Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1429/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, tərcüməçi X1, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏDV daxil olmaqla 7000 manat məbləğində əsas borc, 440,85 manat məbləğində faiz, 100 manat məbləğində hüquqi xilmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 18 aprel 2019-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müxtəlif adda yeyinti mallarını Cavabdehyə satmağı, sonuncu isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Satılmış mallara görə müvafiq elektron qaimə və elektron vergi hesab-fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin 2019-cu ildə cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron vergi hesab-fakturalarının təqdim edilməsindən 1 ildən də artıq vaxt keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında malların təhvil – təslimi ilə bağlı akt tərtib olunmamış, elektron sistemdə qeydlər aparılaraq elektron qaimələr göndərilmişdir. Bundan başqa borcun mövcud olmasını dəftərdə Cavabdeh tərəfindən aparılmış qeydlər də təsdiq edir. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, 7000 manat məbləğində mallar ona təhvil verilməmişdir. Ona məxsus olan mağaza kiçik olduğuna görə həmin məbləğdə malların orada saxlanması da mümkün deyildir. O, maaların pulunu İddiaçı MMC-yə nağd formada ödəsə də, ona pulun ödənilməsi ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. İş materiallarında olan: - 18 aprel 2019-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalara və dövri şəkildə verilən sifarişlərə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı Cavabdeh təhvil verməyi, sonuncu isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - 24 sentyabr 2019-cu il tarixli, EBAA 259612 №-li elektron qaiməyə əsasən 1062,75 manat, 31 oktyabr 2019-cu il tarixli, EBAB 910023 №-li elektron qaiməyə əsasən 390,17 manat, 29 noyabr 2019-cu il tarixli, EBAD 182410 №-li elektron qaiməyə əsasən 968,85 manat, 29 noyabr 2019-cu il tarixli, EBAD 181414 №-li elektron qaiməyə əsasən 992,34 manat, 02 dekabr 2019-cu il tarixli, EBAD 266590 №-li elektron qaiməyə əsasən 6638,18 manat məbləğində malların dəyərinin ödənilməli olduğu qeyd edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Hazırkı mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlmişdir. İddiaçı satılmış müxtəlif adda yeyinti mallarının dəyərinin ödənilməməsinə görə 7000 manat məbləğində əsas borc, 440,85 manat məbləğində faiz borcu təşkil etməsini irəli sürür. Cavabdeh borcun olmasını inkar edir. Göründüyü kimi, iddiaçı müqaviləsi üzrə satılmış malların ödənilməmiş dəyərini tələb etdiyindən, cavabdeh isə müqavilə üzrə müxtəlif adda yeyinti mallarının təhvil verilməməsini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında alqı-satqı müqaviləsi üzrə müxtəlif adda yeyinti mallarının təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə (sinallaqma) əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təslim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb MM-in 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. - 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəflər arasında bağlanmış müqavilənin: - 2.4-cü bəndində qeyd olunmuşdur ki, “Malların alqı – satqısı alıcının sifarişi əsasında malın adı, kəmiyyəti, çeşidi və qiyməti göstərilən, tərəflərin hər birinin təsdiqlədiyi və imzaladığı qaimə – fakturası ilə müəyyən olunur.” - 4.2.5-ci bəndində qeyd olunmuşdur ki, malın keyfiyyət, çeşid və miqdarını yoxlamaq, nöqsan olmadığı halda təhvil aldığını təsdiq edən qaimə – faktura və hesab – fakturanı imzalamaq alıcının öhdəliyidir. Lakin iddiaçı tərəfindən məhkəməyə tələb olunan məbləğdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələr və elektron vergi – hesab fakturalarıdır. Məhkəmə hesab edir ki, elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər malın təhvil verilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, 2.4-cü bəndin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamış və elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində də əksini tapmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddianın predmeti olan 7000 manat məbləğində malın cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən iddia rədd olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1429/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1429/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver