Məhkəmə qərarları › İş №e-2-2(113)-1432/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1432/2023

27.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1432/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçinin iştirakı olmadan, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1927,39 manat, İşsizlikdən sığorta fonduna olan 86,39 manat, İcbari Tibbi Sığorta Fonduna olan 305,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxx 1955-ci il, doğulduğu yer - Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1927,39 manat, İşsizlikdən sığorta fonduna 86,39 manat, İcbari Tibbi Sığorta Fonduna 305,32 manat olmaqla, ümumilikdə 2319,1 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********699900, xx.xx.2022-ci il tarixli **********698200, xx.xx.2022ci il tarixli **********700000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Maraqlı şəxs, icra orqanının rəhbəri olduğu hüquqi şəxsin dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcunun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi və borcu 2-3 günə ödəyəcəklərini bildirdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, vergiyə borcları olanda hesablarına pul köçürən kimi vergi orqanı dərhəl həmin borc məbləğini hesabdan silir. Ərizənin verilməsinə əsas olan 2319 manat borcun ödənilməsi üçün, tərəflərindən xx.xx.2023-cü il tarixində 2320 manat pul köçürülüb və vergi orqanı həmin məbləği dərhal çıxıb. Beləliklə, borc məbləğinin onlar tərəfindən tam şəkildə ödənildiyini nəzərə alaraq, hazırki ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, əsas fəaliyyət növü yem bitkiləri və onların toxumlarının becərilməsi olan "xxxx" MMC-nin rəhbəri (qanuni təmsilçisi) Maraqlı şəxsdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin öhdəliklərin idarə edilməsi baş idarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli **********4 saylı bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 220,99 manat, faizlər üzrə 74,82 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********7 nömrəli bildirişə əsasən işsizlikdən sığorta haqqı üzrə 67,96 manat, faizlər üzrə 15,51 manat məbləğində və həmin tarixli **********5 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1.698,88 manat, faizlər üzrə 155,45 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin hesabına 2320 manat məbləğində pul vəsaiti ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1927,39 manat, İşsizlikdən sığorta fonduna olan 86,39 manat, İcbari Tibbi Sığorta Fonduna olan 305,32 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan 1927,39 manat, İşsizlikdən sığorta fonduna olan 86,39 manat, İcbari Tibbi Sığorta Fonduna olan 305,32 manat məbləğində olan borcunu ödəməklə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə müraciət etdikdən sonra məcburi sosial sığorta haqları, icbari sığorta haqları və işsizlikdən sığorta fondu üzrə öhdəliklərini icra etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. İşin hallarından, həmçinin maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş qəbzin surətindən görünür ki, məhkəməyə ərizə verilməsi üçün əsas olmuş 2319,1 manat borc məbləği tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizədə göstərilən Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclar vergi ödəyicisi olan "xxxx" MMC tərəfindən tam şəkildə ödənildiyindən onun icra orqanın rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar