Məhkəmə qərarları › İş №e-2-2(113)-1435/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1435/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1435/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.633,00 manat əsas borc, 756.04 manat cərimə borcu və ödənilmiş dövlət rüsumununəvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsibarədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1054-GL nömrəli və xx.xx.2019-cu il tarixli 319-GL/19 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 5.633.00 (beş min altı yüz otuz üç) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 756.04 (yeddi yüz əlli altı manat 04 qəpik) manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə AR MPM-nin 284-1-ci maddəsinə əsasən işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilsə də, sonuncu iddia tələblərinə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki işdə olan İddiaçı açıq səhmdar cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 1054-GL/18 nömrəli müqavilədən görünür ki, lizinq alan Cavabdeh dəyəri 4.447,8 manat olan, Kotan 5 gövdəli asma (təkərli) SP 145 markalı, dəyəri 51.269,60 manat olan Traktor Belarus-1211 markalı, dəyəri 2.709,20 manat olan otbiçən rotorlu 165 sm Karataş ROB-165 markalı, dəyəri 12.240,40 manat olan diskli mala (ağır) 24-hidravlik Can-D.M.A.T-24 markalı, dəyəri 8.601 manat olan taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı, dəyəri 9.611,55 manat olan Frez bağarası YDH 210 markalı və dəyəri 10.253,28 manat olan çiləyici ventilyatorlu qoşulan Karataş T-2000 markalı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi barədə tərəflər öz aralarında razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 312-GL/19 nömrəli müqavilədən görünür ki, lizinq alan Cavabdeh dəyəri 1.100 manat olan, ot dırmığlı 4-lü Karataş OD-4 markalı və dəyəri 40.200 manat olan Traktor Belarus-892 markalı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi barədə tərəflər öz aralarında razılığa gəlmişlər. İşdə olan maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2018-ci il tarixli, 1054-GL/18 nömrəli və xx.xx.2019-cu il tarixli, 312-GL/19 nömrəli müqavilələr üzrə cəmi məbləğ 58.931 manat, qrafik üzrə ödəniş 10.447 manat, güzəşt məbləği 62.603,60 manat olmaqla, lizinq alanın hazırki borcu 5.633,00 manat, hesablanmış cərimə 756,04 manat, cəmi 6.389,04 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərflər aralarında lizinq müqavilələrindən irəli gələn öhdəliklərdən hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilələr üzrə lizinq ödənişlərini vaxtında ödəməməklə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Hazırda İddiaçı ASC göstərilən lizinq müqavilələri üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh5.633 manat məbləğində əsas borc, 756,04 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, 5.633 manat məbləğində əsas borc, 756,04 manat cərimə borcu və və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 6.419 (altı min dörd yüz on doqquz) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar