Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1427/2022 29.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Musa oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 28 yanvar 2021-ci il tarixli, NQD №008693 nömrəli akta əsasən əlavə hesablanmış 42965.55 manat məbləğinin silinməsi və 200 manat mediasiya haqqının və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.04.2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin aratırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib olunmuş 28 yanvar 2021-ci il tarixli, NQD №008693 nömrəli akta əsasən əlavə hesablanmış 42965.55 manat məbləğinin silinməsi və 200 manat mediasiya haqqının, ödənilmiş 100 manat dövlət rüsumunun və 310 manat hüquqi yardım haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi binanın elektrik enerjisi ilə təchiz olunmasından ötrü tələb olunan texniki şərtləri yerinə yetirmiş, lazımi avadanlıqları əldə etmiş və müvafiq qaydada istismarı üçün aktla və müqavilə əsasında cavabdehə təhvil vermiş və enerji təchizatına qoşularaq istifadə olunan enerjinin haqqını vaxtında və tam ödəmişdir. Cavabdeh 03 fevral 2021-ci il tarixdə “müəssisənizin 28.01,2021-ci il tarixli NDQ 008696 (nömrə səhv göstərilib, aktın özündə 008693 nömrəsi görünür) saylı aktına əsasən 03 fevral 2021-ci il tarixə 42965,55 manat məbləğində debitor borcu vardır” qeyd etməklə borcun ödənilməsini tələb edərək, əks təqdirdə müəssisənin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 07 fevral 2021-ci il tarixdən etibarən dayandırılacağı ilə yazılı surətdə təhdid etmişdir. Cavabdeh öz tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na istinad etmişdir. Cavabdeh tərəfindən Cəmiyyətə təchiz edilən elektrik enerjisi 17 fevral 2021-ci ildə saat 10:30-16:30-dək, 11 mart 2021-ci ildə saat 14:30-18:40-dək, 12 mart 2021-ci il saat 21:15dən- 19 mart 2021-ci il saat 17:00-dək heç bir əsas olmadan dayandırılmışdır. Elektrik enerjisinin təchizatının dayandırılması və bərpa olunması Cəmiyyətin əməkdaşları tərəfindən Aktlar tərtib edilməklə təsbit olunmuşdur. Enerji təchizatı məhkəmə qərardadının icrası üzrə bərpa olunmuşdur. Hazırda Cavabdeh tərəfindən təqdim olunan hesab fakturalarda 40.000 manatdan az olmamaqla müxtəlif məbləğlərdə borcun mövcud olduğu göstərilir. Cavabdehin nümayəndələri elektrik enerjisinin təchizatını dayandırmaqla hədə-qorxu gəlirlər. Bununla Cəmiyyətin və binada yerləşən digər təsərrüfat subyektlərinin sahibkarlıq fəaliyyətinə, bütün kommunikasiya sistemlərinə ziyan vurulur. Qeyd olunan ünvanda yerləşən icarəçilər qarşısında iddiaçı çətin vəziyyətdə qalır. 30 dekabr 2021-ci ildə cavabdehə ünvanlanmış pretenziya ilə borc tələbinin heç bir əsasının olmadığı və hesab fakturalarda göstərilən borc məbləğinin silinməsi xahiş olunmuşdur. Cavabdehin 25 yanvar 2022-ci il tarixli, 01-99/400 saylı cavab məktubunda 28 yanvar 2021-ci ildə Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “X1 qaydalarfna riayət olunmasının vəziyyəti yoxlanılarkən, qeyri-yaşayış sahəsinə məxsus elektrik hesabat sayğacının şəbəkəyə qoşulma sxeminin doğru olmaması (sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etmir) faktı aşkarlanaraq, NDQ 008693 nömrəli akt tərtib edildiyi, 477395 kVt.s (42965,55) manat dəyərində ödəniş sənədi hazırlandığı göstərilmişdir. Cavabdehin məktubunda istinad olunan 28.01.2021-ci il tarixli, NDQ 008696 saylı birmənalı anlaşıla bilməyən akt Cəmiyyətə təqdim olunmamışdır və ümumiyyətlə, belə bir aktın nə zaman, hansı şəraitdə və hansı əsasla tərtib olunması iddiaçıya məlum deyil.Cavabdehin 25 yanvar 2022-ci il tarixli məktubundan aydın olur ki, sayğacın qoşulma sxeminə cavabdeh olan "xxxx" ASC-nin nümayəndələri səhvə yol vermiş və bunun nəticəsində əlavə sərfiyyat yaranmışdır. Sayğacın yerləşdiyi hissəyə sadəcə cavabdehin nümayəndələrinin giriş imkanları vardır. İddiaçının nümayəndələrinin həmin hissəyə daxil olması qeyri-mümkündür, balans sərhədindən əvvəl qoşulma sxemində yol verilən səhvə görə, Cavabdeh birbaşa məsuliyyətlidir. Cavabdeh tərəfindən konkret hər hansı bir əsasa istinad olunmadan müəmmalı şəkildə heç bir hüquqi və faktiki əsas olmadan enerji təchizatının dayandırılacağı bildirilir. Cavabdehin istinad etdiyi 28 yanvar 2022-ci il tarixli aktın tərtib olunmasından əvvəlki 12 aylıq dövrdə və ondan sonrakı 12 aylıq dövrdə enerji təchizatından istifadəyə görə haqq iddiaçı tərəfindən vaxtında və tam şəkildə ödənilmişdir. Belə ki: 2020-ci il üzrə: 23.01.2020-ci ildə 3888 manat, 17.02.2020-ildə 3888 manat, 16.03.2020-ci ildə 3564 manat, 17.04.2020-ci ildə 2916 manat, 20.05.2020-ci ildə 2916 manat, 19.06.2020-ci ildə 3240 manat, 20.07.2020-ci ildə 5184 manat, 20.08.2020-ci ildə 8424 manat, '|s8,,Q9.2020-cu ildə 5832 manat, 16.10.2020-ci ildə 4536 manat, 20.11.2020-ci ildə 3564 manat, 22.12.2020-ci ildə 3564 manat olmaqla, cəmi 51.516 (əlli bir min beş yüz on altı) manat; 2021-ci il üzrə: 21.01,2021-ci ildə 4212 manat, 18 fevral 2021-ci ildə 4212 manat, 18 mart 2021-ci ildə 4860 manat, 29 mart 2021- ci ildə 4000 manat, 15 aprel 2021-ci ildə 3569,49 manat, 20 may 2021-ci ildə 3888 manat, 22 iyun 2021-ci ildə 5832 manat, 15 iyul 2021-ci ildə 6589,83 manat, 786,17 manat və 400 manat, 22 iyul 2021-ci ildə 146,24 manat, 23 iyul 2021-ci ildə 100,88 manat və 1372.88 manat, 23 avqust 2021-ci ildə 7400 manat, 2260 manat, 224,75 manat, 811 manat, 521 manat, 27 avqust 2021-ci ildə 45,46 manat, 95,37 manat, 306.42 manat, 21 sentyabr 2021-ci ildə 1054,23 manat və 131,94 manat, 22 sentyabr 2021-ci ildə 6589,83 manat, 19 oktyabr 2021-ci ildə 4667,8 və 616,27 manat, 20 oktyabr 2021-ci ildə 78,04 manat, 21 oktyabr 2021-ci ildə 145,89 manat, 16 noyabr 2021-ci ildə 2592 manat, 22 noyabr 2021-ci ildə 3564 manat, 22 dekabr 2021-ci ildə 906,1 manat və 4979 manat, 24 dekabr 2021-ci ildə 55 manat, 18 yanvar 2022-ci ildə 6040,68 manat, 632,71 manat və 454,61 manat, olmaqla cəmi 80.141,59 manat ödənilmişdir. Digər tərəfdən, borcun mövcudluğu halında belə, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin yalnız sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə qanuna müvafiq xəbərdarlıq edildikdən sonra enerji təchizatı dayandırıla bilər (9.13.2-ci maddə). Lakin hazırki mübahisə enerji təchizatının sayğacla müəyyənləşən sərfiyyatı üzrə mövcud olan borca görə deyil, cavabdehin sayğacın qoşulma sxemində yol verdiyi səhv səbəbindən əlavə sərfiyyata görə hesablanmışdır. Belə olan halda istehlakçı - iddiaçı enerji təchizatı müəssisəsi - cavabdeh qarşısında məsuliyyət daşımır (9.20.2-ci maddə). Bununla cavabdeh həm qoşulma sxemində səhvə yol vermiş, həm də iddiaçının heç bir təqsiri olmadığı halda qanuna zidd şəkildə əlavə sərfiyyata görə enerji təchizatını dayandırmaqla iddiaçıya hədəqorxu gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Musa oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması və cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə verdiyi izahatda bildirdi ki, aparılmış yoxlama zamanı İddiaçı MMC-yə məxsus sayğaca baxış keçirilən zaman sayğacın şəbəkəyə qoşulma sxemində səhvlik olduğu və istifadə edilən elektrik enerjisinin düzgün qeyd edilmədiyi aşkar edilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC ilə "xxxx" MMC arasında 19 mart 2021-ci il tarixdə 035992 nömrəli elektrik enerjisinin alğı-satqısı barədə müqavilə bağlanmışdır. - "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 28.01.2021-ci il tarixli, 008693 nömrəli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir, sərf olunan elektrik enerjisini düzgün qeyd etmir. E.E.İ.Q-yə uyğun qüsurun aradan qaldırılması və aradan qaldırıldıqdan sonra sayğac sxeminin bərpa olunması qeyd edilmişdir. - "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 213853 nömrəli aktan məlum olur ki, sayğacın İ tərəf dövrəsi ilə İİ tərəf dövrəsi arasında qoşulma sxemi düzgün deyildir və bu səbəbdən sayğac 81% xəta ilə işləyirdi. Sxem düzəldildi. Hal-hazırda sxem normaldır. Abonent iştirak etmiş və imzadan imtina etmişdir. - 01 yanvar 2020-11 yanvar 2022-ci il dövrü üzrə "xxxx" ASC ilə hesablaşma cədvəlindən məlum olur ki, İddiaçı MMC-nin balansında 4000 manat artıq ödəmə məbləği möcvuddur. - 02.02.2021-ci il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, İddiaçı MMC-yə 42,965.55 manat məbləğində borc hesablanmışdır. - "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən 03.02.2021-ci il tarixdə İddiaçı MMC-yə xəbərdarlıq ünvanlanaraq müəssisənin 28.01.2021-ci il tarixli, NDQ 008696 nömrəli aktına əsasən 03.02.2021-ci il tarixə 42965.55 manat məbləğində debitor borcu vardır. - İddiaçı MMC tərəfindən 30 dekabr 2021-ci il tarixdə "xxxx" ASC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, MMC-yə hesablanmış 38,966.41 manat məbləğində borcun silinməsi xahiş edilmişdir. -"xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 25 yanvar 2022-ci il tarixdə 01-99/400 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, 28.01.2021-ci il tarixində Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları” na riayət olunmasının vəziyyəti yoxlanılarkən, qeyri-yaşayış sahəsinə məxsus elektrik hesabat sayğacının şəbəkəyə qoşulma sxeminin doğru olmaması (sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etmir) faktı aşkarlanaraq, NDQ 008693 nömrəli akt tərtib edilmiş, 477395 kVt.s(42965.55 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktda qeyd edilən qüsur Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 29.01.2021-ci il tarixli 213853 nömrəli sayğac sxemlərinin yoxlanışı aktı ilə (məlum oldu ki, cərəyan transfarmatorunun birinci tərəf dövrəsi ilə ikinci tərəf dövrəsi arasında qoşulma sxemi düzgün deyil və bu səbəbdən elektrik hesabat sayğacı 83% xəta ilə işləyirdi) təsdiqlənmiş və sxem bərpa edilmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, aktın hesabatı AR Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” nəzərə alınmaqla aparılmışdır. Göründüyü kimi, hazırkı mübahisə İddiaçı MMC-nin işıq enerjisindən istifadə etməsi üzrə yaranmış borcla əlaqədardır. İddiaçı, Cavabdehin ona hesablanmış 42,965.55 manat dəyərində borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı MMC-nin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün sonuncunun "xxxx" ASC-yə zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin özünün mövcud olması, onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-1 maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Belə ki, işin hallarından məlum olur ki, "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən 28.01.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus sayğaca baxış keçirilmiş, keçirilmiş baxış zamanı sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması və sərf olunan elektrik enerjisini düzgün qeyd edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı MMC-yə 28.01.2021-ci il tarixli, 008693 nömrəli akta əsasən 42,965.55 manat məbləğində borc hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların: -5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; -7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. - 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. - 9.20-ci bəndinə əsasən istehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: 9.20.1. fors-major hadisə ilə əlaqədar; 9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. Göründüyü kimi qanunvericilik, elektrik enerjisinə görə hesablaşmaların tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə əsasən hesablanmalı olmasını müəyyən etmiş, elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid etmiş, elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehliyi isə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktına əsasən həmin qurğuların balans daşıyıcısı olan təşkilatın üzərinə qoymuşdur. Belə ki, "xxxx" ASC məhkəməyə İddiaçı MMC tərəfindən sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olmasına dair İddiaçının təqsiri olması barədə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən tələb edilən borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən (MPM,77.1) qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin məbləğin necə və hansı əsaslara istinad olunaraq hesablanmasını əsaslandıra bilməmişdir. Bundan əlavə, Məhkəmə hazırki mübahisə ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi "xxxx" ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Sadalanan müddəaların məzmunundan məlum olur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər və yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilməlidir.Qeydə alınmadan aparılmış yoxlamalar nəticəsində hətta qanun pozuntuları aşkar olunduğu təqdirdə belə, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Cavabdeh "xxxx" ASC həyata keçirdiyi yoxlamanı vahid məlumat reyestrində qeydə alması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin yoxlamanın nəticələri iddiaçı üçün hər hansı bir məsuliyyət yarada bilməz. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə uyğun olaraq iddiaçıya hesablanmış 42,965.55 manat məbləğində borc silinməlidir. Bundan əlavə iddiaçı iddia tələbində 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin, 100 manat məbləğində dövlət rüsumunun və 310 manat məbləğində hüquqi yardım haqqının cavabdehdən tutulmasını xahiş edir. 09.03.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən hüquqi yardımın göstərilməsinə görə 310 manat, 11.02.2022-ci il tarixli ödəniş tapşırığına əsasən mediasiya sessiyasının keçirilməsinə görə 200 manat və 100 manat məbləğində dövlət rüsumunun ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. AR MPM-in 121.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə ödənilmiş 200 manat mediasiya haqqı, 100 manat dövlət rüsumu və 310 manat hüquqi yardım haqqı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 28 yanvar 2021-ci il tarixli NDQ № 008693 nömrəli akta əsasən İddiaçı MMC-yə hesablanmış 42965.55 (qırx iki min doqquz yüz altmış beş manat əlli beş qəpik) manat məbləğində borcun silinməsi və 200 (iki yüz) manat mediasiya haqqının, 100 (yüz) manat məbləğində dövlət rüsumunun və 310 (üç yüz on) manat məbləğində hüququ yardım haqqının ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1427/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1427/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver