Məhkəmə qərarları › İş №e-2-2(113)-1438/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1438/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1438/2023 10.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 29 iyun 2022-ci il tarixli, 418-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 6480 manat borc, 400 manat dəbbə pulu, mediasiya sessiyasna ödənilmiş 100 manat cəmi 6980 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

1. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 29 iyun 2022-cu il tarixli, 418- İ/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə “Satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “Alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə “Alıcı”ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini “Alıcı” təmin etməlidir. Müqavilənin 4.1-ci bəndinə görə müqavilənin 2.1-ci bəndində nəzərə alınmaqla “Alıcı” tərəfindən mal(ların) faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə “Satıcı”-ya ödənildikdə, “Alıcı” müvəkkil banka verdiyi ödəniş tapşırığının müvəkkil bank tərəfindən təstiq olunmuş surətini təqdim edərək “Satıcı”-nı xəbərdar etmək “Alıcı”-nın vəzifəsidir. Müqavilənin 4.2.4-cü bəndinə görə “Alıcı” tərəfindən təhvil alınan mal(ların) dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi (qaiməfaktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 5.1.1-ci bəndinə görə tərəflər qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında həll olunur. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci, xx.xx.20221-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərdə elektron qaimələrdən görünür ki, Cavabdeh2 ilə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 6480 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı xx.xx.2023-ci il tarixdə Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyasının arayışı qəbul olunmuşdur. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna habelə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.

2. İddia ərizəsinin məzmununda iddianın hüquqi əsası kimi maddi hüquq normasına istinad olunmamışdır, yalnız Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 24.2, 26.1, 26.2 və 77.1-ci maddələri göstərilmişdir.

3. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdeh bir ildən artıqdır ki, müqavilə üzrə öhdəliklərinin icrası istiqamətində heç bir addım atmayıb. İddianın təmin edilməsini xahiş edir.

5. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 iddia tələbini qəbul edərək bildirdi ki, heqiqədən iddiaçı Şirkət ilə onun arasında alqı-satqı müqaviləsi bağlanılıb, satışfakturalarda göstərilən mallar ona verilib. Satış-fakturada təhvil aldı qrafasındakı imzalar onun olmasa da, həmin imzaları taniyir və qəbul edir. Sadəcə imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Gələcəkdə borc məbləği hissələrə bolünərsə ödəyə bilər.

6. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

A) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilibverilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

9. İddia ərizəsinə əlavə olunmuş - İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 iyun 2022-ci il tarixli, 418-İ/22 saylı müqaviləyə əsasən: 10.Həmin Müqavilənin 1.1. Bu müqaviləyə əsasən tərəflərin müqaviləni imzaladığı və təsdiq etdiyi andan etibarən satıcı rəsmi distributoru olduğu və özünün idxal etdiyi sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öhdəsinə götürür.

11. Həmin Müqavilənin 1.2. Bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir. 12.Həmin Müqavilənin 2.1. Bu müqavilənin 1.1-ci maddəsinə əsaslanaraq satıcı öz anbarından realizə edilməsi üçün alıcıya verdiyi məhsulların bir vahidinin qiymətini, ümumi dəyərini və həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV, faktura ilə müəyyən edir. Alıcı faktura təqdim olunan gündən etibarən, nağdsız qaydada 30 təqvim günü müddətində faktura üzrə göstərilən məbləğ satıcının xeyrinə ödənilməlidir. 13.Həmin Müqavilənin 3.2.1. Alıcı tərəfindən sifariş olunmuş malların satıcı tərəfindən təhvil verilməsi zamanı tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (qaimə-faktura) əsasında həyata keçiriləcək. 14.Həmin Müqavilənin 3.8. Mallar alıcıya təhvil verilən zaman satıcı tərəfindən tərtib olunmuş təhvil-təslim aktı alıcıya təqdim olunur. Təhvil-təslim aktı əsasında malların rəsmi qaiməsi alıcıya təqdim edilir. Malların qəbulu zamanı heç bir qüsur və ya çatışmazlıq aşkar edilməzsə, yuxarıda qeyd olunan sənədlər alıcı tərəfindən möhürlənib imzalanmalıdır. 15.Həmin Müqavilənin 4.2. Satıcı tərəfindən alıcınya realizə edilməsi üçün təhvil verilmiş malların tam dəyərini köçürmə üsulu ilə alıcı tərəfindən 30 təqvim gnü müddətində ödəməyi öhdəlik verir. 16.Həmin Müqavilənin 4.2.4. Alıcı tərəfindən təhvil alınan malların dəyərini bu müqabilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malların dəyərinin ödənilməmiş qalığının 0.2% həcmində peniya ödəyir. 17.Həmin Müqavilənin 4.2.5. Bu müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği qaimə-faktura üzrə alıcı tərəfindən təhvil alınmış malların ümumi məbləğində artıq olmamalıdır. 18.Həmin Müqavilənin 4.4.1. Satıcı qaimə-faktura əsasında təhvil verilmiş malların pulunun tam və vaxtında ödənilməsini alıcıdan tələb edə bilər. 19.İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 05 oktyabr 2022-ci il tarixli 0104- 3477 saylı satış fakturasına əsasən 5520 manat və 27 oktyabr 2022-ci il tarixli 0104-3612 saylı satış fakturasına əsasən 960 manat dəyərində malın İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilməsi və həmin tarixə X2 MMC-yə cəmi 6480 manat borcun olduğu müəyyən olunur. 20.İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 01 iyul 2022-ci il tarixli, EBBZ seriyalı, 273303 saylı elektron qaiməyə əsasən 2941,20 manat dəyərində mal,xx.xx.2022-ci il tarixli, 972904 saylı elektron-qaiməyə əsasən 2428,28 manat dəyərində mal, 05 oktyabr 2022-ci il tarixli, EBCG seriyalı 516214 saylı elektronqaiməyə əsasən 150,56 manat dəyərində mal və 27 oktyabr 2022-ci il tarixli EBCİ seriyalı, 024328 saylı elektron qaiməyə əsasən 960,02 manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmişdir. 21.Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir. 22.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 23.Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 6480 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini ödəməmişdir. 24.Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər. 25.Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 26.Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənişlər faktura təqdim olunan gündən sonra 30 təqvim günü müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur. 27.Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 28.Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 29.Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 30.Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 31.İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 6480 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 6480 manat əsas borc Cavabdeh2 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

a. Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun ödənilməsi tələbi ilə bağlı

b. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 400 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqqavilənin 2.1-ci bəndinə istinad etmişdir. c. Mülki Məcəllənin 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. d. Həmin Məcəllənin 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. e. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. f. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə cəmi 6480 manat məbləğində borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 29 iyun 2020-ci il tarixli 48-İ/22 saylı müqavilə üzrə cavabdehdən tutulacaq dəbbə pulu 150 manat məbləğində müəyyən edilməlidir.

g. Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

h. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. i. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-00031 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 03 fevral 2023-cü il tarixində saat 13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehə bildiriş vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. j. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. k. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2). l. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. m. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

32.Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 29 iyun 2020-ci il tarixli, 48-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən 6480 manat (altı min dörd yüz səksən manat) əsas borc məbləği, 150 (yüz əlli) manat dəbbə borcu və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti, cəmi 6730 (altı min yeddi yüz otuz) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar