Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1439/2020 21.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 6144 manat əsas borc, 1320,96 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1439/2020 nömrəli qərardadı ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş “İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 232-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli, 306-LD/18 nömrəli müqavilələrə əsasən lizinqə götürdüyü, güzəştli dəyəri 2496 manat olan damazlıq heyvanları üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu səbədən də onun iddiaçıya əsas borcu və eyni zamanda lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, borcunun olduğunu qəbul edir, lakin geçikdirilmiş müddət üzrə hesablanmış cərimə ilə razı deyil. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 232-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli, 306-LD/18 nömrəli lizinq müqavilələrinə əsasən güzəştli dəyəri 2496 manat olan damazlıq heyvanları üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmaqla və ilkin dəyərinə 50% güzəşt tətbiq edilməklə İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. xx xxxxx 2018-ci il tarixli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən Cavabdeh tərəfindən 2018-ci ilin 3-cü rübündən başlamaqla hər rüb üçün müvafiq olaraq 1423 manat ödəniş edilməli olduğu görünür. xx xxx 2018-ci il tarixli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən Cavabdeh tərəfindən 2018-ci ilin 2-ci rübündən başlamaqla hər rüb üçün müvafiq olaraq 118, daha sonra 113 manat ödəniş edilməli olduğu görünür. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə Holstin-Friz damazlıq heyvanı təhvil verilmiş və Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş cərimənin hesablanması qrafikindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 232-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 306-LD/18 nömrəli lizinq müqavilələri üzrə 2019-cu ilin sonuna gecikdirilmiş əsas borcu 6144 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 3xx.xx.2018-ci il tarixli 232-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 306-LD/18 nömrəli lizinq müqavilələri üzrə gecikdirilmiş əsas borcu 6144 manat və 1320,96 manat cərimə borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli, 232-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli, 306- LD/18 nömrəli lizinq müqavilələrinə əsasən güzəştli dəyəri 2496 manat olan damazlıq heyvanın lizinqə verilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən Holstin-Friz damazlıq heyvanı cavabdehə təhvil verilmiş və cavabdeh isə rüblər üzrə ödənişi tam ödəmədiyindən borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748- 11-ci maddə). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosail əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425,1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdehlizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətləri məhz onun təqsiri üzündən pozulması, xx.xx.2018-ci il tarixli 232-LD/18 nömrəli və xx.xx.2018-ci il tarixli 306- LD/18 nömrəli lizinq müqavilələri üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi işin mübahisəsiz halları olmaqla, həmin faktlar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh əsas borcu qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmış, iddiaçıya ödənilməmiş 6144 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə 1320,96 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6144 manat məbləğində əsas borc və 100 manat məbləğində cərimə İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissəsədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25,1 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 4,9 manat hissəsi iddiaçıının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6144 (altı min yüz qırx dörd) manat əsas borc, 100 (yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 25,1 manat (iyirmi beş manat on qəpik) olmaqla, cəmi 6269,1 manat (altı min iki yüz altmış doqquz manat on qəpik) tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 4,9 manat (dörd manat doxsan qəpik) hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1439/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1439/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver