Məhkəmə qərarları › İş №e-2-2(113)-1436/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1436/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1436/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı2, İddiaçı1 İsmayiloviçin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 İsmayiloviçin və İddiaçı2 cavabdeh "Azsığorta" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən İddiaçı1 xeyrinə 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə 56 856 (əlli altı min səkkiz yüz əlli altı) manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehə qarşı cavabdehdən İddiaçı1 xeyrinə 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə 56 856 (əlli altı min səkkiz yüz əlli altı) manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kiçik biznes fəaliyyəti ilə məşğul olan İddiaçı1lə cavabdeh arasında xx.xx.2011-ci il tarixli sığorta vasitəçiliyi haqqında xidmət (tapşırıq) müqaviləsi, bu müqavilə üzrə 11 və 14.70 faiz komisyon mükafatların (haqların) verilməsi barədə müqaviləyə əlavə bağlanılmışdır. Hal-hazırda bu müqavilə və əlavəsi qüvvədədir. Sığorta vasitəçisi (iddiaçı) qanunla qorunan mənafelərinin pozulubpozulmamasını yoxlamaq məqsədilə dəfələrlə sığorta şirkətinə müvafiq sorğular vermişdir. Lakin sığorta şirkəti sorğulara cavab verməmişdir. Bundan sonra sığorta vasitəçisi (iddiaçı) tərəfindən Azərbaycan Respublikası Maliyyə X2 sorğu verilmiş və xx.xx.2019-cu il tarixli, ********** saylı cavab məktubundan qanunla qorunan mənafelərinin və hüquqlarının pozulmasını müəyyən etmişdir. Belə ki, sığorta vasitəçisi İddiaçı1 xx.xx.2011-ci il tarixindən bu günə kimi icbari qaydada daşınmaz əmlak üzrə bağladığı sığorta müqavilələrinin sayı 2668 ədəd, topladığı sığorta haqlarının məbləği ******* manat, sığorta şirkəti tərəfindən ödənilmiş komisyon muzdun (haqların) məbləği isə 94697 manat olmuşdur. Aparılan hesablamalardan belə hasil olunur ki, ******* manat sığorta haqqının müqavilə şərtləri üzrə 11 faiz komisyon muzdu 181553 manat təşkil edir. Lakin sığorta şirkəti tərəfindən bu məbləğin yalnız 94697 manatı ödənilmişdir. Bununla da sığorta şirkəti (cavabdeh) 86856 manat məbləğində komisyon muzdu və digər sığorta növləri üzrə komisyon muzdları sığorta vasitəçisi İddiaçı1 (iddiaçıya) ödəməmişdir. Göründüyü kimi, sığortaçı və onun rəhbər işçiləri üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, sığorta qanunvericiliyinin şərtlərini və bununla da sığorta vasitəçisinin (iddiaçının) hüquq və mənafelərini pozmuşlar. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı1 qeyd olunan ödəniş məbləğləri ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər iddiaçı, İddiaçı2 xeyrinə güzəşt etmişdir. Bu barədə cavabdehə bildiriş vermişdir. İddiaçı1 İsmayiloviçin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixində keçirilən məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, İddiaçı1 xx.xx.2011-ci il tarixindən cavabdehdə işləmiş və xx.xx.2016-cı il tarixində öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Həmçinin cavabdeh, İddiaçı1la xx.xx.2011-ci il tarixində Sığorta Vasitəçiliyi haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin qüvvədə olmasına baxmayaraq İddiaçı1 xx.xx.2016-cı ildə işdən azad edildikdən sonra Sığorta Vasitəçiliyi haqqında müqavilə ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, İddiaçı1 komisyon haqları tələb etmək hüququ varsa, yalnız xx.xx.2011-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan müddətə aiddir. Sığorta Vasitəçiliyi Xidməti haqqında xx.xx.2011-ci il tarixli, 059 saylı müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə ortaya çıxan bütün mübahisələr tərəflər arasında birbaşa danışıqlar yolu ilə həll edilir. Müqavilənin 9.1-ci bəndində deyilir ki, bu müqaviləyə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilmədikdə məhkəmə yolu ilə həll olunur. İş materiallarında olan sənədlərdən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1452/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh Mülki Məcəllənin 425-ci maddəsinin tələbini pozmaqla öhdəliklərin icrası zamanı vicdanlıİıq nümayiş etdirməmişdir. Qüvvədə olan müqavilə üzrə öhdəlikləri icra edərkən müqavilənin məqsədinə çatmağa maneçilik törədərək özündə olan sənəd və məlumatları sığorta agenti İddiaçı1 verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göründüyü kimi, cavabdeh bu günə kimi Sığorta Vasitəçiliyi Xidməti haqqında Müqavilə üzrə özündə olan müqavilə sayı, komisyon muzdun (haqqın) məbləği və digər sənədlər haqqında məlumatları İddiaçı1 vermir. Onun hüququnun pozulduğunu bilməsinə şarait yaratmır. Sığorta agenti (iddiaçı) İddiaçı1 hüququnun pozulmasını yalnız Maliyyə X1 xx.xx.2019-cu il tarilxi, ********** saylı məktubundan bilir. Bundan başqa Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Yəni hazırda qüvvədə olması işin mübahisəsiz halı kimi qəbul edilən Sığorta Vasitəçiliyi Xidməti haqqında xx.xx.2011-ci il tarixli, 059 saylı müqavilə üzrə cavabdeh öhdəliklərindən azad oluna bilməz. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddianlı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixindən cavabdeh, sığorta vasitəçiliyi haqqında müqavilə bağlamış, həmin müqaviləyə edilən əlavələrə əsasən cavabdeh tərəfindən ona 11 və 14.70 faiz komision haqqı ödənilməlidir. Lakin cavabdeh komission haqlarını ödəməmişdir. İddiaçı1 xx xxxx 2011-ci il tarixindən cavabdehin Filialların idarəedilməsi departamentinin sığorta nümayəndəsi vəzifəsində işləmiş və xx xxxx 2016-cı il tarixindən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin cavabdeh, İddiaçı1 ilə xx xxxxxx 2011-ci il tarixində Sığorta Vasitəçiliyi haqqında müqavilə bağlamış və həmin müqaviləyə qüvvədə olmasına baxmayaraq İddiaçı1 xx xxxx 2016-ci il tarixindən işdən azad edildikdən sonra Sığorta Vasitəçiliyi haqqında müqavilə ilə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə, İddiaçı1 komision haqları tələb etmək hüququ varsa, yalnız xx xxxxxx 2011-ci il tarixindən xx xxxx 2016-ci il tarixinədək olan müddət aiddir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, İddiaçı1 xx xxxx 2016-ci il tarixindən sonra qeyd edilən müqavilə üzrə hər hansı bir xidmət göstərmədiyi üçün həmin müqavilə ilə nəzərdə tutulan komision haqqı barədə iddia ərizəsi ilə xx xxxx 2019-cu il tarixinədək məhkəməyə müraciət etməlidir. Lakin İddiaçı1 isə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə xx xxxx 2020-ci il tarixində müraciət etmişdir. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 illik məhkəməyə müraciət müddətini ötürmüşdür. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. xx xxxxxx 2011-ci il tarixli 000513 saylı Lisenziyanın surətindən görünür ki, İddiaçı1 sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz xüsusi razılıq (lisenziya) verilmişdir. xx xxxxxx 2011-ci il tarixli 059/11 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” müqavilənin surətindən görünür ki, cavabdeh ilə İddiaçı1 arasında sığorta vasitəçiliyinə dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Maliyyə X1 xx xxxxxx 2019-cu il tarixli ********** saylı məktubundan görünür ki, sığorta vasitəçisi tərəfindən 2014-2019-cu illər üzrə Palataya təqdim edilən hesabatlarına əsasən daşınmaz əmlakın icbari sığortası üzrə bağlanan sığorta müqavilələrinin saylı 2668, hesablanmış sığorta haqları 1.650.475 manat, ödənilmiş komisyon muzdun ümumi məbləği cəmi 94697,39 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxxx 2020-ci il tarixli 23-00267- 2020 saylı məktubundan görünür ki, İddiaçı1 2014-2016-cı illər ərzindəki fəaliyyəti ilə bağlı “Sığorta Nəzarəti Sistemi” vasitəsilə nəzarət orqanına təqdim etdiyi məlumatlara əsasən daşınmaz əmlakın icbari sığortası üzrə 2668 ədəd sığorta müqaviləsi bağlanmış, 1.650.475 manat məbləğində sığorta haqları və 94697,39 manat məbləğində komisyon muzd, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2019 ədəd sığorta müqaviləsi bağlanmış, 264300 manat məbləğində sığorta haqları və 44450,17 manat məbləğində komisyon muzd hesablanmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş hesabdan çıxarışın surətindən görünür ki, cavabdeh tərəfindən İddiaçı1 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 72485,68 manat komisyon haqq ödənilmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş hesabdan çıxarışın surətindən görünür ki, cavabdeh tərəfindən İddiaçı1 xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 166276,62 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 25586,24 manat, ümumilikdə 191862,86 manat komisyon haqq ödənilmişdir. 5 ədəd ödəniş tapşırığının surətlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı1 18864,12 manat komissyon haqq ödənilmişdir. 9 ədəd kassa məxaric orderinin surətlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı1 ümumilikdə 56418,82 manat komission mükafat ödənilmişdir. Cavabdehin xx xxxxxxx 2020-ci il tarixli 1268 saylı məktubundan görünür ki, İddiaçı1 xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 166.276,62 manat, xx.xx.2016cı il tarixdən xx.xx.2016-cı il tarixədək 25.586,24 manat məbləğində komisyon muzd ödənilmişdir. Qeyd edilən müddət ərzində cəmi 191.862,86 manat komisyon muzd ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, İddiaçı2, İddiaçı1 İsmayiloviçin nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı1 sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz xx xxxxxx 2011-ci il tarixli 000513 saylı Lisenziya verilmişdir. Cavabdeh ilə İddiaçı1 arasında xx xxxxxx 2011-ci il tarixli 059/11 saylı “Sığorta vasitəçiliyi xidməti haqqında” müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən İddiaçı1 xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 166276,62 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 25586,24 manat, ümumilikdə 191862,86 manat komisyon haqq ödənilmişdir. İddiaçı1 2014-2016-cı illər ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 2668 ədəd sığorta müqaviləsi bağlamış, 1.650.475 manat məbləğində sığorta haqları və 94697,39 manat məbləğində komisyon muzd, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2019 ədəd sığorta müqaviləsi bağlamış, 264300 manat məbləğində sığorta haqları və 44450,17 manat məbləğində komisyon muzd hesablanmışdır. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı1 qeyd olunan ödəniş məbləğləri ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər iddiaçı, İddiaçı2 xeyrinə güzəşt etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı1 ilə cavabdeh arasında “Sığorta vasitəçiliyi xidməti haqqında” müqavilə bağlanmış və hazırki tələbin həmin müqavilədən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən bağlanmış müqaviləyə görə iddiaçıya sonuncu dəfə komisyon muzd xx.xx.2016-cı il tarixdə ödənilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. İddiaçılar tərəfindən müddətin axımının kəsilməsinə dair cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə xx xxx 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia, İddiaçı1 İsmayiloviçə aid hissədə rədd edilməlidir. İddia tələbinin İddiaçı2 aid hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin göstərilən hissəsi İddiaçı1 İsmayiloviçin cavabdehə qarşı tələbinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı2 aid hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 İsmayiloviçin və İddiaçı2 cavabdeh "Azsığorta" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən İddiaçı1 xeyrinə 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə 56 856 (əlli altı min səkkiz yüz əlli altı) manat məbləğində pul vəsaitinin tutulması barədə iddia rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı1 İsmayiloviçə və İddiaçı2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar