Məhkəmə qərarları › İş №e-2-2(113)-1428/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1428/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1428/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş inşaat materiallarının dəyəri olan 20399.98 manat əsas borc və 3672 manat ƏDV borcu və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz borcu məbləği 338 manat olmaqla, ümumilikdə 24409,98 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 dekabr 2023-cü il tarixli, AS-54 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə müəyyən olunmuş inşaat materialları satmağı, cavabdeh isə onları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Malların təhvil verilməsi xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixli elektron qaimələr ilə rəsmiləşdirilmişdir. Müqavilənin 3.4.1-ci bəndinə əsasən, alıcının əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi vardır. Cavabdeh xx.xx.2023-cü il tarixində 3535 manat vəsait, xx.xx.2024-cü il tarixində isə 10000 manat vəsait ödəmiş, bununla da xx.xx.2023-cü il tarixli qaimə üzrə borcun bir hissəsi silinmişdir. Buna baxmayaraq, təhvil verilmiş inşaat materiallarının dəyəri olan 24071,98 (iyirmi dörd min yetmiş bir manat doxsan səkkiz qəpik) manat vəsait (20399,98 manat əsas borc və 3672 manat ƏDV borcu olmaqla) bugünədək İddiaçı MMC-yə ödənilməmişdir. Bundan əlavə, alıcı tərəfindən öhdəliklərin vaxtında icra olunmamasına görə 338 manat faiz borcu hesablanmışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər faiz dərəcəsi ilə hesablanmış məbləğ – 1) xx.xx.2023-cü il tarixli hesab faktura üzrə əsas borcdan 13535 manat ödənilmişdir. Borcun bir hissəsinin son ödənildiyi tarix - xx.xx.2024- cü ildən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 104 manat (4171.3 x 2.5 : 100) (gecikdirilmiş müddət - 6 aya uyğun 2,5 faiz dərəcəsi, 4171,3 manat ödənilməmiş məbləğ) 2) xx.xx.2024-cü il tarixli hesab faktura üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 134 manat (7870.6 x 1.7 : 100) (gecikdirilmiş müddət - 4 aya uyğun 1,7 faiz dərəcəsi, 7870,6 manat ödənilməmiş məbləğ) 3) xx.xx.2024-cü il tarixli hesab faktura üzrə borcun qaytarılmalı olduğu tarixindən indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 100 manat (12030,08 x 0,83 : 100) (gecikdirilmiş müddət - 2 aya uyğun 0,83 faiz dərəcəsi, 12030,08 manat ödənilməmiş məbləğ) – təşkil edir. Belə olan halda, müqavilə üzrə inşaat materiallarının dəyəri olan, ödənilməmiş 24071,98 (iyirmi dörd min yetmiş bir manat, doxsan səkkiz qəpik) manat vəsait (20399,98 manat əsas borc və 3672 manat ƏDV borcu olmaqla) və 338 manat faiz borcu Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməlidir.

3. Cavabdeh məhkəməyə yazılı etiraz (mülahizə) təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslndırılmışdır ki, İddiaçı MMC tərəfindən təqdim edilən iddia ərizəsində göstərilən məbləğlər və sənədlər həqiqətə uyğun deyil. 15 dekabr 2023-cü il tarixli, AS-54 nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı müəyyən inşaat materiallarını təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən təqdim olunmuş mallar üzrə razılaşdırılmış məbləğ tam şəkildə ödənilmişdir. Lakin təqdim edilən elektron qaimələrin və digər sənədlərin təhlili göstərmişdir ki, bəzi qaimələr əsassız olaraq tərtib edilmiş, göstərilən mallar isə Cavabdeh MMC-yə faktiki olaraq təhvil verilməmişdir. İddia ərizəsində göstərilən və 11 iyul 2024 və 15 avqust 2024 tarixlərində tərtib edilmiş qaimələr təqdim olunmuş, lakin malların faktiki çatdırılması ilə bağlı hər hansı təhvil-təslim aktı mövcud deyil. Qeyd edilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarına əsasən, elektron qaimə-faktura yalnız uçot sənədi olub, malların və ya xidmətlərin faktiki təqdim edildiyini sübut edən sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçı yalnız elektron qaimələrə əsaslanaraq tələblərini irəli sürə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaların 3.10-cu bəndinə əsasən, elektron qaimə-fakturanın ləğv edilməsi yalnız onu göndərən şəxs tərəfindən həyata keçirilə bilər. Cavabdeh MMC isə elektron qaimələrin yalnız qəbul edəni olduğundan, onların ləğv edilməsi səlahiyyətində deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022ci il tarixli qərarında da göstərildiyi kimi, “elektron qaimə-fakturalar malların təqdim edilməsini və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir” və məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının yalnız elektron qaimələrə əsaslanaraq irəli sürdüyü tələblər hüquqi cəhətdən əsassızdır. Odur ki, təqdim olunan elektron qaimələrin etibarsız hesab edilməklə iddia rədd edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunan sübutların – xüsusilə təhvil-təslim aktlarının və qaimələrin – mötəbərliyi ciddi şəkildə mübahisəlidir. Aşağıdakı əsaslarla, iddiaçının təqdim etdiyi sənədlərin etibarlılığı şübhə altına alınmalıdır: İddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının etibarlılığı mübahisəlidir. Belə ki, həmin sənəddə xx.xx.2024-cü il tarixində direktor təyin edilmiş şəxsin adı xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında yer almışdır. Bu fakt açıq şəkildə göstərir ki, sözügedən təhvil-təslim aktı ya sonradan tərtib edilib, ya da üzərində dəyişikliklər aparılıb. Təyinat tarixindən əvvəl həmin şəxsin bu cür sənədə imza atması və ya sənəddə qeyd edilməsi mümkün deyil. Bu hal, təqdim edilən sübutların etibarsız olması ehtimalını gücləndirir. Bundan əlavə, iddiaçı cavabdehlə heç bir hüquqi əlaqəsi olmayan və xx.xx.2023-cü il tarixindən əvvəlki dövrə aid olan qaimələr təqdim etmişdir. Xüsusilə, iddiaçının dövlət qeydiyyatına alınmadığı (dövlət qeydiyyatına alınma tarixi: xx.xx.2023) tarixlərə ((xx.xx.2023-9 ədəd (26905, 31798, 26901, 31800, 26913, 26912, 26909, 26902, 26908); xx.xx.2023-2 ədəd (209187, 209188); xx.xx.2023-1 ədəd (300725)) aid olan bu qaimələrin məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi mümkün deyil. Hüquqi varlığı olmayan bir şirkətin həmin dövrə aid hər hansı qaimə tərtib etməsi mümkün deyil və bu, sənədlərin saxtalaşdırılması ehtimalını gündəmə gətirir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, məhkəməyə təqdim olunan sübutlar yalnız hüquqi cəhətdən mötəbər və obyektiv olduqda qəbul edilə bilər. Qeyd olunan hallar sübutların həqiqiliyi ilə bağlı ciddi şübhələr yaradır və onların hüquqi qüvvəsini şübhə altına alır. Nəticə etibarilə, iddiaçının irəli sürdüyü tələblərinin əsasını təşkil edən sübutlar etibarsız və mübahisəlidir. Təqdim olunan sənədlərin hüquqi qüvvəsi olmadığından iddianın rədd edilməsi zəruridir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdehə bir neçə partiya mal verilmiş, malın təhvili elektron qaimələr və əl qaimələri adlandırılan sənədlər ilə rəsmiləşdirilmişdir. Malın sifarişi telefon vasitəsilə şifahi olaraq edilmiş, cavabdehin ünvanına iddiaçı tərəfindən çatdırılmışdır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdehə yalnız bir partiya mal verilmiş, həmin malla bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə elektron qaimə göndərilmiş, lakin həmin qaimədə məbləğ tərəflərin razılaşdıqları qiymətdən yuxarı göstərilmiş, bu səbəbdən həmin qaimə üzrə tərəflərindən az ödəniş edilmiş, həmin qaimə üzrə qalıq borcları qalmamışdır. Həmin qaimədə göstərilən maldan savayı onlara hər hansı mal verilməmiş, ümumiyyətlə digər iki qaimə üzrə cavabdehin iddiaçıya həmin həcmdə sifarişi olmamış, həmin mallar onlara verilməmiş, cavabdehin həmin mallara ehtiyacı belə olmamışdır. Tərəflər arasında yazılı müqavilə, hər hansı təhvil aktı olmamışdır. İddiaçının təqdim etdiyi əl qaimələrinin onlara hər hansı aidiyyəti yoxdur, təhvil aktlarını imza edən iddiaçının direktoru isə həmin aktlar imzalan tarixdə ümumiyyətlə qanuni təmsilçi olmamış, bu da həmin sənədlərin sonradan saxtalaşdırılaraq arxa tarixə tərtib edildiyini göstərir. Əl qaimələrinin bir qismi isə ümumiyyətlə iddiaçı MMC təsis edilməmişdən əvvəlki tarixə aiddir. Bu səbəbdən iddia əsassızdır. Cavabdeh MMC-nin mühasibi olmadığı üçün elektron qaimələri vaxtında geri qaytarmaq imkanı olmamış, qaimələr sistem tərəfindən təsdiq edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2408 10870393 nömrəli 12030,0764 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10776744 nömrəli 7870,6 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 201460 nömrəli 20142,60 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.

9. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 3535 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 10000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli EBDV 201460 nömrəli qaimə üzrə ödənilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli EBDV 201460 nömrəli qaimə üzrə xx.xx.2023-cü il tarixdə 636,30 manat, 1800 manat ƏDV ödənilmişdir.

11. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

12. Belə ki, iddiaçı cavabdehə ümumilikdə 40043,27 manat məbləğində malın (tikinti materialları) təhvil verildiyini, lakin qalıq 24071,98 manat borcun ödənilmədiyini iddia edir.

13. Cavabdeh iddiaya etiraz edərək iddiaçı tərəfindən ona ümumi dəyəri 15971,30 manat məbləğində malın verildiyini bildirir.

14. Belə ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi, müqavilənin həmin tarixli əlavəsi, üç ədəd təhvil aktı və üç ədəd elektron qaimə əlavə edilmişdir.

15. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi, müqavilənin həmin tarixli əlavəsi, üç ədəd təhvil aktını hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.

16. Belə ki, təqdim edilmiş həmin sənədlər birtərəfli qaydada iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən təsdiq edilməmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasındakı izahatında tərəflər arasında yazılı müqavilənin olmadığını, hər hansı ikitərəfli aktın tərtib edilmədiyini bildirmişdir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı ilk olaraq xx.xx.2023-cü il tarixli elektron qaimə təqdim edilmiş, həmin qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 13535 manat əsas, 2436,30 manat ƏDV ödənilmişdir.

18. Cavabdeh həmin qaimə üzrə qalıq borcun ödənilməməsinin səbəbini qaimədə malların dəyərinin razılaşdırılmış qiymətdən yuxarı göstərilməsi ilə izah etsə də, məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

19. Belə ki, həmin qaiməyə cavabdeh tərəfindən hər hansı irad bildirilməmiş, habelə qaiməyə düzəliş edilməsi, qaimədə yanlışlıqla bağlı iddiaçıya pretenziya verildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödənilməmiş 3535 manat əsas, 636,30 manat ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Bundan əlavə, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələr əlavə edilmişdir.

27. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin elektron qaimələr alqı-satqı müqaviləsi üzrə malın alıcıya verilməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz.

28. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

29. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

30. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların (19900,67 manat məbləğində sifarişin olmasını təsdiq edən sənəd, təhvil-təslim aktı və sairə) təqdim edilməsi iddiaçıya təklif edilsə də, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 malın təhvil verilməsini təsdiq edə biləcək digər sübut təqdim edə bilməyəcəyini göstərmişdir.

31. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş çoxsaylı qaimə-fakturaları da mötəbər sübut kimi qəbul etmir.

32. Həmin sənədlərdən malın ümumiyyətlə kimə təhvil verildiyi, hansı ünvana təhvil verildiyi, sənədləri imza etmiş şəxslərin hansı vəzifəni icra etməsi, kim olmasını müəyyən etmək mümkün deyildir.

33. Bundan əlavə, iddiaçı məhkəməyə ümumiyyətlə malların kim tərəfindən, hansı qaydada sifariş verildiyini, malların hansı qaydada hansı ünvana çatdırıldığı, malların konkret olaraq hansı ünvana təhvil verildiyi, malların təhvil verildiyi şəxslərin məhz cavabdehin səlahiyyətli nümayəndələri olmasının necə müəyyən edildiyi suallarına iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ağlabatan şəkildə cavab verə bilməmiş, sifarişlərin telefon vasitəsilə verildiyini bildirsə də, həmin nömrələr barədə məlumatları məhkəməyə təqdim edə bilməmişdir.

34. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimələr üzrə borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə göstərilən qaimələr üzrə malların cavabdehə təhvil verilməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia həmin qaimələr üzrə borcun tutulması hissədə təmin edilməməlidir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 4171,30 manat məbləğində əsas borc (ƏDV daxil olmaqla) tutularaq iddiaçıya ödənilməlidir.

36. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 338 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

40. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

41. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

42. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

43. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

45. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin yalnız qalıq 4171,30 borcunun ödənilməsi ilə bağlı öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır, 4171,30 borcunun ödənilməsinin gecikdirilməsi ilə bağlı 104 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 104 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı qismən təmin edilsin. Cavabdeh MMC-dən 3535 manat əsas, 636,30 manat ƏDV borcu, 104 manat faiz borcu, 60 manat dövlət rüsumu, ümumilikdə 4335,30 (dörd min üç yüz otuz beş manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 104 (bir yüz dörd) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar