məlum olacaqdır ki, həmin təsdiqlənmiş 143.895,83 ABŞ dolları razılaşdırılmış borc məbləği xx.xx.2017-ci il tarixində Mehtap tərəfindən Cavabdeh MMC-yə qaimə edilmişdir. Yəni müqavilə bağlandıqdan sonra. Beləliklə, göründüyü kimi hazırki borc müqavilə münasibətləri çərçivəsindədir. Bundan başqa məhkəmənin xx.xx.2022-ci il tarixli iclası üçün təqdim etdikləri yeni sübutlara nəzər salmağı zəruri hesab edirlər. Belə ki, əlavə edilən yeni 2 ədəd sübutda maliyyə cədvəli vardır. Cədvəllərdən birincisi “Mehtap” şirkəti tərəfindən Cavabdeh MMCyə verilən malların qaimə nömrələri (dolayısı ilə faturaların içərisində hansı malların verilməsi detallı şəkildə təsvir edilmişdir) və malların dəyərini əks etdirir. Həmin cədvəldən məlum olduğu üzərə tərəflər arasında malların ticarət dövriyyəsi xx.xx.2016-cı il tarixindən etibarən başlamış (yəni müqavilənin imzalandığından sonra) və ən son mal verilməsi xx.xx.2019- cu il tarixli olmuşdur. 2 –ci cədvələ nəzər saldıqda isə Cem Group şirkəti tərəfindən Mehtap şirkətinə ödənilən ödənişlərin məbləğlərini aydın görmək olar. Əgər cavabdeh tərəf üzərinə götürdüyü borc məbləğini hal-hazırda götürmədiyini iddia edirsə, hansı səbəbdən həmin məbləğə dair ödəniş etməklə onu 110.059,96 ABŞ dolları həcminədək azaltmışdır?! Bundan başqa tərəfindən xx.xx.2022-ci il tarixli 135 saylı vəkil sorğusu "xxxx" ASC-yə və eyni tarixli 136 saylı vəkil sorğusunu elə Cavabdeh MMC-yə ünvanlanaraq, tərəflər arasında ticarət münasibətləri başlanan tarixdən bu günədəkxx.xx.2022-ci il tarixinədək edilmiş ödənişlərin məbləğləri haqqında müvafiq bank çıxarışlarının təqdim edilməsini xahiş etmişdir. Hazırki mülahizənin yazılması tarixinə hələ cavab olmadığından bu məqamda məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirlər ki, sözügedən sübutlar əldə edildikdən sonra tərəflərindən iddia həcmini azaldılmasına dair müvafiq əlavə veriləcəkdir. Bir də vacib bir xüsusat ondan ibarətdir ki, hamıya məlum olduğu üzrə banklar tərəfindən vəkil sorğuları cavablandırılmır, ona görə də ehtimal vardır ki, tərəflərindən həmçinin hakim sorğusunun verilməsi ilə əlaqədar vəsatət verilsin. Beləliklə, mövqeləri ondan ibarətdir ki, hazırkı iddia predmetinin araşdırılması istiqamətində zəruri sübutların əldə edilməsi yolu ilə cavabdeh tərəfin etiraza dair dəlillərinin əsassız olmasını iddiaçı tərəf olaraq sübut edə bilərlər. İddia müddətinin tətbiqi ilə bağlı pul ödənişlərinin hərəkətini əks etdirən maliyyə cədvəlinə nəzər salsalar (əgər məhkəmə və cavabdeh bu cədvəllərdə göstərilən tarixlərlə razı deyildirsə, buna görə vəkil sorğusu verilib banka imtina olacağı halda isə hakim sorğusunun verilməsini xahiş edəcəklər) görərlər ki, cavabdeh tərəfindən ən son ödəniş xx.xx.2020- ci il tarixdə olmuşdur. Belə olan halda tərəflər arasında olan münasibətlərin müqavilə münsibətləri olması və müqavilə münasibətlərinə də tətbiq edilməsi nəzərdə tutulan 3 illik müddətin hələ tamam olmadığını rəhbər tutaraq bildirirlər ki, cavabdehin iddia müddətini tətbiqinə dair mövqeyi heç bir hüquqi əsasa söykənmir. AR Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarına nəzər salaraq mövqelərini əsaslandırmaq istəyirlər ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –Mülki Məcəllə) 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Hazırki iş üzrə cavabdeh tərəfindən dəfələrlə borcun ödənilməsi barədə tələb irəli sürüldükdə onun tərəfindən möhlət verilməsi istənilmişdir. Digər hərəkət isə borcun qismən ödənilməsi ilə əlaqədar olmuşdur ki, hələ ki, maliyyə cədvəllərindən göründüyü kimi 143.000–lik borc məbləği 110.000 miqdarında azaldılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə və yazılı mülahizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraza və iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq E.X1 adlı şəxsdən keçmiş borcu qəbul etmədiklərini və həmin borcdan ödəniş etmədiklərini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “X4 San.Tic A.Ş.Şirkəti” (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 27 aprel 2016-cı il tarixdə müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcıya hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən alış sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, alıcı isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə malları və ya xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini satıcıya ödəmək barədə öhdəlik götürür. Bu ümumi şərtlər və alış sifarişi birlikdə alış sifarişində müəyyən edilən tərəflər arasında hazırki müqaviləni təşkil edir. 1.2-ci bəndinə əsasən malların təsviri, miqdarlar, keyfiyyət tələbləri, qiymətlər, çatdırılma müddəti və malların alış sifarişi üzrə tədarükünə dair digər təfsilatlar tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri alış sifarişində əksini tapır. Hazırki müqavilə şərtləri və alış sifarişi arasında fərq olduqda, müvafiq alış sifarişinin şərtlərinə üstünlük veriləcəkdir. 3.3-cü bəndinə əsasən alış sifarişində başqa cür nəzərdə tutulmamışdırsa, ödəniş malların və ya xidmətlərin hazırki müqavilə şərtləri əsasında çatdırılmasından və müvafiq təhvil-təslim (qəbul) aktının imzlanmasından sonra həyata keçirilməlidir. Mallar və/və ya xidmətlər sifarişdə göstərilən tarixdə və ya müddət ərzində çatdırılmalı və ya yerinə yetirilməlidir. Alıcı bu müqavilə üzrə edilməli olan hər hansı bir ödənişi bütün zəruri təhviltəslim aktlarının və müvafiq ödəniş sənədlərinin (hesab-faktura) alınmasından sonra otuz təqvim günü ərzində satıcının bank hesabına ödəməlidir. 5.1-ci bəndinə əsasən hazırki müqavilə alış sifarişində qeyd olunan hər iki tərəfin səlahiyyətli edilmiş nümayəndələri tərəfindən həmin alış sifarişinin imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və tərəflərin (bu müqavilə üzrə) öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. Yuxarıda qeyd olunan müddəaya baxmayaraq, satıcının alış sifarişini yazılı şəkildə təsdiqləməsi bu alış sifarişini və onun şərtlərini qəbul etməsi hesab edilir. Müqavilə yalnız satıcı “X4 San.Tic A.Ş.Şirkəti”nin imzası və möhürü ilə təsdiq edilmişdir. “X4 San.Tic A.Ş.Şirkəti” (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış idxal edilən mallara görə müqaviləyə əlavədən görünür ki, əlavəyə əsasən Cavabdeh MMC idxal etdiyi satıcı “X4 San.Tic A.Ş.Şirkəti”nə məxsus malların nəqliyyat xərcləri xx.xx.2017ci il tarixindən etibarən Cavabdeh MMC-yə məxsusdur və bu səbəbdən şirkətə təqdim olunan satış qiymətində göstərilmiş nəqliyyat xərclərinin fərqi isə il sonunda borcdan azaldılacaqdır. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “X4 San.Tic A.Ş.Şirkəti” tərəfindən Cavabdeh MMC-yə təqdim edilən xx.xx.2017-ci il tarixli, MHT**********215 nömrəli hesab-fakturadan (invoice) görünür ki, həmin hesabfaktura əsasında təqdim edilən müxtəlif adda məişət əşyalarının ümumi dəyəri 15.059,56 ABŞ dolları təşkil edir. “X4 San.Tic A.Ş.Şirkəti” tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanlanan xx.xx.2017-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli, MHT**********215 nömrəli faturanın ödənməsi həyata keçirilməmiş, İnvoice-da xəta edilmiş və bunun üçün üzr istədiklərini bildirmişlər. “X4 San.Tic A.Ş.Şirkəti”nin Cavabdeh MMC-yə ünvanladığı məktuba əsasən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə “Hasanov Aqaisa” firmasının yenidən təşkili aparılmış, bundan sonra “X4 San.Tic A.Ş.Şirkəti” Cavabdeh firması ilə Azərbaycan bazarında əməkdaşlıq barədə müqavilə bağlanmış, həmçinin Cavabdeh firması “Hasanov Aqaisa” firmasının borclarının ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2016-cı il tarixdə rəsmi hesablarında “Hasanov Aqaisa” firmasına məxsus borc məbləği 188.693,81 ABŞ dolları təşkil etmişdir. Lakin “Hasanov Aqaisa” firması 158.895,83 ABŞ dolları məbləğini təsdiq etmiş və onlar həmin məbləği qəbul etmişlər. Daha sonra “X4 San.Tic A.Ş.Şirkəti” Cavabdeh firmasına 158.895,83 ABŞ dolları məbləğindən 15.000 ABŞ dolları məbləğində güzəşt etmiş, nəticədə “Hasanov Aqaisa” firmasına təhvil verdikləri və Cavabdeh firması tərəfindən qəbul edilmiş borc məbləği 143.895,83 ABŞ dolları təşkil edir. Hazırda xx.xx.2016-cı il tarixə olan borcun təsdiq edilməsi xahiş olunur. xx.xx.2016-cı il tarixinə Mehtap qarşısında borcu 145.644 ABŞ dolları təşkil edir. Məktub Cavabdeh MMC-nin direktoru X3 tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. “X4 San.Tic A.Ş.Şirkəti” ilə Cavabdeh MMC arasında imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli sənədə (arayışa) əsasən müəyyən edilir ki, həmin tarixə Cavabdeh MMC-nin borc məbləği 159.675,51 ABŞ dollarıdır. xx.xx.2016-cı il tarixli borcun təsdiqi və təhvil verilməsi barədə sənəddə qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixinə Balaş Atayev “Mehtap” firmasına olan cəmi 158.985,83 ABŞ dolları məbləğində borcu təsdiq etmiş və Dadaşov Səhətə təhvil verilmişdir. X7 tərəfindən imzalanmışdır. xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arası dövrü əhatə edən hesab-arayışlara (dekont) əsasən Cem Group adından Hakan Kunter tərəfindən “X4 San.Tic A.Ş.Şirkəti”nə ödənilən məbləğ ümumilikdə 424.565 ABŞ dolları təşkil edir. 2013-2014-cü illəri əhatə edən faturalara əsasən “X4 San.Tic A.Ş.Şirkəti” tərəfindən Hasanov Aqaisa adlı şəxsə müxtəlif adda məişət əşyaları satılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı “X4 San.Tic A.Ş.Şirkəti” “Hasanov Aqaisa” firmasının ona mal alqı-satqısından irəli gələn 158.985,83 ABŞ dolları məbləğində borcunun yarandığını, xx.xx.2016-cı il tarixdə həmin pul öhdəliyinin Cavabdeh MMC-yə verildiyini, sonradan həmin borcdan 15.000 ABŞ dolları məbləğinin güzəşt edilməklə 143.985,83 ABŞ dolları məbləğində borcun isə ödənilməmiş qaldığını, eləcə də Cavabdeh MMC ilə aralarında 2016-cı ildə alqı-satqı müqaviləsinin bağlandığını və həmin müqavilə üzrə də cavabdehin borcun yarandığını əsas göstərərək cəmi 145.644 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC isə iddianı qəbul etmir və “Hasanov Aqaisa” firmasının öhdəliklərinin Cavabdeh MMC-yə verilməsi barədə müqavilənin mövcud olmadığını, eyni zamanda onunla iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmadığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı “X4 San.Tic A.Ş.Şirkəti” ilə Cavabdeh MMC arasında bağlanmış hər iki tərəfin imzaladığı yazılı alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməsə də, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olması faktı iş materialları, o cümlədən iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya alqı-satqı hesab-fakturaları üzrə ödənişlər edilməsini təsdiq edən “Yapı Kredit Bank” tərəfindən verilmiş sənədlər və hər iki tərəfin təsdiq etdiyi alqı-satqı müqaviləsinə əlavə ilə öz təsdiqini tapır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun olması məsələsinə gəldikdə isə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi göstərilən halı sübuta yetirə bilməmişdir. Belə ki, birincisi, iddiaçının həmin halı təsdiq etmək üçün təqdim etdiyi maliyyə cədvəlləri birtərəfli qaydada tərtib edilmiş sənədlər olmaqla yanaşı ilkin mühasibat uçotu sənədləri deyillər. Odur ki, həmin sənədlər alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların miqdarının, çeşidinin və qiymətinin və son nəticədə cavabdehin həmin müqavilə üzrə borcunun olubolmamasının müəyyən edilməsi üçün kifayət etmir. İkincisi, xx.xx.2016-cı il tarixinə iddiaçının qarşısında borcunun 145.644 ABŞ dolları təşkil etməsi barədə cavabdehin direktoru tərəfindən imzalanmış məktuba gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi həmin məktubun tərtib edildiyi tarixdən sonrakı müddət ərzində 2017-2020-ci illərdə cavabdeh tərəfindən iddiaçıya həmin məbləğdən daha yüksək məbləğdə ödənişlər edilmişdir. Odur ki, həmin məktub alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya hal-hazırda borcunun mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya borcunun mövcud olması iş materiallarına əsasən müəyyən edilmir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı ödənilməsini tələb etdiyi borcun 143.985,83 ABŞ dolları hissəsinin 2016-cı il tarixədək olan dövrdə onunla “Hasanov Aqaisa” firması arasında alqı-satqı münasibətlərindən yaranmış və sonradan öhdəliyin verilməsi barədə müqaviləyə əsasən cavabdehə verilmiş borc olmasını iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələblərinə öhdəliyin verilməsi barədə normalar tətbiq edilməlidir. Mülki Məcəllənin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 524-cü maddəsinə əsasən öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. Həmin normaların məzmunundan göründüyü kimi öhdəliyin verilməsi nəticəsində yeni bir öhdəlik yaranmır, sadəcə öhdəliyində bir şəxs (əvvəlki borclu) üçüncü şəxs (yeni borclu) ilə əvəz edilir. Eyni zamanda yeni borclu öhdəliyin verilməsi barədə müqaviləyə əsasən ona verilmiş öhdəliyi şərtsiz icra etmək kimi bir öhdəlik daşımamaqla kreditora qarşı əvvəlki borclunun mübahisəli hüquq münasibətlərindən irəli gələn etirazları irəli sürmək hüququna malik olur. Bu baxımdan öhdəliyin verilməsi barədə müqavilənin mövcudluğu faktı özü-özlüyündə verilmiş öhdəliyin həqiqətən yaranmasını, eləcə də müqavilənin bağlandığı tarixə mövcud olmasını (həmin vaxtadək öhdəliyə xitam verilməməsini), eləcə də öhdəliyin icra edilə bilənliyini (məsələn, borclunun onun icra edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmamasını), bir sözlə desək, öhdəliyin icra edilməsi barədə yeni borcluya qarşı irəli sürülmüş tələbin əsaslılığını sübuta yetirmir. Odur ki, cavabdehə verilməsi iddia olunan borcun tutulması tələbinə dair hazırkı iddia tələbini əsaslılığı yoxlanılarkən məhkəmə tərəfindən öhdəliyin verilməsi barədə müqavilənin mövcudluğu ilə yanaşı əvvəlki borclunun (Həsənov Agaisa) kreditor (iddiaçı) qarşısında yaranması və sonradan yeni borcluya (cavabdehə) verilməsi iddia olunan pul öhdəliyinin həqiqətən də mövcudluğu, yəni hazırkı halda kreditor ilə əvvəlki borclu arasında alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən kreditor tərəfindən əvvəlki borcluya mal təqdim edilməsi və həmin mallara görə əvvəlki borclunun kreditora borcunun yaranması kimi hallar da müəyyən edilməlidir. Hazırkı halda iddiaçı yeni borclu ilə kreditor arasında öhdəliyin verilməsi barədə razılaşmanın mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, verilən öhdəliyinin yaranmasının əsasını təşkil edən sənədlər, eləcə də öhdəliyin hazırda mövcud olmasını təsdiq edən digər mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Həsənov Agaisaya ünvanlanmış fakturalar iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan malların təqdim edilməsi faktının müəyyən edilməsi üçün yetərli deyil. Borcun verilməsi barədə Balaş Atayev adlı şəxs tərəfindən imzalanmış məktuba münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin sənədi imzalamış Balaş Atayev adlı şəxsin həmin borcun mövcudluğunu təsdiq etmək səlahiyyətinə malik olub-olmamasını və hətta öhdəlik üzrə ilkin borclunun statusunu (hüquqi şəxs və ya fərdi sahibkar olmasını) müəyyən edilmədiyindən həmin sənədin mötəbər sübut kimi qəbul edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı cavabdehə verilməsi iddia olunan öhdəliyin hazırda mövcud olması ehtimal edilsə belə, həmin öhdəliyin icra edilməsi tələbi üzrə iddia müddəti buraxılmışdır. Belə ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı “Həsənov Agaisa” ilə iddiaçı arasında alqı-satqı münasibətlərindən irəli gəlməsi iddia edilən pul öhdəliyinin yaranması vaxtını dəqiq müəyyən etmək mümkün olmasa da, həmin öhdəliyin xx.xx.2016-cı il tarixdə cavabdehə verildiyini nəzərə alsaq öhdəliyin həmin tarixdən əvvəlki dövrdə yaranması qənaətinə gəlmək olar. Bundan əlavə son üç il ərzində sözügedən öhdəliyin kəsilməsinə səbəb olan halların baş verməsi, o cümlədən həmin öhdəlikdən cavabdeh tərəfindən ödəniş edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya aralarında bağlanmış alqısatqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyərindən artıq ödəniş edilməsi, göstərilən halın isə cavabdeh tərəfindən Həsənov Agaisadan ona keçmiş borcdan ödəniş etməsinə və belə olan halda həmn tələb üzrə iddia müddətinin kəsilməsinə əsas olan halın baş verməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, tərəflər aralarında olan mal dövriyyəsinin həcmini təsdiq edən mötəbər sənədlər məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən artıq ödəniş edilib-edilməsinin müəyyən edilməsi də qeyri-mümkündür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Həsənov Agaisanın iddiaçı qarşısında yaranmış və sonradan cavabdehə verilmiş 143.985,83 ABŞ dolları məbləğində pul öhdəliyinin, eləcə də cavabdehin iddiaçı qarşısından tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn pul öhdəliyinin mövcud olması iş materiallarına əsasən müəyyən edilmədiyindən hazırkı iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı “X4 San.Tic A.Ş.Şirkəti”nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar