Məhkəmə qərarları › İş №e-2-2(113)-1428/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1428/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1428/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 ilə, iddiaçı Soytop Ademin, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni təmsilçisi Murat Doğanın iştirakları ilə, iddiaçı Soytop Ademin Cavabdeh MMC-yə qarşı mənfəətin, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Soytop Adem cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq Soytop Ademin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Cumhuriyyətinin vətəndaşı iddiaçı Soytop Adem, cavabdeh X6 və qeyriləri ilə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 11 iyun 2020-ci il tarixdə qeydiyyata alınan "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişlər. "Cavabdeh" MMC təsis olunmamışdan əvvəl iddiaçı bir neçə dəfə Azərbaycan Respublikasına turist kimi və işləmək məqsədi ilə gəlmişdir. Sonuncu dəfə cavabdeh X6 və X7 tərəfindən Bakı şəhərinə dəvət olunmuşdur. İddiaçı az bir müddət "X9" şəbəkəsinə daxil olan "xxxx" Firmasında fəaliyyət göstərmişdir. Qarşılıqlı razılaşmaya əsasən iddiaçı, cavabdeh və digər iki Türkiyə Respublikasının vətəndaşı ilə birlikdə Cavabdeh MMC-ni təsis etmişlər. Cəmiyyət, 11 iyun 2020-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14/2 ünvanında "Cavabdeh" restoranını işlətmişlər. Birgə təsis olunmuş "Cavabdeh” MMC-nin Nizamnaməsinin 2.2-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: 1. X6, -52 manat, 52 pay, 52 % pul şəklində, 2. Soytop Adem, -16 manat, 16 pay, 16 % pul şəklində, 3. Soytop Qanber, -16 manat, 16 pay, 16 % pul şəklində, 4. Doğan Murat, -16 manat, 16 pay, 16 % pul şəklində. Həmin Nizamnamənin 2.5-ci maddəsinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. Razılaşma əsasında cavabdeh iddiaçı Soytop Ademə aylıq 3000 manat məbləğində əmək haqqı və təsisçi kimi nizamnamə kapitalına uyğun gəlirin 16%-i miqdarında pul verilməliydi. İddiaçı, Fərhad və Fariz Mustafayevlərin vədlərinə inanaraq Bakı şəhərinə gəlmiş, Bakı şəhərində yaşaması və işləməsi ilə bağlı ötən müddət ərzində 5.000 ABŞ dollarından artıq pul xərcləsə də, Fərhad Mustafayev tərəfindən restoran işlək vəziyyətə gətirildikdən sonra işindən uzaqlaşdırılmış və iddiaçıya verilməli olan əmək haqqı və gəlir verilməmişdir. Avqust və sentyabr aylarında orta hesabla restorandan 170.000 manat gəlir əldə edilmişdir. Digər aylarda isə 80.000 - 100.000 manat qazanc əldə edilirdi. İddiaçı Adem Soytop iş yerində direktor vəzifəsində olsa da, faktiki olaraq rəhbərliyi cavabdeh Fariz Mustafayev həyata keçirmişdir. Onlar fəaliyyətə 2020-ci ilin iyun ayından başlasalar da, cavabdeh müəyyən olunmuş əmək haqqından hər ay çox az hissəsini iddiaçıya (200-300 manat) ödəniş etmiş və bildirmişdir ki, əmək haqqı yığılır, nizamnamə kapitalına uyğun payın və yığılmış əmək haqqı bir yerdə veriləcəkdir. Lakin 2020-ci ilin noyabr ayında cavabdeh iddiaçıya hər hansısa bir xəbərdarlıq etmədən onu işindən azad etdiyini və restorana buraxmamışdır. Qarşılıqlı razılaşmaya əsasən Adəm Soytop mütəxəssis kimi cavabdeh tərəfindən Azərbaycan Respublikasına dəvət olunub, restoranın yenidən qurulması, fəaliyyətinin təşkil edilməsi ona tapşırılmışdır, işçi heyəti iddiaçı tərəfindən seçilmişdir. Restoran gəlirlə işlədiyi bir vaxtda işə buraxılmamışdır. İddiaçı üzləşdiyi qanunsuz hərəkətlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə, Bakı şəhəri Səbail Rayon Pİ-nin 41-ci Polis Bölməsinə və X10 şikayət ərizələri ilə müraciət edib hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının Dövlət Miqrasiya Xidmətinə təqdim etməsi üçün notarial qaydada təsdiq olunmuş razılıq vermişdir. Ərizədə qeyd olunur ki, mən, X6, Türkiyə Cumhuriyyətinin vətəndaşı Soytop Ademin, mənə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 14-cü km 2, korpus "A", 10 ünvanında yerləşən qeyri-yaşayış binasına müvəqqəti qeydiyyata alınmasına razılıq verirəm. Bundan başqa, F.Mustafayev və mühasib P.Məmmədova tərəfindən imzalanmış "Cavabdeh" şöbəsi işçilərinin 01-03 sentyabr 2020-ci il tarixli əmək haqqı ödəniş cədvəlində iddiaçı Adəm Soytop direktor olaraq qeyd olunmuşdur. Bundan başqa, 29 may 2020-ci il tarixdə X7 ilə Soytop Adem arasında "restoran xidmətlərinin göstərilməsi haqqında müqaviləyə dair ilkin anlaşma" müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən iaşə obyektinin ("Cavabdeh" restoranı) işlədilməsi müqabilində "İcraçı"ya (restoran müdirinə və baş aşbaza) təmiz mənfəətin 25 % xidmət haqqı olaraq ödənilir. Ödəniş hər ayın 10-u həyata keçirilir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən xidmət müqaviləsi ilə əlaqədar Türkiyədən gələn qarsonların qalmaları, Türkiyəyə gediş-gəlişləri üçün təyyarə biletləri "Sifarişçi" tərəfindən ödəniləcəkdir. Gediş barədə bir ay əvvəlcədən xəbərdarlıq edilməlidir. Qeyd olunanlara baxmayaraq Fariz Mustafayev vəkil sorğusuna cavab olaraq göndərdiyi məktubda Adəm Soytopla əmək müqaviləsi bağlamadığını bildirmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdeh X3 əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilmiş, iş üzrə cavabdeh X6 əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.05.2021-ci il tarixli qərardadı ilə iddiaçı Soytop Ademin Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun, nizamnamə kapitalına uyğun gəlirdən düşən paya görə 45.000 manat, maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 10.000 manat tələbinə dair iş üzrə iddiaçı Soytop Ademin Cavabdeh MMC-yə qarşı ödənilməmiş əmək haqqına görə 15.000 manat məbləğində pulun tutulmasına dair tələbi ayrıca icraata ayrılmışdır. Cavabdeh MMC tərəfindən iddia tələbinə yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan Soytop Adem Cavabdeh MMC-yə qarşı iddia tələbi verərək, Cavabdeh MMC-dən mənfəətdə payın müəyyən olunması, əmək haqqının, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də 16 % (on altı) payçı olmasına baxmayaraq, işdən azad olunan zaman ona hər hansı ödəmələr edilməmişdir.Bu səbəbdən ödənilməmiş əmək haqqına görə 15000 manat,nizamnamə kapitalına düşən payına uyğun 15000manat, maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 10.000 manat vəsaitin ona ödənilməsini tələb etmişdir.Hesab edirəm ki, iddiaçının Cavabdeh MMC-yə qarşı olan bu tələbləri həm qanunsuz və əsassızdır.Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin məcmusından da göründüyü kimi iddiaçı Cavabdeh MMC-də təsisçilərdən biri olmaqla yanaşı 15 avqust 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək əmək müqaviləsi əsasında vəzifə təlimatlarına uyğun olaraq direktor vəzifəsini icra etmişdir.Təsisçilərin ümumi yığıncağının 06 noyabr 2020-ci il tatixli qərarı əsasında Soytop Adem direktor vəzifəsindən kənarlaş dirilmişdir. Əmək qanunvericiliyinə uyğun olaraq ona çatan son haqq-hesab ödənilməklə yola salınmışdır. Direktor funksiyası yerinə yetirən Soytop Ademin fəaliyyətindən böyük ümidləri olmuşdur. Ancaq təəssüf ki, Adem Soytop şirkətin direktoru vəzifəsini icra edən zaman işçilər və o cümlədən digər təsisçilərlə yola getməmiş və nəticədə ümumi yığıncağın qərarı ilə Adem Soytop Cavabdeh MMC-nin direktoru vəzifəsindən kənarlaşdırılmışdır. Cavabdeh MMC-nin fəaliyyətə başladığı ilk aylardan gəlirlə işləməsi ilə bağlı bildirilir ki, hər hansı mənfəət olmamışdır. Bu barədə hər hansı ümumi yığıncaq çağırılmamış və ya qərar qəbul olunmamışdır. Bu qısa müddət ərzində və eyni zamanda pandemiya səbəbindən işlər yolunda getmədiyindən işçilərin əmək haqlarənın ödənilməsi çətinliklə təmin olunmuşdur. Bu və digər səbəblərdən 27 aprel 2020-ci il tarixdən etibarən Cavabdeh MMC-nin bütün işçiləri işdən azad olunmaqla fəaliyyəti dayandırılmışdır. İddia tələbində maddi və mənəvi ziyana gəldikdə belə bir ziyan mövcud deyil. Belə olan halda tələbin heç bir qanuni əsas olmadan Cavabdeh MMC- yə qarşı verilməsi anlaşılan deyildir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-də 16 % payçı olan Soytop Ademin Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən mənfəətdə payın müəyyən olunması, əmək haqqının və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Murat Doğan iddia tələbini qəbul etməmiş və iddiaya etirazında göstərilənlərə uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: -X8 Reyestrindən 19.11.2020-ci il tarixli çıxarışla müəyyən edilir ki, Cavabdeh MMCnin təsisçilərindən X6 – MMC-də 52%, Soytop Adem 16%, Soytop Kanber 16% və Doğan Murat 16% paya malikdir. -Cavabdeh MMC-nin Nizamnaməsinə əsasən müəyyən edilir ki, həmin Nizamnamənin 2.2-ci bəndinə görə cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir. X6 – 52 manat, 52 pay, 52% pul şəklində, Soytop Adem – 16 manat, 16 pay, 16% pul şəklində, Soytop Qanber - 16 manat, 16 pay, 16% pul şəklində, Doğan Murat - 16 manat, 16 pay, 16% pul şəklində. 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağının qərarı ilə bölüşdürülür. -X7 (sifarişçi) ilə Adem Soytop (icraçı) arasında bağlanmış “Restoran xidmətlərinin göstərilməsi haqqında müqaviləyə dair ilkin anlaşma”nın surətindən görünür ki, sifarişçi istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14/2 km. ünvanında yerləşən iaşə obyektində restoran xidmətlərinin göstərilməsini sifariş verir, icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada restoran xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin anlaşmanın 1-ci bəndinə əsasən iaşə obyektinin (Cavabdeh restoranı) işlədilməsi müqabilində icraçıya təmiz mənfəətin 25% xidmət haqqı olaraq ödənilir. Ödəniş hər ayın 10-da həyata keçirilir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. - 15.08.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Adem Soytop Cavabdeh MMC-nin direktoru vəzifəsində işləyir. Əmək müqaviləsinin müddəti 15.08.2020-ci il tarixdən 15.08.2021-ci il tarixədək, əmək haqqı isə 450 manat məbləğində müəyyən edilmişdir. -Cavabdeh MMC-nin ümumi təsisçi yığıncağının 06 noyabr 2020-ci il tarixli, 2 saylı qərarından görünür ki, Soytop Adem 06 noyabr 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilmiş, Murat Doğan 06 noyabr 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. -“Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” 24.11.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Soytop Ademle Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə 06.11.2020-ci il tarixdən xitam verilmişdir. -Cavabdeh MMC-nin Ümumi yığıncağın 27 aprel 2021-ci il tarixli iclas protokolundan görünür ki, Cavabdeh MMC-nin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılması, işçilərin əmək hüquqlarının qanunvericiliyə müvafiq təmin edilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Adem Soytop Cavabdeh Məhkəmə Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biri olmaqla cəmiyyətdə 16% paya sahibdir. Hazırda A.Soytop Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq cəmiyyətin əldə etdiyi xalis mənfəətdən onun payına düşən 45.000 manat, eləcə də hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi zərərə görə 5.000 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pulun tutulmasını tələb edir. İddianın xalis mənfəətdən payın ödənilməsi hissəsində mübasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 91.3-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək. Göstərilən qanunvericilik normalarından məzmunundan da göründüyü kimi məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edildiyindən məhkəmə yalnız ümumi yığıncağın qərarı ilə bölüşdürülməsi qərara alınmış mənfəətin iştirakçıya ödənilməsi barədə iddianı təmin etməkdə haqlıdır. Beləliklə, xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə MMC-nin ümumi yığıncağının qərarı mövcud olmadığı hazırkı halda iddiaçı A.Soytopun mənfəətin ödənilməsi tələbinə dair iddiasının məhkəmə tərəfindən təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. İddianın maddi zərərin əvəzi olaraq pulun tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 21.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, tələb edən şəxsə real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda tələb edən şəxsin hüquqlarının pozulması maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu kimi hallar müəyyən edilməlidir. Hazırkı halda isə iddiaçı A.Soytop maddi zərərin əvəzi olaraq pulun tutulması tələbinə dair iddia qaldırsa da, nə cavabdehin əməlləri nəticəsində qanunla qorunan hüquqlarının pozulmasını, nə ona maddi zərər dəyməsini, nə də vurulmuş maddi zərərin məbləğini sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, maddi zərərin əvəzi olaraq pulun ödənilməsi tələbinə dair hissədə iddia rədd edilməlidir. Mənəvi zərərin əvəzi olaraq pulun ödənilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, hazırkı işə baxılarkən məhkəmə tərəfindən iddiaçı A.Soytopun ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının və ya əmlak hüquqlarının pozulması, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halları müəyyən edilmədiyindən mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə də iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Soytop Ademin Cavabdeh MMC-yə qarşı mənfəətin, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar