Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1428/2022 17.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh X1rşı müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq geri götürülmüş 52923 manat (ƏDV daxil) dəyərində olan 5 (beş) ədəd pambığın zibilliyini ölçən aparatların qaytarılması və ya onların dəyərinin ödənilməsi, mediasiya və məhkəmə xərclərinin tam olaraq Cavabdeh X4ndan alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh X4 arasında 12 iyun 2017-ci il tarixli, 01/29 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cədvəl üzrə razılaşdırılmış malların alınması ilə birlikdə həmçinin cədvəldə qeyd olunmuş 12 (on iki) ədəd pambığın zibilliyini ölçən LKM-2 aparatının satıcı - Cavabdeh X4 tərəfindən 1 (bir) ədədinin qiyməti 8970 manat olmaqla, cəmi 107640 manat məbləğində aparatın İddiaçı MMC-yə satılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan alqı-satqı müqaviləsinın qarşılıqlı razılaşma əsasında tərtib edilməsinə və müqavilə şərtlərinin hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənməsinə baxmayaraq, Cavabdeh X4 tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca və vaxtında icra edilməmişdir. Həmin müqavilənin 5-ci maddəsinə əsasən müqavilədən irəli gələn, yaxud onunla əlaqədar meydana çıxan bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə aradan qaldırılır. Əgər tərəflər razılığa gələ bilməzlərsə, onda mübahisəyə aidiyyəti üzrə İqtisad Məhkəməsində baxılacaqdır. Həmin müqavilənin cavabdeh tərəfindən uzun müddət ərzində icra edilməməsi və debitor borcun yaranması ilə əlaqədar İddiaçı MMC tərəfindən Şivan Kommersiya Məhkəməsinə və Şivan İnzibati Məhkəməsinə 08.12.2021-ci il tarixli 01/56 №-li və 29.12.2021-ci il tarixli 01/67 №-li sorğu məktubları göndərilmişdir. Sorğuya cavab olaraq göstərilmişdir ki, həmin müqavilə ilə bağlı yaranmış mübahisəyə görə Cavabdeh X4 İddiaçı MMC-yə qarşı iki dəfə 2017-2018-ci illərdə 12 iyun 2017-ci il tarixli, 01/29 saylı müqavilənin alqı-satqı predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi və həmin mala münasibətdə müqavilədə valyuta növünə isə ABŞ dolları olaraq düzəliş edilməsi barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsınə müraciət etmişdir. Öz növbəsində Şivan İnzibati-İqtisadi məhkəməsinin hər iki - yəni 15.12.2017-ci il tarixli, 2-2(086)-581/2017 nömrəli və 13.04.2018-ci il tarixli, 2-2(086)- 116/2018 nömrəli qərardadlarına əsasən məlum olmuşdur ki, Cavabdeh X4 tərəfindən AR MPM-nin 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinə riayət etmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və iddia ərizəsi baxılmamış saxlanılmışdir. Beləliklə, həmin məhkəmə qərarlarına əsasən 12 iyun 2017-ci il tarixli, 01/29 saylı alqı-satqı müqaviləsinin əvvəlki şərtləri ilə hüquqi qüvvədə qalmasına baxmayaraq və İddiaçı MMC tərəfindən 12 (on iki) ədəd pambığın zibilliyini ölçən aparatın pulunun köçürmə yolu ilə satıcıya 19.06.2017-ci il tarixli 1298 №-li ödəmə tapşırığı ilə tam ödənilməsinə və həmin malların müəssisəyə daxil edilməsinə baxmayaraq, satıcı tərəfindən gətirilmiş 12 (on iki) ədəd pambığın zibilliyini ölçən aparatdan 5 ədədini özbaşına müəssisədən çıxararaq mühasibat sənədi sayılan 16.05.2018-ci il tarixli Seriya EAAJ 172489№-li elektron qaimədə (həmin qaimə etibarsız olduğundan iddiaçı tərəfindən qəbul edilməmişdir) ciddi qanun pozuntusuna yol vermişdir: 12 iyun 2017-ci il tarixli, 01/29 saylı alqı-satqı müqaviləsinin 2-ci bəndinə zidd olaraq 7 (yeddi) ədəd aparatın qiymətini özü tərəfindən birtərəfli qaydada dəyişərək 1 (bir) ədədinin qiymətini 8790 manat əvəzinə 15377,14 manat qeyd etmişdir. Beləliklə də, 5 ədəd aparat iddiaçıya hələ də təhvil verilməmişdir. Cavabdeh qeyd olunan alqı-satqı müqaviləsinin şərtlərini pozmaqda davam edir. Belə ki, həmin müqavilənin 3-cü maddəsinə əsasən ödəniş əvvəlcədən 100% satıcının hesabına köçürmə yolu ilə aparılacaqdır. Satıcı alıcıya aşağıdakı sənədləri təqdim edir: 1. Elektron qaimə; 2. Hesab Faktura. Həmin müqavilənin 4-cü maddəsinə əsasən satıcı müqavilə imzalandıqdan sonra nəzərdə tutulmuş malı 120 (yüz iyirmi) gün ərzində alıcıya təhvil verir. Ona görə də qanunla nəzərdə tutulmuş qaydada cavabdehə 26.02.2018-ci il və 14.05.2018-ci il tarixlərdə 01/1177 saylı pretenziyalar göndərilmişdir. Lakin qeyd edilən pretenziyalar bu günədək baxılmamış və cavablandırılmamış qalmışdır. Sonralar göndərilən pretenziyalar isə cavabdehin hüquqi və faktiki ünvanları qeyrimüəyyən olduğundan dəfələrlə geri qaytarılmışdır. AR MM-nin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Ona görə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İddiaçı MMC tərəfindən cavabdehə 19.01.2022-ci il tarixli 01/004 saylı mediasiya təklifi göndərilmişdir. Həmin təklifin cavabdehə çatdırılması haqqında xəbərnaməni Mediasiya təşkilatına təqdim etdikdən və cavabdehdən 01.02.2022-ci il tarixli rədd cavabı aldıqdan sonra Mediasiya təşkilatı tərəfindən İddiaçı MMC-yə mediasiya və məhkəmə xərclərinin ödənilməsi və ilkin mediasiya sessiyasında iştirak edilməsi barəsində 14.02.2022-ci il tarixli MŞB/5- 00404/22№-li arayış verilmiş və borc tələbinin məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə bu məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh İKF arasında 12 ədəd pambığın zibilliyini ölçən aparatın alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilə öhdəliyi üzrə 7 ədəd pambığın zibilliyini ölçən aparat iddiaçıya təhvil verilmişdir. Lakin 5 ədəd pambığın zibilliyini ölçən aparat alıcıya verilməmişdir. 5 ədəd malın verilməməsinin səbəbi o olmuşdur ki, müqavilə imzalanarkən valyuta səhvən ABŞ dolları əvəzinə Azərbaycan manatı kimi qeyd edilmişdir. Müqaviləyə dəyişiklik edilməsi üçün 2017-ci ildə Şirvan İnzibati-İqtisad məhkəməsinə CavabdehİKF tərəfindən müraciət edilərək “12.06.2017-ci il tarixli, 01/29 nömrəli müqavilənin predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi və həmin mala münasibətdə müqavilədə valyuta növünə düzəliş edilməsi barədə” qətnamə çıxarılması xahiş edilmişdir. Yuxarıda qeyd edilən məhkəmə işi üzrə tərəflər arasında daha sonra şifahi razılıq əldə edilmiş və 5 ədəd pambığın zibilliyini ölçən aparatın satıcıdan tələb edilməyəcəyi barədə şifahı razılıq əldə edilmişdir. Bu səbəbdən iddia ərizəsi Şirvan İnzibati-İqtisadi məhkəməsi tərəfindən geri qaytarıldıqdan sonra cavabdeh tərəfindən təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Daha sonra İddiaçı MMC-də həmçinin müqavilənin tam icrası ilə bağlı məsələ qaldırılmış və əvvəllər aralarında şifahi razılıq əldə edilməsini nəzərə alaraq təkrar məhkəməyə müqaviləyə dəyişiklik edilməsi üçün müraciət etmədiyini və bundan əlavə iddia müddətinin keçməsi ilə bağlı müqavilənin icrasından imtina etdiklərini bildirmişlər. İddiaçı hüquqi şəxs müqavilə üzrə tələb etmə müddətinin bitdiyini bildiyi üçün iddia tələbini “geri alınmış 5 ədəd pambığın zibilliyini ölçən aparatın geri qaytarılması” formasında tərtib etməklə iddia müddətinin tətbiqi məsələsindən yan keçməyə çalışmışdır. Halbuki geri götürüldüyü iddia edilən 5 ədəd aparat ümumiyyətlə heç vaxt alıcıya verilməmişdir. Həmin aparatların dəyəri baha olduğu üçün müqavilənin tam icrası rəhbəri olduğu müəssisəyə maddi baxımdan sərfəli deyildi. Məhz bu səbəbdən zamanında, yəni 2017-ci ildə cavabdeh tərəfindən İddiaçı MMC-yə qarşı “müqavilənin predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi və həmin mala münasibətdə müqavilədə valyuta növünə düzəliş edilməsi barədə” iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisad məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Belə ki, İddiaçı MMC ilə Elvin” İKF arasında bağlanılmış 12.06.2017-ci il tarixli, 01/29 nömrəli müqavilənin 4-cü bəndində malların müqavilə imzalandıqdan 120 gün müddətində alıcıya göndəriləcəyi, 6-cı bəndində isə müqavilənin icrası müddətinin 15.11.2017-ci ilədək olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin, o cümlədən Konstitusiya Məhkəməsinin Plenumunun qərarından da göründüyü kimi, tərəflər arasında bağlanmış 12.06.2017-ci il tarixli müddətli müqavilə üzrə öhdəliklərin icrası tələbi üzrə iddia müddəti keçdiyinə görə iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı tərəfindən etirazla bağlı verdiyi ərizə onunla əsaslandırılmışdır ki, bu gün qüvvədə olan AR MM-nin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Belə olan halda iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Bildirilir ki, ümümiyyətlə müqavilə üzrə qabaqcadan ödənilmiş və çatdırılması nəzərdə tutulmuş 5 ədəd pambığın zibilliyini ölçən LKM-2 aparatı alıcının ünvanına göndərilməmişdir. Cavabdeh öz tərəfindən qanunsuz hərəkətlərə yol verilməsini etiraf edərək, etiraz ərizəsində rəsmi qaydada bildirmişdir ki, “5 ədəd aparatın verilməməsinin səbəbi o olmuşdur ki, müqavilə imzalanarkən valyuta səhvən ABŞ dolları əvəzinə Azərbaycan manatı kimi qeyd edilmişdir”. Beləliklə, aydın olur ki, müqavilə ətrafında yaranmış mübahisəyə görə cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia baxılmadan geri qaytarıldıqdan sonra cavabdeh qanunla qadağan olunan ciddi qanun pozuntusuna yol vermişdir, yəni müqavilə bağlandıqdan və qabaqcadan ödəniş aparıldıqdan sonra birtərəfli qaydada qanunsuz olaraq valyuta növünü dəyişərək mühasibat sənədi sayılan 16.05.2018-ci il tarixli, EAAJ seriyalı, 172489№-li elektron qaimədə saxtalaşdırmaya yol verərək, göstərilən müqavilənin 2-ci bəndinə zidd olaraq 7 (yeddi) ədəd aparatın qiymətini özü tərəfindən birtərəfli qaydada dəyişərək 1 (bir) ədədinin qiymətini 8790 manat əvəzinə 15377,14 manat qeyd etmişdir. Bütün bunlar cavabdeh tərəfindən müqavilə öhdəliklərinin birtərəfli qaydada kobud şəkildə pozulmasını bir daha təsdiq edir. Belə olan halda, həmin müqavilə üzrə dəyəri qabaqcadan ödənilmiş 5 ədəd pambığın zibilliyini ölçən LKM-2 aparatı İddiaçı MMC-yə qaytarmalıdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş 28.03.2022-cil tarixli etiraz ərizəsini əsassız hesab edirlər. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsi və yuxarıda göstərilən ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili iddia müddətinin ötürüldüyünü bildirdi və həmin əsasla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarını dinləyib, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Satıcı qismində Cavabdeh X4 ilə alıcı qismində İddiaçı MMC arasında 12.06.2017ci il tarixli, 01/29 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı aşağıda göstərilən qiymətdə və miqdarda malları alıcıya satmağı, alıcı isə malın dəyərini köçürmə və yaxud nağd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qiyməti Azərbaycan manatı ilə müəyyən edilir və alıcının Şirvan şəhərindəki anbarı təhvil yeri hesab olunur. Eləcə də həmin müqavilənin 2-ci bəndində təhvil veriləcək 11 adda malların adı və qiymətləri qeyd olunmuş cədvəldən görünür ki, müqavilənin ümumi məbləği 344347,60 manat (291820 manat + 52527,60 manat ƏDV) müəyyən edilmişdir. Həmin məbləğə daxil olan 12 ədəd pambığın zibilliyini ölçən aparat LKM-2-nin qiyməti isə 107640 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən ödəniş əvvəlcədən 100% satıcının hesabına köçürmə yolu ilə aparılacaqdır. Satıcı alıcıya aşağıdakı sənədləri təqdim edir: 1. Elektron qaimə; 2. Hesab-faktura. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcı müqavilə imzalandıqdan sonra nəzərdə tutulmuş malı 120 (yüz iyirmi) gün ərzində alıcıya təhvil verir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilədən irəli gələn, yaxud onunla əlaqədar meydana çıxan bütün mübahisə və fikir ayrılıqları danışıq yolu ilə aradan qaldırılır. Əgər, tərəflər razılığa gələ bilməzlərsə, onda mübahisəyə aidiyyətı üzrə İqtisad Məhkəməsində baxılacaqdır. Həmin müqavilənin 6-cı bəndinə əsasən müqavilənin icra müddəti – 15.11.2017-ci il tarixədəkdir. - 16 iyun 2017-ci il tarixli, 1298 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh X2 AZ08AMRA******************** nömrəli hesabına 291820 (iki yüz doxsan bir min səkkiz yüz iyirmi) manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi isə “alınacaq avadanlıqlar və ehtiyat hissələrinin dəyəri üçün” qeyd edilmişdir. - 16 iyun 2017-ci il tarixli, 1299 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh X2 A Z4 8 CT R E**********0000014001 nömrəli hesabına 52527 (əlli iki min beş yüz iyirmi yeddi) manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi isə “ƏDV – alınacaq avadanlıqlar və ehtiyat hissələrinin dəyəri üçün” qeyd edilmişdir. - Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2-2(086)-581/2017 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh X4 cavabdeh “CTS-Agro" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “12.06.2017-ci il tarixli, 01/29 nömrəli müqavilənin alqısatqının predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi və həmin mala münasibətdə müqavilədə valyuta növünə isə ABŞ dolları olaraq düzəliş edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.2, 152.1.4 və 152.1.6-cı maddələrinin tələblərinə əsasən geri qaytarılmışdır. - Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2-2(086)-116/2018 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh X2 cavabdeh “CTS-Agro" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin manat hissəsində etibarsız hesab edilməsi və valyuta növünə isə ABŞ dolları olaraq düzəliş edilməsi” barədə iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanmışdır. - İddiaçı MMC tərəfindən Cavabdeh X3 ünvanlanmış pretenziya məktublarında qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən 12 (on iki) ədəd pambığın zibilliyini ölçən aparatın pulu köçürmə yolu ilə tam ödənilsə də, 5 (yeddi) ədəd pambığın zibilliyini ölçən aparat təhvil verilməmiş, eləcə də 12 (on iki) ədəd aparatın qaiməsi verilməmiş, 5 ədəd aparat İddiaçı MMC-yə təhvil verilməmişdir. Qeyd edilənlər nəzərə alınmaqla, 14 may 2018-ci il tarixədək mal təhvil verilmədiyi və ya borc tam şəkildə ödənilmədiyi təqdirdə təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh X4 arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq müqavilə üzrə ümumi məbləği qabaqcadan 2017-cı ilin iyun ayında ödəsə də, cavabdeh müqavilədə nəzərdə tutulan 12 ədəd pambığın zibilliyini ölçən aparatlardan qalan 5 (beş) ədədini iddiaçıya təhvil verməmişdir. Ona görə də iddiaçı cavabdehə qarşı həmin qalan 5 (beş) ədəd pambığın zibilliyini ölçən aparatın qaytarılması və ya dəyərinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malikdir və cavabdeh tərəfindən iddiaçının hüququ pozulmuşdur.. Lakin işin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh MMC hazırkı işə məhkəmədə baxılarkən iddia ərizəsinə etiraz təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və hazırkı iddiaya iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə tərəflər arasında 12.06.2017-ci il tarixli, 01/29 nömrəli alqı-satqı müqaviləsi üzrə satıcının müqavilə imzalandıqdan sonra nəzərdə tutulmuş malı 120 (yüz iyirmi) gün ərzində alıcıya təhvil verməli olduğunu və müqavilənin icra müddətinin 15.11.2017-ci il tarixədək müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı 2017-ci ildə, yəni iddia axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Eyni zamanda məhkəmə iddiaçını AR MM-nin 384.0.4-cü maddəsinə istinad etməkdə haqlı saymır. Belə ki, həmin maddə mülkiyyətçi və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərlə bağlıdır. Hazırkı halda isə iddiaçı mülkiyyətçi və ya digər sahib deyil, belə ki, qeyd olunan əmlakların hər hansı formada onun mülkiyyətinə və ya sahibliyinə verilməsi öz təsdiqini tapmamış, müqavilə üzrə mübahisəli aparatlar iddiaçıya ümumiyyətlə təhvil verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi: QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1428/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1428/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver