Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1438/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məhdud Cəmiyyəti Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc 5969.77 (beş min doqquz yüz altmış doqquz manat yetmiş yeddi qəpik) pul məbləğini, dəbbə pulu 1193.95 (bir min yüz doxsan üç manat doxsan beş qəpik), ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 7193.72 (yeddi min yüz doxsan üç manat yetmiş iki qəpik) manat həcmində pulun tutularaq İddiaçı MMC- yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair 02.03.2018-ci il tarixində 769/18M saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin 3.2 və 4.1-ci bəndlərinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə Alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin, Alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, (ƏDV daxil) malın dəyərini təşkil edən 7044.33 (yeddi min qırx dörd manat otuz üç qəpik) məbləğindən Cavabdeh MMC tərəfindən məbləğin ƏDV hissəsi 1074.56 (bir min yetmiş dörd manat əlli altı qəpik) məbləğində ödəniş edilmişdir, 5969.77 (beş min doqquz yüz altmış doqquz manat yetmiş yeddi qəpik) məbləğində əsas borc isə bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. Elektron qaimədən aydın olur ki, Satıcı tərəfindən Alıcıya, həqiqətən də, 7044.33 (yeddi min qırx dörd manat otuz üç qəpik) dəyərində müxtəlif adda və çeşiddə mallar satılmışdır. Vergi İdarəsindən verilmiş rəsmi çıxarışdan və İddiaçı MMC-nin borclar üzrə hesabatından da aydın olur ki, ödənişin sadəcə ƏDV hissəsi 1074.56 (bir min yetmiş dörd manat əlli altı qəpik) məbləği ƏDV depozit hesabına ödənilmişdir. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 769/18M saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 %-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 5969.77 (beş min doqquz yüz altmış doqquz manat yetmiş yeddi qəpik) təşkil edir, həmin məbləğin 20 (iyirmi) faizi 1193.95 (bir min yüz doxsan üç manat doxsan beş qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 5969.77+1193.95= 7163.72 (yeddi min yüz altmış üç manat yetmiş iki qəpik) təşkil edir. 03 dekabr 2020-ci il tarixində, 905 saylı məktubla müqavilə üzrə 5969.77 (beş min doqquz yüz altmış doqquz manat yetmiş yeddi qəpik) məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə bizim tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Məktub 1 aydan çoxdurki, cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. 02.03.2018-ci il tarixli, 769/18M saylı müqavilə müqavilənin 3.1.1 -ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan Öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş, cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında bağlanmış 02.03.2018-ci il tarixində 769/18M saylı alqı-satqı müqaviləsinə əsasən "Satıcı" "Alıcı"ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında "Mal" adlandırılacaq) satır, "Alıcı" isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini "SatıcT'ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1"nda öz əksini tapmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X2" ilə müəyyən edilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Malın "X2"nda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır. Həmin Müqavilənin 3.4.3-cü bəndinə əsasən Alıcı malı almamışdan və qəbul etməmişdən əvvəl onun keyfiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmalı, alacağı malı yoxlamalıdır. Malın yoxlanılması zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmamazlıqları və digər qüsurları aktlaşdıraraq bu barədə dərhal Satıcıya xəbər verməlidir. Belə bir akt olmazsa mal Alıcı tərəfindən bəyənilmiş, keyfiyyətə uyğun hesab edilmiş sayılır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Mal Alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığl ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə N° 1-də göstərilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. İş materiallarına əlavə edilmiş 03.07.2019-cu il tarixli Malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehdə ümumi dəyəri ƏDV daxil 7044,33 manat dəyərində malları təhvil vermiş cavabdeh həmin malları qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Borclar Üzrə hesabatdan görünür ki, Cavabdeh MMCnin iddiaçıya 5969,77 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 03.12.2020-ci il tarixli 905 nömrəli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən alınmış malların dəyərinin 10 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 02.03.2018-ci il tarixində 769/18M saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüququi formada ticarət predmeti olan malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş çeşiddə malları təhvil-qəbul aktları əsasında cavabdehə təhvil vermişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş nəticədə iddiaçıya 5969,77 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı qeyd olunan borcun ona ödnilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən, tərəflər arasında yaranmış qarşılıqlı öhdəliklərin 02.03.2018-ci il tarixində 769/18M saylı alqı-satqı müqaviləsi ilə razşılaşdırılmışdır. Qeyd olunan müqavilə üzrə tərəflərin öhdəlikləri tam olaraq müəyyən edilmişdir. Bu halda iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi qanunauyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyəri ilə tənzimlənir. Qeyd olunan malların təqdim edilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktı ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin 1193,95 manat dəbbə pulunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, əsas borca münasibətdə 1193,95 manat tələb olunan manat dəbbə pulunun tutlmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehdən əsas borc 5969.77 (beş min doqquz yüz altmış doqquz manat yetmiş yeddi qəpik) pul məbləğini, dəbbə pulu 1193.95 (bir min yüz doxsan üç manat doxsan beş qəpik), ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 7193.72 (yeddi min yüz doxsan üç manat yetmiş iki qəpik) manat həcmində pulun tutularaq İddiaçı MMC- yə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 5969.77 (beş min doqquz yüz altmış doqquz manat yetmiş yeddi qəpik) manat pul məbləği, 1193.95 (bir min yüz doxsan üç manat doxsan beş qəpik) manat dəbbə pulu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 7193.72 (yeddi min yüz doxsan üç manat yetmiş iki qəpik) manat həcmində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1438/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1438/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver